Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüsü Milli Məclisin buraxılmasını şərtləndirib.
YAP bu gün partiyanın qərargahında keçirilən toplantıda növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Təşəbbüs bütün partiya üzvləri tərəfindən dəstəklənib. Azərbaycanda Milli Məclisi buraxmaq Prezidentin kompitensiyasına aiddir. Azərbaycan Prezidenti İlham Əliyev isə həm də YAP-ın sədridir. Deməli, yaxın günlərdə Milli Məclisin buraxılacağını söyləmək olar.
İqtidar kadr islahatlarına start verəndə parlamentin vizionun dəyişdirilməsi də gündəmə gəlmişdi. Ölkənin siyasi-ictimai seqmentinin əhəmiyyətli hissəsi Milli Məclisin dəyişməsinin zərurətə çevrildiyini bildirirdi. Hətta YAP-ın sıralarında təmsil olunanlar da parlamentə yeni nəfəs verməyin lazım olduğu qənaətində idi.
Məsələn, YAP-ın qurucularından olan, partiyanın Siyasi Şurasının üzvü Musa Musayev Yenisabah.az-a müsahibəsində parlamentin dəyişməli olduğunu açıq mətnlə bildirmişdi. Onun fikrincə, Milli Məclisdə oliqarxiya və vəzifəli şəxslər təmsil olunmamalıdır. Musa Musayev həmçinin deputatların sayının artırılmasını təklif edirdi. Onun sözlərinə görə, Milli Məclisə 1995-ci ildə keçirilən I çağırış seçkilərindən 24 il ötüb və bu müddət ərzində əhalinin sayı artıb. Bu baxımdan deputatların da sayı artırılmalıdır.
Milli Məclisin dəyişməsini zəruri hesab edənlər arasında proporsional seçki sisteminin də bərpasını da təklif edənlər var.
Hələlik, yalnız dəqiq olan növbədənkənar seçkilərin keçiriləcəyidir. Deputatların sayının artırılması, proporsional seçki sisteminin bərpa edilməsi, Milli Məclisin vizionunda dəyişiklik olunması məsələlərini isə zaman göstərəcək.