09:29
Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalov ailəsi ilə birgə ağır qəzaya düşüb.
Axar.az xəbər verir ki, qəza Bakının Qaradağ rayonu ərazisində baş verib. Məlumata görə, 60 AA 002 dövlət nömrə nişanlı “Hunday Tukson” markalı maşın yoldan çıxaraq aşıb.
Qəza nəticəsində R.Zeynalovun xanımı Əminə Zeynalova və sürücüsü Rövşən Cabbarov dünyasını dəyişib.
R.Zeynalov özü və oğlu isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Məlumatı Tovuz Rayon İcra Hakimiyyətindən də Axar.az-a təsdiqləyiblər.
FHN-nin yaydığı məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
Səhiyyə Nazirliyi də Ələt yolunda baş vermiş ağır yol nəqliyyat hadisəsi barədə məlumat yayıb. Nazirlikdən bildirilib ki, hadisə ilə bağlı məlumat təcili yardıma saat 1:57-də daxil olub. Hadisə yerinə gələn həkim briqadasının verdiyi məlumata görə, iki nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. İki kişi isə ağır vəziyyətdə KTM-ə çatdırılıb.
Hazırda KTM-in reanimasiya şöbəsində müalicələri davam edir.
***
Tovuz rayonundan verilən məlumata görə, R.Zeynalov xanımının onsuz dəfn edilməməsini istəyib və səhhəti o qədər də yaxşı olmasa da, rayona yola düşüb.
KTM-dən Axar.az-a bildirilib ki, hər iki şəxs – həm R.Zeynalov, həm də oğlu evə buraxılıblar.
***
Tovuz Rayon İcra Hakimiyyətindən Axar.az-a bildirilib ki, Əminə Zeynalova Əsrik Cırdaxan, Rövşən Cabbarov isə Abulbəyli kəndində dəfn olunacaq.
***
Ə.Zeynalovanın nəşi yaşadığı Tovuz rayonunun Əsrik Cırdaxan kəndinə gətirilib.
Mərhumun həyat yoldaşı Rəşad Zeynalov da yas mərasimində iştirak edir.
Dəfn bu gün olacaq.