"MƏN KÖHNƏ KOMANDADAYAM, İSTEFA VERİB GEDƏCƏM" - "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"

26-11-2019, 18:34   


"Kim hansı sferada olur olsun, onu çox yağlanmağa qoymaq olmaz, yağlananda artıq quyruğu qalxır..."

Bizi qapıda qarşıladı, belə alicənablığa görə təzəcə minnətdarlıq hissi duyurdum ki, saqqallı adamlardan zəhləsi getdiyini, onlarla görüşmədiyini, söhbət etmədiyini, hətta şəkil də çəkdirmədiyini düz üzümə dedi. Əzəmətli, qaşqabaqlı, gözünün ucuyla baxan bu adamın dediklərinin zarafat olub–olmadığını aydınlaşdırmaq çətin idi. Düzü, heç bunu aydınlaşdırmağa ehtiyac da yoxdur. Qarşımdakı jurnalistlərə qarşı həmişə kobud rəftarı və ifadələri ilə yadda qalmış Tağı Əhmədovdur axı.

Görüşünə də elə-belə gəlməmişəm, nə olur-olsun cavabını almaq istədiyim suallar var: ölkədə aparılan kadr islahatları, yaşlı məmurların yola salınması ilə hökumət daxilində yaranmış gərginlik, ölkədə təxribatçı vəzifə sahiblərinin olmasının hətta birinci şəxs tərəfindən səsləndirilməsi, onun Eldar Mahmudova verdiyi 3 milyonun detalları, sərt adamın kövrək şeirləri və s...

Amma Metropoliten rəisi vəzifəsindən çıxarılandan sonra mətbuatda az-az çıxış etməsi barədə sualdan başlamaq istəyirəm və dərhal etiraz edir, bir-neçə gün əvvəl rəsmi qəzetlərə geniş müsahibə verdiyini deyir.

Əvvəlki kimi fəal görünmədiyini və bunun əslində, başa düşülən olduğunu bildirəndə də etiraz edir, amma buna geniş izah verir və beləliklə müsahibə başlayır:



- Mən fəallığımı heç vaxt itirməmişəm. Onda da fəal idim, indi də. Hətta indi daha çox fəalam. İşlərimiz çoxdur: YAP-ın təşkili, təşkilatların yaranması və s. Bu gün YAP-ın Yasamal rayonu üzrə151 təşkilatı, 32 min üzvü var. 19 oktyabr mitinqinin səhəri günü BDU-dan 250 nəfər tələbə birbaşa YAP-a gəldi ki, biz mitinqə cavab olaraq partiyaya üzv olmaq istəyirik. Bu, Heydər Əliyevin işığına gəlməkdir. Bu, aparılan düzgün siyasətin bariz nümunəsidir ki, gənclik görür və hiss edir. Ona görə də kütləvi surətdə gəldilər ki, biz YAP-a üzv oluruq. YAP-ın nəinki Azərbaycanda, heç Zaqafqaziyada tayı-bərabəri yoxdur. İndi ölkədə 52 partiya qeydiyyatdan keçib, onlardan biri də YAP-dır və YAP-in 800 minə yaxın üzvü var. O 51 partiyadan YAP-a yaxınları da var, tam müxalifətdə olanları da. Bütün müxalifət partiyalarının hamısını yığsaq, bircə Yasamal rayonunun partiya üzvlərinin sayı qədər üzvü yoxdur. Ona görə də biz bu gün fəxr edirik ki, düz 27 il qabaq Heydər Əliyevin yaratdığı bu partiya önəmli, qabaqcıl, Azərbaycan xalqını irəliyə aparan, yüksəklərə qaldıran, əsl vətənpərvərliyə çağıran bir partiyadır.

- Son vaxtların əsas müzakirə mövzusu aparılan kadr islahatlarıdır. Bu barədə nə düşünürsüz?

