Türkiyə üçün Fətullahçı Terror Təşkilatı (FETÖ) təhlükəsi hələ də tam bitməyib.
Bunu ayrı-ayrı vaxtlarda Türkiyə güc strukturlarının apardığı əməliyyatlar zamanı saxlanılan FETÖ üzvlərinin sayı da göstərir. Hətta FETÖ lideri Fətullah Gülənin Türkiyədə növbəti dəfə çevrilişə cəhd edəcəyi də istisna olunmur. Bununla bağlı ötən il Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.
“FETÖ yenidən çevrilişə cəhd etmək istəyir. Həbs etdiklərimizin bəzilərinin bununla bağlı etirafları var. Hazırda bunların öz aralarındakı planlarını öyrənir, dəqiqləşdiririk. Yeni bir çevriliş, sui-qəsd planları var. Amma bunu həyata keçirmək üçün gücləri yoxdur, amma təhdid xarakterli hücrələri var”, - deyə nazir Soylu bildirib.
Soylunun bu açıqlamanı ötən il verib. Buna baxmayaraq, görünən odur ki, hələ də Türkiyə üçün FETÖ təhdidi bitməyib. Türkiyənin müdafiə naziri Hulusi Akar FETÖ terror təşkilatı ilə bağlı hesabat xarakterli çıxışında diqqətçəkən açıqlama verib.
Akar bildirib ki, 2016-cı il iyulun 15-dən etibarən Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 17 min 866 hərbçisi vəzifəsindən azad edilib. Onlardan 150-si general və admiraldır. Göründüyü kimi, rəqəmlər kifayət qədər böyükdür. Nəzərə alsaq ki, hələ də FETÖ üzvlərinə qarşı əməliyyatlar davam edir və demək mütəmadi olaraq istər dövlət qurumlarında, istərsə də, güc strukturlarına davamlı həbslər baş verir, bu rəqəmin daha da artacağı istisna deyil. Məhz bu məqama istinad edən ekspertlər hesab edir ki, Türkiyə üçün FETÖ təhlükəsi hələ də mövcuddur. Hulusi Akarın açıqlamasında səsləndirdiyi rəqəmlər isə təhlükənin miqyasının böyüklüyündən xəbər verir. Rəqəmlər kifayət qədər böyük göstəricisidir.
Maraqlıdır, FETÖ Türkiyə ordusunu necə ələ keçirib?
Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində FETÖ üzvlərinin güc strukturlarına necə yerləşdirildiyinin mexanizmini açıqlayıb. N.Miri bildirib ki, FETÖ şəbəkəsinin dövlət strukturlarına, xüsusilə də güc orqanlarına sızması məsələsi çox həssas və çevik mexanizm vasitəsilə həyata keçirilib:
“Bu da məhz qəbul imtahanlarını həyata keçirən komissiya tərəfindən aparılıb. İmtahanlardan əvvəl bütün sualların hazır cavabları FETÖ üzvü olan tələbələrə ötürülüb. Bunun nəticəsində illər boyu çox rahatlıqla həmin strukturlara və ali məktəblərə qəbullara bilavasitə FETÖ üzvləri nəzarət edib. Həssas olan bu mexanizm, xüsusilə də bütün bu proseduru həyata keçirən komissiyanın rəhbərliyini və idarəetməni ələ keçirəndən sonra artıq dövlət strukturlarına sızmaq ciddi problem olmayıb. Bu proses illərlə təkrar olunduğu üçün açıqlanan rəqəmlər təəccüblü görünmür. Düşünürəm ki, bu rəqəmlər də son deyil. Hesab edirəm ki, hələ də Türkiyənin güc orqanlarında və dövlət strukturlarında gizli fəaliyyət göstərən FETÖ üzvləri var. Çünki bu mexanizm illər boyu davam etdiyi üçün o insanları birbaşa ifşa etmək asan olmur. Ona görə də həm hərbi sahədə, həm də digər güc strukturlarında FETÖ üzvlərinin axtarışı, izlənməsi və ifşa olunması dayandırılmır. Bu davamlı prosesə çevrilib ki, zaman-zaman bu cür həbslərin də şahidi oluruq”.
Vilayət Muxtar
Cebhe.info