YENİ QURUM YARADILDI - Valeh Ələsgərov sədr təyin edildi

25-11-2019, 17:20   


Prezident İlham Əliyev Valeh Ələsgərovun Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərtac xəbər verir ki, sərəncamla Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib.

Qeyd edək ki, Prezidentin imzaladığı digər sənədlə “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, həmin qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.

Xatırladaq ki, Valeh Ələsgərov 1946-cı ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsini bitirən V.Ələsgərov Əməkdar mühəndisdir. "Şöhrət" ordeni ilə təltif edilib.

1970-ci ildən "Permneft" birliyi "Kunqurneft" NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi, baş mühəndis, 1982-ci ildən "Permneft" Elmi Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri işləyib. 1985-ci ildə "Muradxanlı" NQÇİ-də baş mühəndis, idarə rəisinin müavini, 1987-ci ildə "Azərneft" Birliyində baş mühəndis, baş direktorun müavini, 1992-ci ildə "Azərneft" Dövlət Konserninin vitse-prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti, şirkətin prezidentinin müşaviri olub. 1995-2005-ci illərdə ARDNŞ-nin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində çalışıb.

İlk dəfə 2005-ci ildə 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçilib. 2010-cu ildə dördüncü çağırış, 2015-ci ildə isə beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

2005-ci il noyabrın 24-də Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri,Azərbaycan-Rusiya ikitərəfli parlamentlərarası komissiyasının həmsədridir.

Rus və ingilis dillərini bilir.

Evlidir, 4 övladı var.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.