- Bəli, bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük addımlar atılır, güclü inkişaf gedir. Lukaşenkonun sözüdür, bu fikrə həmişə istinad edirəm, deyir ki, mən çox prezidentlər görmüşəm, təmasda olmuşam. Prezidentlərin hamısının içərisində ən yüksək səviyyədə olanı Azərbaycan prezidentidir. İstər diplomatik səviyyəsinə görə, istər danşıqlarına görə, istər apardığı islahatlara görə...Əlbəttə, biz yaxşı bilirik ki, Heydər Əliyev həmişə sinədəftər olub. Ancaq bizim hörmətli prezidentimiz bir-iki addım, üç addım da qabağa gedib. Nədir bu? Heydər Əliyev Azərbaycan və rus dillərində yüksək səviyyədə danışırdı, elə bil sinədəftər idi. Bu gün bizim Prezidentimizin də istər Azərbaycan dilində, istər rus dilində, istərsə də ingilis dilində yüksək səviyyədə danışır. Diplomatik danışıqlarda, əsasən, kağızdan istifadə olunur. Ancaq bizim prezidentimiz öz üzərində nə qədər çalışırsa, ölkə daxilində, ya da xaricdə, fərqi yoxdur, heç vaxt kağızdan istifadə etmir, birbaşa tribunadan nitq söyləyir. O, Azərbaycanın fəxridir...Bir dəfə Brejnev Bakıya gəlmişdi. Ona verilən məruzə səhv düşmüşdü, Əfqanıstandan danışırdı. Ona irad tutanda isə demişdi, burada nə yazıblar, onu oxuyuram... Azərbaycan xalqına bir neçə dəfə xoşbəxtlik nəsib olub. Onlardan ən böyüyü Heydər Əliyevin Azərbaycana qayıdışıdır. Şansımız onda gətirdi ki, Heydər Əliyev Naxçıvana getdi. O, Naxçıvanda olanda ermənilər Naxçıvanı ala bilmədi, elə ruslar da Heydər Əliyevə görə Naxçıvana girişməyə cürət eləmədi... Bir dəfə Vasim Məmmədəliyevə sual verdim ki, peyğəmbərlər nə vaxt zühur edir? Dedi, bir insanlar quduranda, bir də ən pis vəziyyətə düşəndə. Azərbaycanın ən pis vəziyyətində Heydər Əliyev gəldi, xalq ona inandı. Əlbəttə, burada Əbülfəz Elçibəyin fəaliyyətini danmaq olmaz. Çünki Əbülfəz Elçibəy prezident idi, qırğın da edə bilərdi, hakimiyyəti verməyə də bilərdi. Amma o dedi, mən Heydər Əliyevi bura nəinki dəvət edirəm, onun qabağında qurban da kəsirəm, təki gəlib Azərbaycanı bu vəziyyətdən çıxartsın. Azərbaycan 1988-ci ildən 1993-cü ilin birinci yarısına qədər acınacaqlı bir vəziyyətdə idi. Heydər Əliyev gələnə qədər xristianların tərtib elədiyi xəritəyə görə Zaqatala-Qax-Balakən Gürcüstana, Quba-Qusar-Xaçmaz Rusiyaya verilirdi. Bədnam Əlikram Hümbətov Talış-Muğan Respublikası yaradırdı, Kürdəmirdən o tərəfə ərazilərisə ermənilərə ərmağan edilirdi. Heydər Əliyevin gəlişi bunların hamısının qabağını aldı. Heydər Əliyev gəlişi ilə 5 min xalqın içindən Azərbaycan xalqını çıxarıb 193 dövlətin içində təmsil elədi. Bu gün prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan rəqabət qabiliyyətliliyinə, iqtisadi inkişaf potensialına görə dünya ölkələri sırasında 35-ci yerdədir. Bundan böyük fəaliyyət nə ola bilər?! 2019-cu ildə azı 50-yə yaxın sərəncam imzalanıb, hamısı da insanların maddi rifahının yaxşılaşması üçün.



- Necə fikirləşirsiniz, kadr islahatları, gəncləşmə YAP-ın öz daxilində -İdarə Heyətində, Siyasi Şurasında da aparılmalıdırmı?

- YAP-da da bu islahatlar aparılır. Bəlkə, siz görmürsünüz, öz işinizdi. Məsələn, BDU-da bizim gənclər təşkilatının sədri var idi, bu yaxınlarda onu partiya təşkilatının sədri seçdik. Bu gün gənclik YAP-da çox yüksək səviyyədə təmsil olunur.

- Təşkilat daxilində hər hansı dəyişikliklərin edilməsindən xəbərimizin olmaması qayət normaldı. Mən YAP-ın əsas simalarını nəzərdə tuturam...

- Siz, yəqin, məni nəzərdə tutursunuz ki, artıq yaşlanmışam, nəyə görə buradayam? Burada bir şey var, böyüklərdən təcrübəni öyrənmək lazımdır. Lakin zamanı gəldiyində istər-istəməz bu estafet gəncliyə verilməlidir. Hazırda partiyanın hardasa 45 faizi gənclərdən ibarətdir. Ulu öndərimiz dediyi kimi, gələcək gənclərin əlindədir. Bizim gəncliyimiz rusların Demokl qılıncı altından keçib. O vaxt səsimizi çox çıxara bilmirdik. Amma bugünkü gənclik azad, müstəqil Azərbaycanda yaşayır. Ona görə də daha çox aktiv olmalı, irəli getməlidir. Söz yox ki, mən hələ gənclərimizi istədiyim səviyyədə görə bilmirəm. Yəqin ki, xaricdə oxuyub vətənə dönənlər daha fəal, daha çevik olacaqlar. Onda bizlər də rahat olacağıq.

Sizə söz verirəm ki, yaxın müddətdə mən də istefa verib gedəcəyəm. Artıq yaş həddi gəlib çatıb. Gərək müxbirlərin sözünü yerə salmayım.

- Vacib postların gənclərə verilməsi heç də hamı tərəfindən birmənalı qarşılanmır. Belə fikirlər də səslənir ki, təcrübəli insanlara hələ çox ehtiyac var...

- Ona söz yox. Hörmətli prezidentimizin apardığı islahatların əhəmiyyəti bundadır: bir mesaj verməklə yaşlı icra hakimləri, akademiyanın prezidenti və başqaları ərizəsini yazıb vəzifədən getdi. Gələn il deputat seçkiləridir. Bəzi deputatlarımız var ki, ola bilsin, onlar da namizədliklərini verməyəcəklər.



-Tağı müəllim, Ramiz Mehdiyevin işdən çıxarılması xəbərini necə qarşıladınız?

- Bu nə deməkdir, necə qarşılayacam?! Normal. Burada pis nə var ki?! Ramiz Mehdiyev artıq neçə illər idi, administrasiyanın rəhbəri idi və 80 yaşına çatmışdı. O, nümunə olaraq ərizəsini yazdı ki, mən artıq burada estafeti gəncliyə verirəm. İndi isə gəlib oturub Akademiyada...

- Amma yenə də rəhbər posta getdi...

- Kimlər akademik olmalıdır? Sizə bir misal gətirim. Bir dəfə belə bir replika atdılar ki, akademiyada 60 yaşından yuxarı kim varsa, hamısı pensiyaya çıxmalıdır. Bir də baxdılar ki, xadimələrdən başqa heç kəs qalmayıb...

Yeni təyin olunan administrasiya rəhbərini tanıyırsınız?

