Türkiyə Silahlı Qüvvələrinin Ermənistana qarşı detallı şəkildə işlənib hazırlanmış və 2001-ci ildə təsdiqlənmiş hərbi əməliyyatlar planı mövcuddur.
virtualaz.org-a istinadən xəbər veririk ki, bu sensasion məlumatı İsveçdə mənzillənmiş “Nordic Monitor” adlı nəşr yayıb. (https://www.nordicmonitor.com/2019/11/turkish-military-planned-military-action-against-armenia/)
Nəşrin rəhbəri Fətullah Gülənə bağlı olan ingilisdilli “Today’s Zaman” qəzetinin Ankara bürosunun rəhbəri olmuş türkiyəli jurnalist Abdulla Bozkurtdur. O, Türkiyədə 2016-cı ilin yayında fətullahçıların həyata keçirdiyi hərbi çevriliş cəhdindən sonra İsveçə qaçıb və orada “Nordic Monitor” nəşrini təsis edib.
Həmin nəşr Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahına 2016-cı il mayın 23-də göndərilmiş məxfi xidməti sənədin surətini yayıb. Sənəddə deyilir ki, Ermənistana qarşı 2001-ci ildə təsdiqlənmiş və “Altay” kod adı altında hazırlanmış genişmiqyaslı hərbi əməliyyatlar planından bəzi səhifələr “yoxa çıxıb”. Sənədlərin yoxa çıxması 2016-cı il mayın 4-də Ankara ətrafındakı Akıncə hərbi hava bazasında aparılan yoxlama zamanı müəyyən olunub.
Xatırladaq ki, həmin il fətullahçıların hərbi çevriliş planı məhz həmin bazadan idarə olunurdu və aviabazanın komandiri qiyamçıların lideri idi.
Məxfi xidməti yazışmadan məlum olur ki, itirilmiş sənədlər arasında Ermənistana qarşı hava zərbələrini nəzərdə tutan və Hərbi Hava Qüvvələrinin 2-ci taktiki komandanlığı tərəfindən hazırlanan “OĞUZTÜRK Hava Harekat Planı” da var.
“Altay” planı isə 2001-ci il iyulun 13-də təsdiqlənib. Həmin xidməti yazışmanın aparıldığı vaxtda plan hələ qüvvədə idi və hazırda da qüvvədə qalır. “Altay” planı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı tərəfindən hazırlanıb, ümumi planın tərkibinə ayrı-ayrı qoşun növlərinin komandanlıqlarının planları da daxildir.
Bu sensasion sənədi “Nordic Monitor” nəşrindən Ermənistanda Panduxt adlı bloqer görüb. O yazır ki, Abdulla Bozkurt tez-tez Türkiyə hakimiyyətinə aid məxfi sənədləri, telefon danışıqlarını və digər konfidensial informasiyaları yayır.
“Qolos Armenia” isə yazır ki, sənəd iki gündür yayılsa da Ermənistan rəhbərliyi hələ də ona reaksiya verməyib. Üstəlik nəşr diqqəti bu məqama cəlb edir ki, Ermənistana dair hava əməliyyatı planının “itirilməsi” barədə xidməti yazışma 2016-cı ilin aprelində Qarabağda gedən dördgünlük müharibədən bir neçə həftə sonraya təsadüf edir.
Türkiyə hakimiyyəti və Baş qərargahı hələlik bu sənədi şərh etməyib.