Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti noyabrın 26-da Naxçıvana səfər edən İran vətəndaşlarının viza tələbindən azad edilməsi haqqında qərar verib. Dekabr ayının 1-dən İran vətəndaşları heç bir viza və ya giriş icazəsi tələbi olmadan muxtar respublika ərazisinə 15 gün müddətinə səfər edə biləcəklər.
“Hürriyyət” xəbər verir ki, Muxtar Respublikanın Nazirlər Kabinetinin bu qərarı birmənalı qarşılanmayıb.
Ovqat.com qərarla bağlı yazdığı şərh yazısında bu addımı qanunazidd və diplomatik özbaşınalıq adlandırıb. Saytın iddiasına görə, Viza rejiminin tətbiqi xarici siyasətinin tərkib hissəsidir və bu siyasət uzun illərdən bəri Azərbaycan-İran-Türkiyə arasında ciddi müzakirələrə səbəb olmuşdur: “Hər iki dövlətin rəsmi Bakıya viza rejimini ləğv etmək üçün ciddi diplomatik təzyiqlər göstərdiyi heç kimə sirr deyil. Rəsmi Bakı isə sonunda öz qərarını vermiş, Türkiyə ilə gediş-gəliş əlaqələrini tam sadələşdirərək viza rejimini ləğv etmişdir. Eyni siyasətin İrana tətbiq edilməməsinin isə bizə bəlli olan və olmayan səbəbləri var”.
Saytın iddalarından belə çıxır ki, Naxçıvan Muxtar Respublikası məlum qərarı alaraq, əslində İranın rəsmi Bakıya təzyiqinə haqq qazandırıb və səlahiyyət həddini yoxdur. İddianın diplomatik tərəflərini rəsmi Bakının ixtiyarına buraxaraq, biz daha çox sənədin hüquqi əsasını araşdırmaq qərarına gəldik: Doğrudanmı, “muxtar iradə”nin bir qərar vermək səlahiyyəti yoxdur?
“Hürriyyət”in sualını cavablandıran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abullayeva dedi ki, bu, Naxçıvan Muxtar Respulikasının Nazirlər Kabinetinin qərarıdır: “Burada söhbət Naxçıvan Muxtar Respublikası ərazisindən getdiyi üçün Muxtar Respublika ərazisində 15 gün qalma müddətindən gedir. Naxçıvan Muxtar Respublikası ərazisi olduğundan məhz həmin Muxtar Respublikanın Nazirlər Kabinetinin qərarı ilə belə bir qərar qəbul olunub”.
Leyla xanımın bu yozumu bəzi suallara yol açır: Naxçıvan Muxtar Respublikasının müstəqil xarici siyasət yürütmək səlahiyyəti varmı? Zira Ovqat.com viza rejiminin xarici siyasətin predmeti olduğunu vurğulayaraq ona qarşı çıxıb. Digər tərəfdən həmin qərarda təkcə Muxtar Respublika ərazisinə keçiddən də söhbət getmir. Qərarda bildirilir ki, “İran vətəndaşları muxtar respublika (Muxtar Respublika sözünü kiçik hərflə yazan həmin qərar müəllifləridir və onlar Ali Məclisin sədri söz birləşməsindən ki, sədr kəlməsini böyük hərflə yazırlar – Hürriyyət”) ərazisindən hava yolu ilə Bakı şəhərinə və ya Azərbaycan Respublikasının digər rayonlarına səfər edə bilmələri üçün isə sadalanan sərhəd nəzarət məntəqələrində 20 (iyirmi) ABŞ dolları məbləğində dövlət rüsumu alınmaqla 30 gün qalma müddətli birdəfəlik (adi) giriş vizası rəsmiləşdirilməkdədir”. Bəs Xarici İşlər Nazirliyi ortaya çıxan bu müəmmanı necə şəhr edə bilər?
Nə yazıq ki, Leyla Abdullayeva işinin çox olduğunu əsas gətirib bizim bu sualımıza cavab vermədi və sualımızı yazılı şəkildə XİN-in Mətbuat xidmətinin email adresinə göndərməyi məsləhət gördü. Biz də onun tövsiyələrini yerinə yetirdik. Ümidvarıq ki, sualımıza cavab alacağıq və onu siz dəyərli oxucularımızla paylaşacağıq.
Tanınmış hüquqşünas Namizəd Səfərov isə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin öz səlahiyyətlərini aşmadığına ümid edir: “Yəqin ki, qanunvericilikdə onlara belə bir səlahiyyət verilməsini araşdırıblar. İnanmıram ki, gömrük orqanlarının, yaxud digər müvafiq orqanların razılığı olmadan özbaşlarına onu eləyələr. Yəqin ki, qanunun hansısa müddəasına əsaslanıblar”.
Qərarı doğru hesab edib-etməməkdən asılı olmayaraq, Namizəd Səfərov hesab edir ki, Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanları Azərbaycanın tərkibinə daxildir və unitar dövlət orqanının bir parçası hesab olunurlar: “Onlar qanunvericiliyin qadağan etdiyi səlahiyyətləri aşa bilməzlər”.
Hurriyyet.org