- Yox, mən onu qətiyyən tanımıram. İslahatları aparan Prezidentdir və onun verdiyi sərəncam heç cür müzakirə mövzusu ola bilməz. Əgər prezidentimiz tanıyırsa, bilirsə, təyin edibsə, deməli, biz ona itaət etməliyik. Bu gün əgər Samir Nuriyev orada oturubsa, deməli, onun özünün də platforması, qarşısında məqsədləri var və bu məqsədləri yerinə yetirəcək. Amma onu da qeyd edim ki, məncə, Samir Nuriyev də, hətta Prezidentin özü də Ramiz Mehdiyevdən müəyyən məsləhətlər alacaq.

- Bu prosesdəki ən maraqlı məqamlardan biri də islahatların fərdi yox, komanda şəklində aparılmasıdır. Deyirlər, köhnə komanda gedir, təzə komanda gəlir. Doğrudanmı, köhnə, təzə komanda var?

-Əgər bu bölgü varsa, belə çıxır ki, mən köhnə komandadayam, amma təzə komandanı isə çox gözəl qarşılayıram. Mənim verdiyim tapşırıq onlar üçün, onların verdiyi tapşırıq da mənim üçün süzgəcdən keçir və qəbul olunur... Əslinə qalanda, köhnə komanda, təzə komanda fikrini doğru hesab etmirəm. Komanda bir dənədir, o da Heydər Əliyevin komandasıdır. 1969-cu ilin 14 iyulundan bu tərəfə 50 ildir ki, Heydər Əliyevin bütün tövsiyələri nəzərə alınır, verdiyi hər tapşırıq yerinə yetirilir. Bunu prezidentimiz də yerinə yetirir, mən də, qeyriləri də.

- Əgər komanda birdirsə, onda niyə hökumət daxilində gizli də olsa, islahatlara qarşı çıxan qüvvələrin varlığı açıq hiss olunur? Nə vaxt ki İlham Əliyev ciddi islahatlara başlayır, ölkədə gərginlik yaranır. Və bu gərginliyin bir qolunun da hökumətin daxilindən gəldiyi fikri ən mötəbər insanların dilindən səslənir. Yoxsa bu iddiaları ciddi hesab etmirsiniz? - Bunların heç birindən xəbərdar deyiləm.O vaxt demişdim ki, mən işdən çıxandan sonra Prezidentimə daha çox vurğun olacam. Ümidvaram ki, Prezidentin komandasında işləyib çıxan hər bir şəxs həmişə Prezidentə olan borcunu yerinə yetirib və bu gün də yerinə yetirməkdə davam edir.

- Yəni deyirsiniz, hökumətin içində elə bir adam ola bilməz?

- Xeyr, ola bilməz. Əgər siz bilirsinizsə, üzə çıxardın.

- Yəni islahatlara start verən kimi ölkədə ardıcıl aksiyaların, mitinqlərin, ayrı-ayrı qurumlarda baş verən piketlərin heç birində məmur barmağı ola bilməz?

- Müsahibənin əvvəlində qeyd etdim ki, müxalifətin keçirdiyi mitinqin səhəri bizim flaqman universitetimiz olan BDU-nun 250 tələbəsi gəldi ki, biz onlara cavab olaraq YAP-a üzv oluruq. Yəni 5-10 adamın orada çıxıb “Vağzalı” oynamağı ilə deyil. Girmişdilər qoluna ey, bir dənə o qalırdı, “Vağzalı” çalınsın ki, Əli Kərimli oynasın... Mitinqdə səslənən çıxışlarla bağlı deyim ki, orada öyrədilmiş adamlar var idi. Adi bir misal göstərim. Masallıdan bir adam gəlib deyir, mən Masallıda yaşayıram, bir dənə yumurta tapmıram, uşağa verim. Görün nə qədər naqislikdir! Kənddə yaşayırsan, yumurtanı şəhərə sən gətirməkdən çıxıb deyirsən ki, bəs mən yumurta tapmıram. Bu nədir? Bu ancaq və ancaq aldığı qrantlar hesabına çıxıb qışqırmaqdır. Bu mitinq xarici qüvvələrin sifarişi ilə baş verdi. Ancaq hörmətli Prezidentimizin nüfuzu sayəsində bu gün Azərbaycanda olan əmin-amanlıq heç yerdə yoxdur. Biz o qədər də böyük millət deyilik – cəmi 10 milyonuq. Bu 10 milyon 7 milyardın içində dəryada damla olsa belə, bütün dünyada tanınırıq. Gərək, ya qulaq kar olsun, eşitməsin, ya da göz kor olsun, görməsin. Bu qədər təhsilin, səhiyyənin inkişafı, komplekslərin tikilməsi, yolların salınması... Mən nəqliyyat işçisi kimi deyirəm ki, Azərbaycan nəqliyyat yolları baxımından ən axırda qalırdı və heç siyahıya da alınmırdı. İndi isə yolların abadlığına görə ön sıralardadır. Bu nəyin hesabınadır? Müxalifətin qaş-gözünün? Ya indiki müxalifətin vaxtı ilə bizi saldığı tənəzzülün? Yox, tərəqqinin hesabına, neftdən gələn gəlirin düzgün yönləndirilməsi hesabınadır. Amma bizi istəməyən düşmənlərimiz, o cümlədən bizim özümüzdə olan o dırnaqarası müxalifət Azərbaycanın bu cür inkişafını görmək istəmir, gözü götürmür. Əlbəttə, onları kənardan öyrədənlər də var. Kim hansı sferada olur olsun, onu çox yağlanmağa qoymaq olmaz. Çünki yağlananda artıq quyruğu qalxır. Bəzilərini ki, yağlayıb ötürmüşük xaricə, bax onların hesabına bu gərginliyi yaradırlar. Bir az pis səslənsə də, yaxşı bir məsəl var, deyir, küçüyün qulağını küçüklükdə kəsmək lazımdır, yekəlib it olandan sonra daha xeyri yoxdur. Artıq onlar yekəlib it olublar, 5-6 manatları var, onu da Azərbaycanda iğtişaş törətmək üçün istifadə edirlər. Ancaq bu, mümkün deyil. Camaat 1992-93-cü ildəki kimi deyil. Azərbaycan xalqı artıq taleyini, müqəddəratını özü həll edə bilir.


