Prezident İlham Əliyev ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu vəzifəsindən azad edib.
Əli Həsənov işdən azad olunduqdan sonra BBC News Azərbaycancaya eksklüziv müsahibə verib.
- Əli müəllim, prezidentin sizi işdən azad etməsi qərarını necə necə qarşıladınız?
- Cənab prezidentin qərarı müzakirə olunmur. Bundan sonra mən həmin düşərgədə prezidentin köməkçisi kimi yox, yaradıcı bir insan kimi yaradıcılığımı davam etdirəcəm. Əliyevçi olaraq qalıram. Əliyevçi olaraq da bundan sonrakı fəaliyyətimi davam etdirəcəm.
-Əli müəllim, nə işlə məşğul olacaqsız? Bir planınız varmı?
- Mən professoram, elmlər doktoruyam. Yaradıcılıq həvəsim var. İnşallah, həm də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüyəm, ona görə də başqa cür də ola bilməz. Mən 25 il, hətta 30 il bundan qabaq, 90-cı illərdə Heydər Əliyevə qoşulub Yeni Azərbaycan Partiyasına gəlmişəm. Partiyanın yaradılması prosesində iştirak eləmişəm, orda Siyasi Şuranın üzvü olmuşam, partiya aparatında işləmişəm, sonra dövlət aparatında.
Düz 30 ildir ki, bu siyasətlə, bu kursla bağlıyam. Bundan sonra da həyatımı dəyişmək keçmişdə gördüyüm bütün işlərin əleyhinə çıxış etmək deməkdir. Mən isə nə həyatımı, nə mövqeyimi, nə də fəaliyyətimi dəyişəcəm. Sadəcə, bundan sonra prezident köməkçisi, şöbə müdiri kimi deyil, prezident İlham Əliyevin tərəfdaşı və silahdaşı kimi fəaliyyətimi davam etdirəcəm.
-Əli müəllim, sizin vəzifədən azad olunmanız xəbərini sosial mediada fərqli qarşılayanlar olub. Məsələn, yazırlar ki, "Azərbaycan mediasına basqı edən", "troll ordusunu saxlayan bir adam" vəzıfədən çıxarıldı. Ünvanınıza deyilən bu ittihamları necə qiymətləndirirsiz?
- Tamamilə yalandır. Əvvəla Azərbaycan mediasındakı bu günkü vəziyyət Azərbaycan cəmiyyətinin inkişafına adekvatdır. Azərbaycanda media azadlığı, söz azadlığı var, fikir plüarizmi mövcuddur. Bunu heç kim inkar edə bilməz. Bunu yazanların özü əgər belə yaza bilirsə, bu o deməkdir ki, fikir plüarizmi var.
O ki qaldı hansısa trollar ordusuna, guya o trollar ordusuna mən rəhbərlik edirəm, mənim getməyimlə o trollar ordusunun fəaliyyəti dayanacaq, bu da tamamilə yalan və böhtandır. Azərbaycanda heç bir trollar ordusu yoxdur. Sadəcə olaraq, prezidenti dəstəkləyən ictimaiyyət nümayəndələri var.
Onlar hamısı real profillərdir, hansı adla, necə yazdıqlarını da özləri bilir. Bilirsiz ki, Facebook rəhbərliyi son vaxtlar saxta profilllərin hamısını bağlayıbdı. O bağlanan saxta profillərin əksəriyyəti də müxalifət düşərgəsinə aid olan, sizin dediyiniz terminlə ifadə etsək, trollardı.
Azərbaycan iqtidarını müdafiə edən insanlar açıq adla, imzayla, açıq ünvanla fikirlərini bildirirlər. Və Azərbaycanda prezident İlham Əliyevin siyasi kursunu dəstəkləməmək üçün, belə deyək, səbəb yoxdur. Əksinə onun əleyhinə gedənlərin əlində səbəb yoxdur ki, niyə onun əleyhinə gedirlər. Sadəcə, biz hesab edirik ki, xarici, müəyyən anti-Azərbaycan dairələrinə bağlı olan qüvvələrdir.
-Prezidentin belə bir sərəncam verəcəyini gözləyirdinizmi? Çünki siz uzun illər hakimiyyətin aparıcı məmurlarından biri olmusunuz.
- Mən son 3 ildə sağlamlığımla, səhhətimlə bağlı cənab prezidentdən xahiş etmişdim ki, məni bu gərgin fəaliyyətdən, gərgin vəziyyətdən azad etsin. Mən 53 yaşında iki dəfə açıq ürək əməliyyatı keçirmişəm, bir dəfə infakt olmuşam. Sağlamlığım bu günlə sabah arasında, belə deyək, mövcudluğum sadəcə olaraq, Allaha bağlıdır.
Ona görə də bu iş mənim üçün həddindən artıq gərgin idi. Və son 3 il ildir, dəfələrlə cənab prezidentə müraciət etmişdim ki, cənab prezident, imkan varsa, mənim işimi dəyişin. Bu gün də təşəkkür edirəm ki, müraciətimi də nəzərə alaraq, - onun özünün də yəqin bununla bağlı planları, proqramları, səbəbləri var, - məni azad elədi. Buna görə də ona təşəkkür edirəm.
-Azərbaycanda erkən parlament seçkisinin keçiriləcəyini necə qiymətləndirirsiz?
- Çox yaxşı. İnkişafımız davam edir, islahat kursu bütün hakimiyyət qanadlarını əhatə edir. Parlament də bundan kənarda qala bilməz. Yeni siyasi kusa uyğun yeni parlamentin formalaşmasına ehtiyacımız var. Düşünürəm ki, Azərbaycan xalqı da bunu istəyir. Azərbaycan seçiciləri də bunu dəstəkləyəcəklər və biz bu seçkini uğurla, müfəqqiyyətlə keçirəcəyik.
-Belə fikirlər var ki, erkən parlament seçkilərinə birinci-vitse prezident Mehriban Əliyevanın prezidentliyinə yol açmaq üçün ehtiyac yaranıb.
- Dünyada nə qədər insan varsa, bir o qədər də fikir var. Hər halda fikirləşmək, düşünmək, öz fikirlərini ifadə eləmək ziyanlı bir şey deyil.