Azərbaycana xaricdən gətirilən avtomobillərə görə gömrük rüsumlarının artırılması təklif edilib. Bu barədə Komitənin sədri Səfər Mehdiyev bildirib. Onun sözlərinə görə, ekoloji tələbləri nəzərə alaraq təklif edilib ki, 7 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsi zamanı onlara daha yüksək - böyük rüsumlar tətbiq edilsin.
Komitə sədri bildirib ki, 7 illik müddət dedikdə avtomobilin istehsalından ötən 7 il nəzərdə tutulur, yəni illər dəyişdikcə, rüsuma cəlb edilən avtomobillərin ili də yüksələcək.
Bundan əlavə, son vaxtlar sosial şəbəkələrdə Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin ölkə ərazisində qalma müddəti ilə bağlı dəyişikliklərin edildiyi və sərhəddən keçiddə problemlərin yaşandığına dair paylaşımlar edilir. Burada əsas məqsəd gömrük rüsumundan azad olmaq üçün Gürcüstandan avtomobillərin alınması və ölkəyə gətirilərək qeyri-rezident kimi istifadə olunması, sürücülərin 3 ayda bir dəfə adıçəkilən ölkəyə gedərək sərhəddən keçib avtomobili yenidən qeydiyyata aldırması və Azərbaycanda heç bir sığorta öhdəliyi olmadan idarə etməsi kimi problemin həlli idi.
Dövlət Gömrük Komitəsindən (DGK) yayılan açıqlamada da bildirilib ki, gömrük qanunvericiliyinin pozulmasının, dövlət büdcəsinə çatacaq vergi və rüsumlardan yayınmanın qarşısının alınması, ölkənin ekoloji vəziyyətinin qorunması məqsədilə xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq ölkəyə gətirilməsi zamanı nəzarət tədbirlərini gücləndirib.
Məsələ ilə bağlı münasibət bildirən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev də vurğulayıb ki, qanunvericilikdə hər hansı dəyişiklik baş verməyib: “Sadəcə, biz işbazların qarşısını almışıq. 305 saylı qərarın 4.3 maddəsində açıq və net yazır ki, xarici avtomobil vasitələri qeyri-rezidentlər, Azərbaycan vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisinə nəqliyyat vasitəsilə gəldiyi zaman 1 gündən 90 günədək gəlişinin səbəbi göstərilmək şərtilə müvəqqəti idxal rejimində heç bir rüsum və vergi ödəmədən daxil ola bilər. Bundan sonrakı 1 il müddətinə uzadılma o zaman baş verə bilər ki, qeyri-rezidentin, fiziki şəxsin AR-də işlədiyi onun vizasının vaxtını təsdiqedici sənədlər əsasında mümkündür. Bu gün bu mövzunun gündəm olmasına səbəb bəzi qaçaqmalçılıq fəaliyyətlərinin qarşısını almağımızdır. Bu zaman da informasiya texnologiyalarının üstünə verərək fiziki şəxslərin adları və pin kodları sistemə daxil edilməklə, bu fiziki şəxsin adına hansı nəqliyyat vasitəsinin gətirilməsi önəmli deyil. Əsas olan qeyri-rezident olmasıdır. Qeyri-rezidentlər, turistlər 30 gün ərzində nəqliyyat vasitəsilə ölkə ərazisində rüsum vergi ödəmədən rahat hərəkət edə bilər. Amma hər hansı qeyri-rezidentin Azərbaycan ərazisində iş yeri varsa, fəaliyyəti varsa, o, tamamilə başqa qanunvericiliklə tənzimlənir. Həmin nəqliyyat vasitələrinə sarı nömrələr verilir. Burada məqsəd digər ölkələrə məxsus olan nəqliyyat vasitələrinin gəlib Azərbaycanda digər xidmətlərlə məşğul olmaları, xüsusilə də taksiçiliklə və digər daşımalarla məşğul ollmalarıdır. Onların heç birisinin sığortalanması və qarşıya qoyduğu təminat yoxdur. Sadəcə, sistem dəyişilib, artıq bu işlərlə insanlar deyil, avtomatlaşdırılmış sistem məşğul olur”.
Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında hər iki dəyişikliyə münasibət bildirən iqtisadçı ekspert Ramil Osmanlı bildirdi ki, bütün bunlar bilavasitə avtomobil bazarında qiymətlərin artmasına gətirib çıxaracaq: “Daha öncə də buna bənzər addımları qərar qəbulunda müşahidə etmişik. Avro 4 standartına keçid də, Mərkəzi Bankın avtomobillərə kredit ayrılması ilə bağlı qadağaların tətbiqi də, gömrük və aksiz rüsumlarının artırılması da bazarda qiymət artımına gətirib çıxartdı. Düşünürəm ki, indi də Gömrük Komitəsinin belə bir qərar qəbul etməsi avtomobil bazarında qiymətlərə çox kəskin təsir göstərəcək. Ölkədə sanki hansısa qüvvə nəqliyyat infrastrukturunun problemlərinin və tıxac məsələsinin həllində ən optimal variant kimi avtomobilləşmənin qarşısının inzibati üsullarla alınmasını görür. Azərbaycan bu gün regionda və MDB ölkələri arasında avtomobilləşməyə görə və adambaşına düşən avtomobil sayına görə sonuncu yerlərdən birini tutur. Azərbaycan avtomobil istehsalçısı deyil, istehsalçı olmayan bir ölkədə idxala bu dərəcədə gömrük rüsumlarının tətbiqi də bir qədər başadüşülən deyil. Biz əslində bu dönəmdə ekoloji vəziyyətin tədricən normallaşması, köhnə avtomobillərin utilizasiyası, digər məsələləri qaldırmışdıq. Çıxış yolu kimi elektromobillərə və hibrid avtomobillərə gömrük rüsumlarının azaldılmasını təklif etmişdik. Ancaq təəssüflər olsun ki, bu da nəzərə alınmır”.
Ekspert hesab edir ki, ekoloji standartların tətbiqi vacibdir, lakin bu təkcə avtomobillərlə bağlı deyil, həm də yanacaqla bağlı olmalıdır: “Mən hesab edirəm ki, bu önəmli məsələdir. Ancaq nəzərə almalıyıq ki, biz ekoloji standartları da normal qaydada həyata keçirə bilmirik. Tutaq ki, Avro 4 standartına keçdik, ancaq bizim yanacağımız, sürtkü yağlarımız və ölkəyə gətirilən avtomobil hissələri da Avro 4 standartına cavab verməlidir, onlar da keçməlidir. Bir tərəfdə Avro 4 standartına keçirik, ancaq digər tərəfdə hələ Avro 2 standartlarındayıq. Əgər biz ekoloji standartlardan danışırıqsa, ölkədə istehsal edilən yanacağın keyfiyyətinin qaldırılması da vacibdir. Yanacaqdoldurma məntəqələrinin fəaliyyətinə nəzarət olunmalıdır. Birtərəfli qaydada prosesin tənzimlənməsi mümkün olmayacaq”.
Gürcüstan nömrəli avtomobillərin ölkəmizdə qanunsuz istismarına gəlincə, R.Osmanlı bu məsələnin həllinin vacib olduğunu bildirməklə yanaşı, vətəndaşları bu addımı atmağa məcbur edən səbəblərin həllini də vacib saydı: “Elə siyasət yürütmək lazımdır ki, insanlar alternativ yollar axtarmağa məcbur qalmasın. Gürcüstan nömrəli avtomobillərə qadağa qoyulsa, sonra Rusiya nömrəli avtomobillərə, Türkiyə nömrəli avtomobillərə keçəcəklər. Bu cür addımlar olmamalıdır. Daha düşünülmüş və insanların maraqlarına uyğun olan variantlar daha yaxşı olar ki, bu məsələnin tənzimlənməsi üçün hökumət əlavə vaxt, resurs və sair sərf etməsin”.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”