Dünyada bahalaşan dollar: Azərbaycanda necə olacaq? – AÇIQLAMA

26-11-2019, 18:38   

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiyməti bahalaşaraq, noyabrın maksimumuna çatdıqdan sonra ticarət aktivliyi azalıb.

Belə ki, dolların qiymətlərində aktivliyin azalması, investorların ehtiyatlı mövqeləri ilə əlaqədardır. Lakin bu məsələ aradan qalxarsa, dollarda bahalaşma son iki ilin maksimumuna kimi sürətlənə bilər.

Dollara olan tələbin artması, qızılda korreksiyalara səbəb olur və qızılın bir unsiya üzrə qiyməti 1420 dollara kimi dəyər itirə bilər.

Bəs dünya bazarlarında dolların qiyməti kəskin bahalaşarsa və qızılın qiyməti ucuzlaşarsa, bu Azərbaycana hər hansı formada təsir edə bilərmi?

İqtisadçı Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında bildirib ki, dünya bazarlarında qızılın bahalaşması dərhal Azərbaycanda pərakəndə satışa təsir edir:

“Bizim qızıl ticarətimiz birbaşa dünya birjaları ilə bağlıdır. Hazırda qızıl ticarəti ilə məşğul olan sahibkarlar qızılın 90-95 faizini, əsasən Türkiyədən, Birləşmiş Ərəb Əmirliklərindən idxal edirlər. Bu ölkələrdə də qızılın maya dəyəri birja qiymətləri ilə hesablanır. Sonradan isə üzərinə işçilik haqqı əlavə edilir. Bu nöqteyi-nəzərdən qızılın qiyməti birbaşa birjalardakı proseslərlə əlaqəlidir”.

Azərbaycanda dolların qiymətinin dəyişib-dəyişməyəcəyinə gəldikdə, ekspert deyir ki, Azərbaycanda “üzən məzənnə” rejiminə keçidin elan olunmasına baxmayaraq, manatın məzənnəsi inzibati metodlarla tənzimlənir:

“Hazırda dünya bazarında dolların mövqeyi digər valyutalara qarşı möhkəmlənməsinə baxmayaraq, Azərbaycan manatı stabil olaraq qalacaq. İnzibati idarəetmə üsulunda hər hansı çətinliyimiz yoxdur. Yəni makroiqtisadi tarazlığımız mövcuddur, idxal-ixrac əməliyyatlarında balans sabitdir”.   /Cebhe.info/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.