- Bayaq dediniz ki, hökumət daxilində xəyanətkar qüvvələr ola bilməz. Bunun əksini sübut etmək üçün bir-iki nümunə göstərmək olar. Amma şəxsən sizin də zərər çəkdiyiniz Eldar Mahmudovla bağlı məsələni nümunə göstərməklə kifayətlənmək istəyirəm...

- O, xəyanətkarlıq deyildi, vəzifəpərəstlik idi, vəzifə hərisliyi idi. - Amma onun vurduğu zərbələrin sayı-hesabı, cinayətlərinin həddi-hüdudu yoxdur...

- O, əlbəttə, ziyan idi, söhbət ondan getmir. Belə bir misal var, deyir, heç bir naxır qotur danasız olmur. Bundan sonra da içimizdə Eldarlar olacaq. Eldar artıq o qədər yağlanmışdı ki, ətrafındakılarının da gözü heç nəyi görmürdü. Buna görə də hər bir adam nəzarətdə saxlanmalıdır. Bu yaxınlarda Çində 100 məmuru güllələyiblər. Niyə? Çünki o qədər azğınlaşmışdılar ki, dövlətin qoyduğu qanunlara tabe olmurdular. Allah rəhmət eləsin ulu öndərə, güllələnməni ləğv elədi. Əgər eləməsə idi, indiki o müxalifətdə olanlar ki var, Əli Kərimli, İsa Qəmbər, İsgəndər Həmidov, Rəhim Qazıyev, Əlikram Hümbətov – hamısı çoxdan güllələnmişdi. Heydər Əliyevin gözəl bir kəlamı var idi. Deyirdi, mən Allah deyiləm və bəndə yaratmamışam ki, onların ölümünə hökm verim. Amma Heydər Əliyevdən qabaq 9 nəfər İsa Qəmbərin vaxtında güllələndi. Ona görə də mən deyəndə ki, Heydər Əliyev əsl peyğəmbərdir, bu, boşuna deyil.

- Eldar Mahmudov məsələsində siz çıxdınız və açıq şəkildə konkret rəqəm söylədiniz ki, bu adam bu qədər vəsait tələb edib. Adətən, hansısa bir məmurun evindən oğurluq olanda şikayət də etmir ki, sual verəcəklər, bu pul haradan idi...

- O məmur düz edir. Çünki o şikayət edəndə məlum olacaq ki, aparılandan beşqat artığı var, onu da aparacaqlar. Bu, Eldar Mahmudovun əli ilə Çovdarovun elədiyi iş idi. Baxmayaraq ki, 16 il Metropolitenin rəisi olmuşdum, metro da onun kurasiyasında idi, amma onu heç vaxt görməmişdim. Mənə sifariş göndərəndə dedim ki, mən heç kəsə rüşvət vermək niyyətində deyiləm. Demişdi ki, bir dənə maşın alsın. Əlbəttə, mənim üçün maşın almaq elə böyük bir şey deyildi. Sonradan isə 3 milyon tələb olundu. Mən də bunu açıq şəkildə elan etdim. Məhkəmədə də dedim, sübut etdim. Bu, Çovdarovun işi deyildi, Eldar Mahmudovun göstərişi ilə olan iş idi. Eldar Mahmudov o qədər azğınlaşmışdı ki, gözü yeri görmürdü. Məndən alınan 3 milyon onun üçün semiçka pulu idi. Eldar Mahmudov başqalarından 20, 30, 50 milyonlar almışdı. Eldar Mahmudovun işverənləri var idi. Harada ki, gedirdin bir iş görmək istəyirdin, o iş gördüyün adam tez Eldara siqnal verirdi ki, filankəsdə pul var, gəlib məndən bu qədər yer istəyir. Eldar da çağırırdı, soyurdu adamları. Onunla dəfələrlə oturub söhbət etmişik. Hətta bir iki dəfə mənə də deyib gedək bir yeyək-içək. Demişəm çox sağ ol, Sizin işiniz, bəlkə, yeyib-içməkdir, amma metro gecə-gündüz işləyir.

- O məbləği sizdən istəyəndə konkret nə ilə şantaj edirdi?

- Əslində o, şantaj deyildi. Mənim oğluma böhtan atmaq istəyirdi. Oğlumunsa həmin vaxt ürəyinə 3 dənə stend qoymuşdular, heç nəyi düşünmürdüm. Mənim oğlum prezidentin sərəncamı ilə hakim təyin olunmuşdu. Ona nə Mahmudovun, nə də Çovdarovun gücü çatmazdı nəsə etməyə. Amma mən ata olaraq hiss edirdim ki, əgər onu çağırıb danışdırmaq belə istəsələr, ürəyi tutar, ölə bilər. Ona görə də 3 milyonu elə bil ki, qurban vermişdim. Yoxsa Eldar kim idi ki, mən Eldara, yaxud da Çovdarova pul verim?!

- Tağı müəllim, qeyd etdiniz ki, başqalarından da milyonlar tələb etmişdi. Bu milyonlar varsa, deməli, ortada bir əyri əməl var, bunun adına yeyinti, dövlət büdcəsinə ziyanda demək olar...

-Nə büdcəsi olacaq ki? Mən indi sənə rüşvət verirəmsə, bunu ancaq büdcədən götürüb verirəm?

