Milli Məclisdə gərgin büdcə və icbari tibbi sığorta müzakirələri

26-11-2019, 09:07   

Ölkə sığorta sisteminə mərhələli şəkildə keçəcək; birinci rübdə şimal hissədə 20 rayon prosesə qoşulacaq, sonra isə...

Noyabrın 25-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş) məlumat verdi və deputatları sənədə səs verməyə çağırdı.

Spiker dedi ki, 3 gün davam edən komitə müzakirələrində 79 deputat çıxış edib. Ona görə də büdcə sənədinə ikinci oxunuşda münasibət bildirməyə çağırdı. Səsvermə nəticəsində 101 lehinə, 2 əleyhinə olmaqla sənəd ikinci oxunuşda qəbul edildi. 

Maliyyə naziri Samir Şərifov dedi ki, 2020-ci ildə də dövlət büdcəsində investisiya layihələri üzrə kifayət qədər böyük məbləğ nəzərdə tutulub. Nazir dedi ki, Milli Məclisdə müzakirələr zamanı səsləndirilən bəzi təkliflərin qəbul edilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət edilib və prezident tərəfindən bir sıra məsələlərin mövcud büdcə layihəsində nəzərə alınması mümkün hesab edilib. S. Şərifov çıxışında gələn ilin dövlət büdcəsi layihəsində nəzərə alınacaq həmin məsələləri açıqladı: “Siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin 1 milyon manat artırılaraq 4 milyon manata çatdırılması təklif olunub. İctimai birliklər üçün nəzərdə tutulmuş vəsaitin 900 min manat  artırılaraq 5,5 milyon manata çatdırılması da təklif edilir. Bununla bərabər, Azərbaycan Prezidentinin sərəncamının icrasına uyğun olaraq, Şəmkir rayonunun tarixi ərazisində Qədim Şəmkir şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağsu rayonu ərazisində Qədim Ağsu şəhər Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılması ilə bağlı xərclər üçün də 600 min manat vəsaitin ayrılmasının da büdcə layihəsində nəzərə alınması təklif olunur”.

Maliyyə naziri qeyd etdi ki, maliyyə təminatının daha da yaxşılaşdırılması ilə 2020-ci il üçün Milli Məclisin xərclərinin əlavə olaraq 1,9 milyon manat artırılması təklif edilir: “Eyni zamanda Naxçıvan Muxtar Respublikası tərəfindən hökumətə müraciət daxil olub. Həmin müraciətə əsasən, Naxçıvan Muxtar Respublikasında gəlirlər potensialının əlavə olaraq artırılması hesabına Muxtar Respublikanın öz gəlirlərinin 19 milyon manat artırılması və dövlət büdcəsində müvafiq olaraq Muxtar Respublikaya ayrılan dotasiya məbləğinin 19 milyon manat azalmasına imkan yaradır. Qənaət edilmiş 19 milyon manat vəsaitin dövlət büdcəsi kəsirinin azalmasına yönəldilməsi təklif olunur. Bu zaman muxtar respublikanın büdcəsinin gəlir və xərcləri dəyişməz olaraq 482 milyon manat səviyyəsində qalmaqla, dövlət büdcəsindən muxtar respublikasının büdcəsinə yönəldilən dotasiyanın məbləği 4,9 faiz azaldılacaq”.

S.Şərifov deyib ki, aparılacaq dəyişiklik nəticəsində 2020-ci il icmal büdcənin gəlir və xərcləri təqdim olunmuş layihədəki kimi müvafiq olaraq 27 milyard 552 milyon manat  və 29 milyard 488 milyon manat səviyyəsində nəzərdə tutulur: “İcmal büdcənin kəsiri isə 19 milyon azaldılaraq 1 milyard 936 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin gəlirləri təqdim olunmuş səviyyədə, yəni 24 milyard 134,5 milyon manat, xərcləri isə 19 milyon manat artırılaraq 26 milyard 894,7 milyon manat təşkil edəcək. Bunları nəzərə alaraq, təqdim olunmuş 2020-ci il dövlət büdcəsi layihəsində düzəlişlərin edilməsinə ehtiyac yaranır”.

