Merkel hökuməti Rusiyaya “satılıb?” - ABŞ-da lobbi fəaliyyətinə dair kəşfiyyat sənədləri yayıldı

23-11-2019, 15:39   


“Şimal axını – 2” ətrafında vəziyyət qızışır. İndi Almaniyanın qaz kəmərinə dəstək kampaniyası Avropanın xüsusi xidmət orqanlarından birini də aktivləşdirib. Bu barədə “Bild” tabloidi məlumat verir. Qərbi Avropanın xüsusi xidmət orqanlarından birinin sənədi nəşrin əlinə keçib. 

Həmin sənəddə “Şimal axını – 2” ilə əlaqədar Almaniya hökumətinin ünvanına ciddi ittihamlar səslənib. İddialara əsasən, “Qazprom”un törəmə şirkəti “Almaniya hökumətini Vaşinqtonda lobbi fəaliyyəti ilə məşğul olmağa inandıra bilib”. Jurnalist Yulian Röpke sənədə istinadən yazır ki, “Nord Stream 2 AG” şirkəti kanslerin ofisi ilə yaxşı əlaqə qurub və “Şimal axını -2” ilə bağlı ABŞ-a qarşı Almaniya hökumətinin dəstəyini qazana bilib. Guya Angela Merkel sanksiyalara mane olmaq üçün şəxsən “Vaşinqtona adam göndərib ki, Konqresi mümkün tədbirləri təxirə salmağa razı sala bilsin”. 

Belə ki, dekabrın 31-dək qaz kəmərinin tikintisində iştirak edən müəssisələrə qarşı sanksiya tətbiq edilsə, layihə daha 5 il uzana bilər. Amerika cəza tədbirləri həyata keçirməsə, boru kəməri gələn il istismara tam hazır olacaq. Xüsusi xidmət orqanı tabloidə açıqlamasında qeyd edib ki, mövcud vəziyyətdə söhbət “ilkin mənbədən əldə edilmiş etibarlı informasiyadan” gedir. 

Aprel ayında “Bild” məlumat vermişdi ki, bu ilin mart ayında Almaniyanın Vaşinqtondakı səfiri Emili Haber Konqresin bir neçə üzvünə, o cümlədən Respublikaçılar partiyasının nüfuzlu senatorlarına məktub yazıb. 

Səfir məktubda ABŞ-ı Rusiyaya qarşı sanksiya siyasətini sərtləşdirməyə çağırıb. “Hazırda Konqresin energetika sahəsində Rusiyaya qarşı yeni sanksiya paketini nəzərdən keçirməsi bizi narahat edir”, - məktubda deyilir. 

Əldə edilən məlumata əsasən, o vaxtdan bəri Haber mövzu ilə bağlı Ticarət və Energetika Komitəsinin üzvü Eliot Engel (Eliot Engel) də daxil olmaqla Demokratlar Partiyası ilə çoxsaylı danışıqlar aparıb. Haber Engele bildirib ki, ABŞ-ın qaz layihəsinə qarşı sanksiyaları “transatlantik birliyə təhlükə kəsb edir”

Almaniyanın Xarici İşlər Nazirliyi səfirin amerikalı siyasətçi ilə görüşdüyünü təsdiqləyib. Digər görüşlər kimi bu danışıqlar da federal hökumətin “Şimal axını – 2” layihəsinə qarşı sanksiya istəyinə mənfi münasibətini bildirmək məqsədilə aparılıb. Məlum olub ki, Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer bugünün özündə də ABŞ rəsmilərinə mütəmadi olaraq məktub göndərir, istənilən yolla sanksiyaların həyata keçirilməsinin qarşısını almağa çalışır. Nəşr xüsusi xidmət orqanının ittihamları ilə bağlı həm nazirliyə, həm kanslerin ofisinə sorğu göndərib. Hər ikisi bildirib ki, hökumət və dövlət nümayəndələri ilə müxtəlif məsələlərlə bağlı qarşılıqlı fəaliyyət nazirliyin tapşırıqlarına daxildir. Beləliklə, federal hökumətin gözündə “Şimal axını -2” ilə bağlı arqumentlər və atılan addımlar tamamilə normal hesab edilir. 

Lakin digər Avropa ölkələri və Avropa Komissiyası başqa fikirdədir. Avropalı məmur “Bild”-ə açıqlamasında bildirib ki, mövcud halda Almaniya “Kremlin dəlillərindən” istifadə edir. (...) Onun sözlərinə görə, Almaniya hökuməti yumşaq şəkildə olsa da, Kremlin tərəfini tutur. “Əgər bu, normaldırsa, onda mən öz işimi ata bilərəm”, - deyə o əlavə edib.

(Tərcümə: Xpresse.net)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.