- Milyonlar verən adamlar hər halda adi vətəndaş olmayıb, əksəriyyəti məmur olub, elə biri siz. Yəni o milyonlar hardan qazanıla bilər?

- Onların arasında bizneslə məşğul olanlar var idi. Məsələn, Eldarın vaxtında Moskvada bir biznesmen var idi. Onu bura çağırmışdılar və sutkalarla saxlamışdılar ki, filan qədər verəndən sonra çıxıb gedəcəksən. Deyib, əşi mən burada işləmirəm, buranın vətəndaşı deyiləm . Deyiblər ki, nə olsun vətəndaşı deyilsən, gəlmisən Azərbaycana, payını ver, get... Bir işçim var idi. Məcbur edirdilər ki, bu qədər verməlisən. O da deyib, ay balam, mən qəzet satıram, axı qəzetdən nə qazanıram ki, sənə də nə verim. Buna görə Əli Şəfiyev mənə məktub yazdı ki, o adam işdən çıxarılmalıdır. Mən də müzakirəyə qoyub konkretləşdirdim ki, o heç vaxt işdən çıxarılmayacaq. Çünki həqiqi mənada namusla, qeyrətlə işləyirdi. Sadəcə gəlib şantaj etmişdilər ki, sən ayda bu qədər pul verməlisən.

- Aydındır ki, Mahmudov dəstəsi sizin çox həssas yerinizdən yapışıb. Bu da bəllidir ki, sizin kimi vəzifəli şəxslərdən xeylisi ziyan çəkib. Maraqlıdır, dövləti qoruduqlarını, prezidentə sədaqətlə qulluq etdiklərini, hətta lazım gəlsə, canlarını fəda edəcəklərini bəyan edən məmurlardan kimsə niyə gedib Prezidentə məruzə etməyib ki, bax belə bir cinayətkar var, təhlükə var bizim hökumətin içində, buna bir çarə tapmaq lazımdır. Yoxsa Mahmudovun zəhmi o qədər böyük olub ki, ondan şikayət etmək belə qorxulu idi? - Yox, elə deyil. Müəyyən dərəcədə kölgə xətti var. Mən işlədiyim vaxtı gəlib desəydilər ki, siz mənə qarşı hər hansı cinayət edirsiniz, buna inanmazdım.Prezidentə, yəqin ki, bu barədə məlumatlar çatırmış. Amma prezidentin ona inamı var idi. O da haradan yarandı, Eldarın fırıldağından. Özünün quraşdırdığı “Qara kəmər” məsələsi var idi, Hacı Məmmədovu orada yağ içində böyrək kimi saxlayırdı. Cahangirin yoldaşı tutulanda Prezident tapşırıq vermişdi ki, nə olur olsun, o xanım sağ-salamat xilas edilməlidir. Bu da qurulmuş iş idi. Onunla özünə bir az reytinq qazandı və o reytinqlə də çox irəli getdi.

- Yəni deyirsiniz, Hacı Məmmədov da Eldar Mahmudovun layihəsi olub?

- Bəli, bir nömrəli quraşdırılmış iş idi. Hacı Məmmədovla Eldar ikisi də “obaxeysdə” işləmişdi. “Obaxeys” də ki, manat yığmaqla məşğul idi, ayrı bir işi yox idi ki.

- Amma bu qədər cinayətlər işləmiş bir adam azadlıqdadır...

- Azadlıqda deyil. Bunu azadlıq saymaqla səhv edirsən. Bu nə sənin işindir, nə də mənim.Bu, Prezidentin səlahiyyətindədir və cənab İlham Əliyev fikirləşir ki, əgər o cür adam türməyə getsə, məhv olacaq, çünki orada tutdurduğu nə qədər adam var. Ən böyük mənəvi əzab nədir? Ev dustağı olmaq!

-Amma onun xaricə gedib-gəlməsi ilə bağlı məlumatlar da yayılmışdı...

- Bunu siz quraşdırırsınızsa, öz işinizdir.O hətta yasa da gedəndə icazə ilə gedir. Ev dustağıdır, ev dustağı olaraq da qalacaq. Amma general olan özünün başına bir güllə vurub deyərdi ki, etdiyim xəyanətə görə mənim yerim bura deyil. Amma üz var da, oturur.


- Tağı müəllim, bayaq nəqliyyat sahəsində işləməyinizdən danışdınız. Metropolitendə fəhləlikdən başlamışdınız, idarənin rəisi vəzifəsinə qədər yüksəldiniz, illəriniz keçib bu sahədə. Bu gün Metropolitenin fəaliyyətini izləyirsiniz, orada işlər necə gedir?

- Qəti xəbərim yoxdur, maraqlanmıram və maraqlanmaq da istəmirəm. Bu gün Prezidentimiz metropolitenə kimi rəis təyin edibsə, ona qulluq edirəm. YAP-ın hansı nöqtəsindən deyirsən, cavab verim. Ancaq metropolitenə mənim heç bir aidiyyətim yoxdur. - Sizin media işçiləri ilə ünsiyyətiniz həmişə müzakirə mövzusu olunub. Həmişə mediaya açıq məmurlardan olmusunuz. Eyni zamanda verilən suallara görə, bəlkə də, ən çox irad tutan məmurlardan idiniz. Nə sizi qane etmirdi? Jurnalistlərlə niyə yola getmirsiz?