Deputat Elmira Axundova rusdilli məktəblərdə dərsliklərin keyfiyyətindən də bəhs etdi: “Şəxsən məni dərsliklərin keyfiyyəti heç qane etmir. Məsələn, 5-ci sinif üçün Azərbaycan dili dərsliyi. Bu dərsliklə biz nəinki uşaqlarımıza dövlət dilini öyrədəcəyik, əksinə, onlarda bu dilə qarşı etinasızlıq yaranacaq”. Deputat şagirdlərin dərslərlə yüklənməsinə də etiraz etdi: “Nəyə görə orta ümumtəhsil məktəblərdə şagirdləri həddindən çox ev tapşırıqları ilə yükləyirlər və bəzi hallarda isə heç onların izahını da vermirlər. Yəni müəllimlər bir növ öz üzərlərinə düşən vəzifələri valideynlərin çiyninə atırlar. Bunu isə proqramın gərginliyi ilə izah edirlər. 6 yaşında uşaqlar məktəbdən gələrək, demək olar ki, axşam saat 8-9-a qədər ev tapşırıqları ilə məşğul olur. Axı onlar hələ uşaqdır. Bu qədər ağır yük altında şagirdlərdə məktəbə qarşı bir növ nifrət oyana bilər. Hesab edirəm ki, heç olmasa 1-ci, 2-ci siniflərdə ev tapşırıqları ya tamamilə olmamalıdır - özəl məktəblərdəki kimi, ya da cüzi olmalıdır. Yoxsa uşaqlarımız nə idmanla, nə incəsənət növləri ilə məşğul olmağa vaxt tapmayacaqlar. Və məktəb belə olan halda onlardan, sadəcə, robot insanlar yetişdirəcək, üstəlik, onlar bu qədər oturaq həyat keçirməklə səhhətlərində ciddi problemlər yaranacaq”.

milli məclis ile ilgili görsel sonucu

Deputat bir sosial məsələyə də toxundu: “Nazirlər Kabinetinin qərarına əsasən, elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına müəyyən miqdarda əlavələr tətbiq edilir. Lakin həmin şəxslər pensiyaya çıxarkən bu əlavələr onların pensiyasına tətbiq edilmir. Nəzərə alsaq ki, həmin əlavələr elmi dərəcəsi olan bu insanların fəaliyyətinə cənab Prezident tərəfindən verilən qiymətdir və onların pensiya məbləğləri elə də çox deyil, belə olan halda mən təklif edirdim ki, onların pensiya məbləğləri hesablanarkən əməkhaqqlarına edilən əlavələrin tam olmasa da heç olmasa müəyyən bir hissəsi həmin pensiyalarda öz əksini tapsın”.

 Milli Məclisdəki büdcə müzakirələrində siyasi partiyalara ayrılan vəsaitin artırılması ilə bağlı təkliflərin nəzərə alınmasına görə maliyyə nazirinin dedikləri partiya təmsilçiləri olan deputatları məmnun etdi. Komitə sədri  Siyavuş Novruzov bu məsələyə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.  Dedi ki, bu, siyasi partiyaların fəaliyyət imkanlarını genişləndirəcək.

Deputat Fazil Mustafa da öz növbəsində minnətdarlığını bildirdi. Eyni zamanda BAXCP rəhbərliyinin də təşəkkürünü ölkə rəhbərliyinə və hökumətə çatdırdı.

F.Mustafa bəzi təkliflərini də səsləndirdi: “Anaların sosial müdafiəsi ilə bağlı addımlar atmaq lazımdır. Bizdə analıq məzuniyyətinə görə ödəniş 14 faizdir. Dünya ölkələrində bu, 100 faizdir. Postsovet məkanında isə 50 faizdir. Uşağa münasibətə görə bunu etməliyik. Uşağın günahı deyil ki, anası işləmir. Bu istiqamətdə addım atmalıyıq ki, ana uşağını sağlam böyütsün”. F.Mustafa aliment hüquqi ilə bağlı problemlərə də diqqət çəkdi.

Deputat Fəzail Ağamalı və Tahir Kərimli də ölkə prezidentinə siyasi partiyalara ayrılan vəsaitin arıtılmasına görə təşəkkür etdi.

Deputat Qənirə  Paşayeva Qarabağ müharibəsi əlillərinin və Qarabağ Qaziləri İctimai Birliyinin müraciətini səsləndirdi və önəmli təkliflərlə çıxış etdi, müvafiq qurumları bu müraciətə həssaslıqla yanaşmağa çağırdı. Ötən ildən ölkə Prezidenti İlham Əliyev cənablarının sərəncamına əsasən şəhid ailələrinə 11 min manat “qanpulu” - birdəfəlik ödəmələr verilməyə başladığı barədə danışan Q.Paşayeva 1997-ci ilə qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirib əlil olmuş Qarabağ əlillərinin - hərbi qulluqçuların da şəxsi icbari sığortasının ödənilməsi ilə bağlı Qarabağ Qaziləri İB-nin təkliflərini, Qarabağ Qaziləri İB-nin millət vəkilləri və hökümətə müraciətini səsləndirdi.Q.Paşayeva Qarabağ Qaziləri İctimai Birliyinin və bütün Qarabağ müharibəsi əlillərinin cənab prezidentimizin şəhid ailələrinə, Qarabağ müharibəsi əlil və qazilərinə diqqət və həssaslığını, onların həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində atılan önəmli addımları yüksək qiymətləndirdiklərini deyərək Qarabağ müharibəsi əlillərinin yaxın zamanlarda bu məsələyə dövlət qurumlarımızın həssaslıqla yanaşacağına inandıqlarını deyib və müvafiq qurumları bu məsələyə yaxın günlərdə baxmağa çağırıb. Millət vəkili Qarabağ qazilərinin hökumətə və millət vəkillərinə bu məsələ ilə bağlı müraciətinə yaxın zamanlarda baxılması və öz həllini tapması üçün dövlət qurumlarına çağırış etdi.

milli məclis ile ilgili görsel sonucu

Müzakirələrdən sonra "Büdcə haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi. 

“Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsinin birinci oxunuşda müzakirələrində də deputatlar fəal oldular. Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 2020-ci il yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın bütövlükdə həyata keçirilməsini real hesab etdiyini bildirdi: “Mərhələlərlə bütün ölkə ərazisində icbari tibbi sığortaya keçmək mümkün olacaq”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirdi ki, tibbi sığortaya keçidlə bağlı Azərbaycanın bölgələri 4 hissəyə bölünüb. Birinci rübdə şimal hissədə 20 rayon, ikinci rübdə qərb bölgəsinin 17 rayonu, üçüncü rübdə cənub bölgəsinin 14 rayonu, dördüncü rübdə isə Bakı, Sumqayıt və Abşeron prosesə qoşulacaq.

Bildirildi ki, qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, icbari tibbi sığorta haqları aşağıdakı kimidir:

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən - işçinin əmək haqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən - işçinin əmək haqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1 faizi, 2021-ci ildən etibarən isə 2 faizi;

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən - işçinin əmək haqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən - işçinin əmək haqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi;

Bu qanunun 15-2.5-ci maddəsində nəzərdə tutulmuş sığortalı tərəfindən - bu qanunun 15-2.3-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə təqvim ili üçün adambaşına 90 manat;

Bu qanunun 15-2.3.4-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - minimum aylıq əməkhaqqının 4 faizi;

Bu qanunun 15-2.3.5-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi;

Bu qanunun 15-2.3.6-cı maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - 2023-cü ildən etibarən minimum aylıq əməkhaqqının 48 faizi.

Deputat Aydın Mirzəzadə tibbi sığortanın tətbiqini təqdir etdi: “Əvvəlki dövrlərdə şəhər xəstəxanaları böyük bir zavodun sexləri kimi fəaliyyət göstərirdi. İndi isə normal iş fəaliyyətə keçilib”. Deputat dedi ki, tibbi sığortanın pilot layihələrindən biri onun seçildiyi dairədə həyata keçirilib. “Artıq mənə demək olar ki, tibbi xidmətlə bağlı müraciət edilmir”. A.Mirzəzadə təbliğat işinə diqqət ayırmağı zəruri saydı.

Deputat Vahid Əhmədov da icbari tibbi sığorta ilə bağlı həyata keçirilən layihəyə yüksək qiymət verdi. Qeyd etdi ki, yeni qanun layihəsi olduğu üçün problemlər ortaya çıxacaq, çətinliklər olacaq: “Biz bütün əhaliyə məlumat vermişik ki, yanvar ayının 1-dən bütün ölkə ərazisində icbari tibbi sığorta həyata keçiriləcək. Ancaq indi deyirik ki, ölkə ərazisində bu layihə dörd mərhələ üzrə aparılacaq. Gərək çoxdan bununla bağlı təbliğat aparılaydı. Gərək təbliğat işi aparılsın ki, opponentlərimiz bundan sui-istifadə etməsinlər”.

V.Əhmədov dövlət büdcəsindən tibbi sığortaya ayrılan vəsaitin ƏDV-dən azad edilməsi ilə bağlı təklif verdi.

Komitə sədri Siyavuş Novruzov isə əhalinin məlumatlandırılması üçün İTV-də həftədə üç dəfə tibbi sığorta ilə bağlı verilişlərin yayımlanmasını zəruri saydı. Komitə sədri “o demək deyil ki, biz tibbi sığortaya keçməklə bütün problemlərimizi həll edəcəyik”, deyərək problemlərin ortaya çıxacağını da etiraf etdi: “Hələ ən inkişaf etmiş ölkələrdə belə bu problemlər öz həllini tamamilə tapmayıb. Çalışmalıyıq ki, ölkədə icbari tibbi sığortaya keçid vətəndaşlar arasında narazılıqlara səbəb olmasın. Əsas məsələ bu sistemin vətəndaşların sağlamlığına xidmət etməsidir. Azərbaycanda kifayət qədər müasir tibbi avadanlıqlar var. Amma hələ də onları işlədə bilən mütəxəssislər kifayət qədər deyil. Ona görə də bu avadanlıqları işlədə bilən kadrların olması vacibdir. İcbari tibbi sığortadan yararlanan vətəndaş gəlib deyəcək ki, pulumu ödəmişəm və tələb edəcək ki, mənə düzgün diaqnoz qoyun. Problem olanda da məhkəmə çəkişmələri başlayacaq. Ona görə də ictimai müzakirəyə ciddi şəkildə ehtiyac var. Bir-iki rayonda bunu həyata keçirmək olar. Bütövlükdə respublikanı əhatə etmək üçün tam şəkildə əminlik olmalıdır. Əminlik oldluqdan sonra sistemi ölkə üzrə tətbiq edə bilərik”.

 Elşad PAŞASOY,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.