-Orada bir dənə ştrix vurdun. Mən jurnalistdən yox, jurnalist adını ləkələyənlərdən narazıyam. Mən jurnalistdən heç vaxt narazı olmamışam. Vaxtilə bəyənmədiyiniz sovet hökumətində jurnalistlər sahələr üzrə bölünürdü. Nəqliyyata kim getməlidir, kənd təsərrüfatına, səhiyyəyə, sənayeyə kim getməlidir. Amma indiki jurnalistlər cibinə hardansa yalandan vəsiqəni qoyur, gəlib deyir, mən jurnalistəm və sual verir. Nəqliyyatdan bu gün sən nə sual verə bilərsən ki, mən onun qabağında aciz qalım? Amma “Vişka” qəzetində Əhməd Əhmədoviç var idi. Qəzetdə onun hardansa yazdığı məqalə tərsinə gedirdisə, artıq Mərkəzi Komitədə müzakirə olunurdu. Amma indi kim nə gəldi yazır. strong>Məsələn, qəzetdə yazmışdılar ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov öldü. Sonra da nekroloq vermişdilər. Mənim dissertasiya mövzuma qədər öyrənib nekroloqda yazmışdılar. Mən heç o vaxt məhkəməyə də vermədim yalan məlumata görə. Çünki, bu jurnalist deyil. Söhbət də bundadır ki, bu cür eybəcərliklər var jurnalistikada. Bir qız gəlmişdi ki, Tağı müəllim, deyirlər, metroda rels çatışmır deyə tramvay relslərini çıxarırlar. Nə dərəcədə savadsız jurnalist idi.Yaxud da ki, metro dayanıb, gəlib mikrofonu uzadır ki, metroda nə qədər adam qalıb? Bilirsən nə qədər gülməlidir? Nə qədər acınacaqlıdır. Mən bilirsən də nə cavab vermişdim onda? Dedim iki nəfər yarım. Mediaya bacarıqlı, səriştəli, yüksək səviyyəli jurnalistlər gəlməlidir. Onları heç kəs qınamır. Mayis Məmmədov var idi. Azərtacın müxbiri idi. Kim ona söz deyə bilərdi? Kim ona deyə bilərdi ki, jurnalistikadan xəbəri yoxdur. Şirməmməd Hüseynov vardı. Kim deyərdi ki, onun jurnalistikadan xəbəri yoxdur? Özü də dərs deyirdi. İndi mənim jurnalist dostlarım çoxdur. Amma mən o jurnalistlərlə yoxam ki, sualı düz qoya bilmirlər. Mənim hələ 15 yaşım olanda “Şərq qapısı” qəzetinə gündəlik məlumatlar yazırdım. Nəyin xətrinə? Pul xətrinə. Hətta məqaləm çıxan kimi gedib deyirdim ki, mənim pulumu verin. Bir gün də Allah rəhmət eləsin, Hüseyn İbrahimov gördü, dedi, bu uşaq nə istəyir? Dedilər ki, bəs məqaləsi çıxıb, qonorarını hələ buxalteriya hesablamayıb, amma gəlib ki, pulumu verin. Dedi, bu uşaq nə vaxt gəlsə, iki qəpikdəndir, hesablayıb pulunu verin. Heç bir yaxşılıq yerdə qalmır. Vaxt gəldi dolandı, 1999-cu ildə YAP-ın birinci qurultayında Hüseyn İbrahimovla yanaşı oturmuşduq. Onun uşaqlarının problemlərinə müəyyən kömək elədim. Heç vaxt yaxşılıq itmir. - Qəzetə məqalə verən kimi qonorar tələb etməyiniz maddi durumunuzla bağlı idi?

- Bəs nə? Maddi durumumuz pis idi. Cibimdə pul olsaydı, gedib istəyərdim? Maddi vəziyyətin çətinliyi ilə əlaqədar qəzetə məqalə verirdim ki, gedib pulumu alım. Texnikumda oxuyurdum. Ailə üzvlərimiz çox idi, kasıbdıq. Kəndlə Naxçıvanın arası 52 km idi. Gəlib Naxçıvanda texnikumda oxuyurdum. Gördüm ki, məqalələr verməklə pul qazana bilərəm. Geniş də məqalələr yazırdım. Qazancım çox yüksək olmurdu təbii. Amma bir 15-20 manat alırdımsa, bu mənim üçün böyük pul idi.

- Bu hansı kənd idi?

- İndi adı Güney Qışlaqdır.

- Stolunuzun üstündə şahmat var. Oynayırsız?

- Oynaya bilirsən?

- Oynamaq üçün soruşmadım...

- Oynaya bilirsən otur. Mən nəyin ki, burda, hətta telefonda da şahmat oynayıram...

- Başqa idmanla məşğul olursunuz?

- Olmuşam vaxtilə. İndi mən yaşda idmanla məşğul olmaq olmaz. Əgər bilmirsənsə, mən yaşa gələndə qətiyyən idmanla məşğul olma.

- Yürüş də etmirsiniz?

- Yürüş də olmaz. Ancaq üzürəm bəzən. Ən əsası gündəlik duş qəbul etməklə qoruyuram sağlamlığımı. Bu yaşda idmanla məşğul olmaq doğru deyil.

- Sizi gümrah görürük həmişə. Xüsusi əməl etdiyiniz bir sağlamlıq düsturunuz var? Qida və s. - Daşdan yumşaq nə verirlər onu yeyirəm. Demirəm bunu istəmirəm, onu istəmirəm. Amma şəkərim olduğuna görə, tutaq ki, indi stolda konfet filan var, onlardan qaçıram. Görürsünüz, sizə heç çay da vermirlər. Amma jurnalistlərə çox düz edirlər.

- Yaxşı qarşılamadılar...

- Çox düz edirlər.

- Şəkəriniz var dediniz. Hansısa pəhriziniz var bununla bağlı? Ümumiyyətlə, burada həkimlərə tez-tez müraciət edirsiniz?

- Yox, tez-tez getmirəm. 2004-cü ildə Almaniyada dedilər, şəkəriniz var. O şəkərə qarşı dərman atıram. Bu gün də onu davam etdirirəm. Və birdən olur da, tamahdır, güc gələndə şəkər qalxır 180-nə. Özümü saxlayanda 130-a düşür. Bunu tənzimləmək də olur, tənzimləməmək də. Bizdə Allaha şükür indi hər gün toydur. Bir dəfə Karloviy Varydə dincəlirdik. Bir nəfər dedi, gedək yeməyə. Dedim yemirəm, bir az arıqlamaq istəyirəm. Su da içirdim, gəzirdim doğrudan da. Məsələn, bu dəfə Karloviy Vary-də yayda olanda bir 10 kq arıqladım. Dedilər ki, nə olsun, səhər gedəcəksən. Gedən kimi də dalbadal bir üç toya getsən, vəssalam, çəkini qaytaracaqsan. Doğrudan da elə olur.

- Tağı müəllim, o vaxt sizin ədəbiyyatla məşğul olmağınızı eşidəndə xeyli təəccüblənmişdim. Siz bəlkə də yeganə adamsınız ki, şeirlərinizin məzmunu yox, məhz şeir yazmağınız xəbər idi. Kifayət qədər sərt adam - Tağı müəllimin şeir yazması, hətta ədəbiyyatla məşğul olması, özü də Cavid kimi nəcib birinin yaradıcılığının təbliği ilə məşğul olması, onun irsini peşəkarlıqla qoruması ciddi marağa səbəb olmuşdu.

- Şeir yazmağa mən elə 15 yaşımdan başlamışam. 1963-cü ildə, texnikumda oxuyanda o vaxt Xruşov demişdi ki, hamını acından qıracam. Belə bir vəziyyət idi. Naxçıvanın da sərt soyuqları vardı. Biz iki yoldaş yataqxanada qalırdıq. Növbəli şəkildə hər gün birimiz adyala bürünüb gedib səhərə qədər mağazanın yanında yatırdıq ki, tezdən açılanda bir dənə çörək alaq, gəlib şirin çay içib dərsə gedək. Bizim bir müəllimimiz var idi, Rauf Bektaşi, Allah rəhmət eləsin, əsl ziyalı kişi idi. Mənim bugünkü həyatımı bəlkə də o bəxş edib mənə. Bizə əkinçilikdən dərs deyirdi. Bir dəfə yenə növbədən qayıtdığım gün bunun dərsində şeir yazıram. Sən demə, yanımdan keçəndə şeirə baxırmış. Tənəffüsdə çağırıb dedi ki, oğul, get o yazdıqlarını cır, onları elə bir qələmə verib nəsillikcə sizi itirərlər. Adınıza da elə böhtan deyərlər ki, hamının gözündən düşmüş olarsınız. Bu yazdıqlarını cır. 12-15 kuplet idi. Hamısı yadımda deyil. İkicə kuplet xatırlayıram: Aldığımız qara çörək Hər gün vurur bizə külək Lap olmuşuq Hacı Leylək Sağ ol səni komunizm Biz dedik ki, addım ataq irəli Demədik ki, sən yüz ilə gələli Dəysin qoy başına vuran əlləri Gəlmə, istəmirik səni komunizm

Doğrudan da o vaxt belə bir şeir yazmaq cəsarət idi. Məsələn, mən 1984-cü ildə sərhəd simlərinin qırılmasına aid şeir yazmışdım. Yaxşı olar ki, sərhəd simləri qırılsın, Şimali Azərbaycan Cənubi Azərbaycanla qarışsın. Bu böyük bir sensasiya idi. Yaxud, əsgərlikdə bir şeir yazmışdım:

Kağız yazdım, qələm aldım əlimə İt günüdür, vallah, günü soldatın Yalan desəm, yaman çıxsın dilimə Heyvan kimi keçir günü soldatın İşlədiyi nəfdir, yediyi cərimə Çayı soyuq olur, çörəyi gəlmə Mayor gəlir, hünərin var çest vermə Bil ki, onda çıxar canı soldatın Aman bir tərəfdə külək vıyıldar Soyuq olar, moroz olar, qar yağar Starşina olsun evin tarı-mar Uçdu evi. Sındı beli soldatın....



- Şeirlərinizə çoxlu mahnılar bəstələnib. Özünüz də arada mahnı oxumursuz ki?

-Yox, mahnı oxumuram. İndi əgər burada bir mahnı oxusam durub qaçarsınız. Hər kəsin bir səriştəsi var. Mahnı oxumaq qabiliyyətin yoxdursa, onu etməməlisən.

 -Yaradıcılığınızı davam etdirirsiniz?

- Çox yazıram. Sözlərimə yazılmış 150-dən çox mahnı var artıq. Özü də hamısını ölkənin xalq artistləri oxuyub. Bu hobbi idi vaxtilə. İndi də artıq başqa çarəm yoxdur. İndi siz gedəndən sonra yəqin ki, məsələn bir "Elçin" şeiri düzələcək.

- Allah bilir, nə təsvirlər olacaq...

- Nə var onu eləyəcəm. Məsələn, bir dəfə həkim haqqında şeir yazmışdım. Buradakı həkimlərə oxuyurdum. Dedim, amma bu siz deyilsiniz də. Bu xaricdə olan həkim idi. Getdin, ancaq pulunu alırlar, ancaq cibinə baxırlar. Və hər şey də edirlər. Amma xəstəlik yerindədir. Xəstəlik keçmir. Məsələ onda deyil. Məsələ bircə şeydədir ki, həqiqət naminə hər şey etmək olar. Düzgünlük naminə.

- Azərbaycan ədəbiyyatından kimləri oxuyursunuz. Kimlərin şeirlərini bəyənirsiniz? - Məmməd Araz, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə, Səməd Vurğun.

- Bəs müasirlərdən? - Müasirlərdən yox. Mən özüm də müasirəm deyə başqaların oxumuram.

- Xarici ədəbiyyatla aranız necədir? - Xarici ədəbiyyatı çox oxumuşam. Şillerin “Qaçaqları”nı oxumuşam. “Martin İden”i oxumuşam, “Kerri bacı”nı oxumuşam. İndi Polyakovanı oxuyuram, bolqar yazıçısıdır. Holland yazıçılarından oxumuşam. Yəni əlimə nə düşsə. Və bir də mən özümə bir şeyi aşılamışam. İndi gəlib vaxtımı almısınız, eybi yox. Amma gecənin yarısı belə olsa, əgər mən gündəlik 50 səhifə oxumamışamsa o normanı yerinə yetirməliyəm. - Tağı müəllim, kənardan elə təsəvvür yaranır ki, dünyanın ən kobud, ən sərt adamlarından birisiniz. Amma sizi tanıyanlar deyir ki, bu sərtliyin altında həssas, kövrək insan var. Hətta metropoliten rəisi olduğunuz dövrlərdə işçilərə çox köməkliyiniz dəyib...

- Əgər hər hansı bir məmur sərt olmasa iş getməz. Hər hansı bir məmur kövrək olmasa, onun ətrafında işləyən məmurlar ona itaət etməz, ona qarşı çıxarlar. Heç bir vaxt zorakılıqla iş görmək olmaz. İş ancaq dostluqla olmalıdır. Belə demək olar ki, mən az qala metropolitendə anadan olmuşam. 44 il metropolitendə işləmişəm. Metronun 30 illiyindən başlayaraq metropolitendə rəhbər olmuşam. İşçilərin hamısını demək olar adı, soyadı, evləri ilə tanıyırdım. İnsanlıq naminə etmişəm hər şeyi. Məsələn, işçilərə faizsiz suda verirdim. Kiminsə övladı ali məktəbə qəbul olurdusa, imkanı yox idisə ödəməyə deyirdim gəl ərizəni yaz, bir illik sənə suda verirəm, faiz almadan. Ehtiyacını ödə. Bir il müddətində geri qaytararsan. İnsanlar da öz işlərini görürdü. Onkoloji xəstələrə, ürəkdən şuntlama əməliyyatına gedənlərə min manat yardım edilirdi. Evlənənlərin hər ikisi metropoliten işçisidirsə, onlar üçün mebel dəsti alınırdı. Çünki, bir ailə idik biz. Və mən elə fikirləşirdim ki, ailənin başçısı kimi hardasa mənim bir işçim acdırsa, deməli mən acam. O vaxt metrodakı ticarət haqqında çox söz-söhbət getdi. Ancaq onu ulu öndər tövsiyə etmişdi. Mənə dedi ki, metroya haradan vəsait cəlb etmək olar? Dedim, metroda pul tökülüb bir süpürgə lazımdır. Dedi necə? Dedim metronun keçidləri, metroya bitişik keçidlər və stansiya ətrafı – 40 metrlik ərazi norma ilə metronundur. Amma indi polis verib camaata, pulu da yığır öz cibinə. Dedi, nə qədər vəsait gələ bilər. Dedim ayda 500 milyon, indiki pulla 200 min manat. O vaxt Baş Nazir belə sərəncam vermişdi ki, keçidlərdə ticarət olmaz, terror törədilə bilər. Dedim, metroda 3 terror törədilib, üçü də tuneldə. Keçidlərdə terror yoxdur. Bir də metropoliten trotil hazırlamır, partlayıcı maddə hazırlamır. Güc orqanları var, qarşısını alsınlar. 1200-ə yaxın budka var idi. Bunlar mən çıxanda artıq köhnə pulla metroya 750 milyon gəlir verirdi. Metronun polisi də, xadiməsi də oradan dolanırdı. 2500 nəfər o budkada işləyənlər oradan dolanırdılar. 2500-ü də bir 3-ə vursaq Bakı şəhərində bir 7500 nəfər acam demirdi. Mən o vaxt demişdim ki, əgər mənim sərnişinimin sayı hardasa gəlib bir milyon yüz minə çatsa onda mən butkaları yığışdıra bilərəm. Çünki, bir milyon yüz min sərnişin götürmə qabiliyyətim var idi. Amma bu gün gəlir hardasa 400-500 min. Digər 500 minin əvəzinə mən oradan niyə o pulu yığmayım?. Eyni zamanda metrodan istifadə edən adam oradan keçəndə görür ki, dəftər satırlar. Oradan keçəndə uşağa dəftər götürüb keçsə bunun nəyi pis idi? Bir də gedib haradasa dəftər axtarsın? Yaxud bir çanta, ya başqa ləvazimat axtarsın? O məşhur “burcutma” məsələsi də oradan çıxdı. Özü də əsəbi vaxtım idi. Fəxri Xiyabana ulu öndərin qəbri üstünə getmişik. Vəfatının birinci ildönümü idi. Muştuğun dayayıb ki, butkalar nə yerdədir, olacaq? Dedim ticarət olub, olacaq da. Nə qədər mən işləyirəm ticarət olacaq. Bir də üzümə baxanda dedim, nə burcudursan? Dedin, cavabını aldın. B

(Müsahibənin bu yerində, 3 milyon məsələsində adı keçən oğlu gəlir. Tağı Əhmədov sözünü yarımçıq kəsib, durub üzünü öpür, saçını sığallayır, nəvaziş göstərir...)


- Tağı müəllim, vaxt ayırdığınız üçün təşəkkür edirəm. 

- Gələn dəfə saqqalsız gəl...

Elçin Zahiroğlu 

Bakı Post

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.