“BƏYƏM ONLAR İSLAHATA DƏSTƏK VERMİRLƏR?...” – “Onda desinlər ki, biz etimadı doğrultmamışıq”

30-11-2019, 17:27   


Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının qərarı ilə ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. İndi əsas diqqət bu qərarın hansı zərurətdən yaranması və yeni parlamentin kimlərdən təşkil oluna biləcəyi mövzularına yönəlib.

“AzPolitika.info” bu mövzuda Milli Məclisin bitərəf deputatı, politoloq Rasim Musabəyovla söhbət edib.

  Müsahibəni təqdim edirik:

- Rasim müəllim, YAP Siyasi Şurası Milli Məclisdə təmsil olunan deputatlarını geri çəkməklə növbədənkənar parlament seçkilərinin keçirilməsinə siyasi şərait yaratdı. Bu qərarı necə qiymətləndirirsiniz?

- Bu məsələ hakim çoxluğun əlindədir. Hakim çoxluğun belə təşəbbüslə çıxış etməsi kifayət idi ki, parlamentdə buna nail olsun. Yəni hakim partiyanın parlamentdə çoxluğunu nəzərə alsaq, belə bir qərarın verilməsi realdır. Ancaq hesab edirəm ki, bu məsələyə dair suallar bu qərarı qəbul edənlərə verilməlidir. 

- YAP Siyasi Şurası bu qərarla ölkədə həyata keçirilən yeniləşməyə və islahatlara öz töhfəsini verdiyini bəyan edib... 

- Nəzərə alsaq ki, parlament bunu deyən çoxluğun nəzarətindədir... bəyəm onlar cənab Prezidentin apardığı islahata dəstək vermirlər?... 

- Verirlər... 

- O halda bu ifadə nə deməkdir? Bu səbəbdən də deyirəm ki, bu sualları mənə deyil, parlament çoxluğuna istiqamətləndirmək lazımdır. Bunun müəyyən zərurəti var ki, indi dilə gətirilmir, ancaq mən fərziyyələrlə danışmaq istəməzdim. Düzdür, mənim öz baxışlarım var, bu suallara müəyyən mənada rasional cavab tapmışam. Ancaq zəhmət çəkib əvvəl qərar verənlər bunu ictimaiyyətə əsaslı şəkildə çatdırsınlar, sonra lazım gələr, mən də fikirlərimi açıqlayaram. 

- Öz fikrinizi indi açıqlamaqdan niyə çəkinirsiniz? 

- Mən niyə deməliyəm? Bu qərarı verənlər zəhmət çəkib bunu izah etsinlər. 

- Siz öz arqumentlərinizi deyin, maraqlıdır... 

- Yox, onlara qulaq asın. Desinlər, mən bu məsələdə onlara yardımçı olmaq istəmirəm. Zəhmət çəkib elə əsaslandırma gətirsinlər ki, bu ictimaiyyət üçün də inandırıcı olsun. Demək ki, islahatlar üçün... Hamı anlayır ki, orada müxalfət adı ilə olan tək-tük insanlar və bitərəflər prosesə nəzarət etmirlər. Parlament hakim çoxluğun əlindədir. Deyə bilərlər ki, biz Prezidentə dəstək olmağı bacarmırıq?...

- Yox... 

- O halda bu islahatlara kim maneədir? Mənmi mane oluram?! 

- Elan olunur ki, son ayların tendensiyasına uyğun olaraq parlamentin tərkibində də gəncləşmə prosesi gedəcək... 

- Anladım. Bu proses yarım il sonra keçirilsəydi, nə baş verərdi? Söhbət ondan gedir ki, seçkilərə 3 il qalsaydı, deyilə bilərdi ki, bəli, vaxt itirmək olmaz. İndi ən yaxşı halda seçkilər martın əvvəlinə təyin olunacaq. Bu o deməkdir ki, seçkilər öz vaxtından 6 ay qabağa çəkilir. Seçkilərin vaxtından 6 ay qabağa çəkilməsini əsaslandırma necə olacaq? 

- Görünür ehtiyac olub ki, belə qərar verilib... 

- Əgər ehtiyac olmasaydı, bu qərar verilməzdi. Sadəcə olaraq, niyə bu qərar verilib, açıq şəkildə demək istəməyiblər. Əlbəttə, hər şeyin zərurəti var. Buna da zərurət olub. Mən də müəyyən ehtimalla özüm üçün bu zərurəti görürəm. O mənada ki, nə üçün belə qərar verilib. Amma onlar demək istəmirlərsə, mən niyə deməliyəm? 

- Milli Məclis son dövrlər ölkədə aparılan islahatların mahiyyətinə uyğun olaraq “Məhkəmə və hakimlər”, “Tibbi sığorta”, Vergi Məcəlləsi və digər qanunlara əsaslı dəyişikliklər edir, islahatları dəstəkləyirdi... 

- Bu vaxta qədər cənab Prezidentin hansısa bir təklifinə parlamentin yox cavabı olubmu? Olmayıb. Yarım il qalmışdı və bu müddətdə də cənab Prezidentin apardığı islahatar kursuna dəstək olacaqdı. Amma təkrar edirəm ki, bu addıma zərurət var. 

- Bu qərarın verilməsinə dünyada və regionda gedən proseslərin təsiri olubmu? 

- Regionda proseslər ayrı cür də gedə bilər. Fərz edirəm ki, o cümlədən bunu da nəzərə alaraq parlament seçkilərini bir az tez keçirmək niyyəti var. Bizim seçkilərimiz dünyada bir o qədər də əhəmiyyət kəsb etmir, amma regionda proseslər elə gedə bilər ki, seçkiləri tez keçirmək, payıza saxlamamaq zərurəti ola bilər. 

- Siz hansı prosesləri nəzərdə tutursunuz? 

- Siz indi deyirsiniz ki, Rasim müəllim, gəlin bunu xırdalayın. Mən də deyirəm ki, bunun cavabını qərar qəbul edən şəxslərdən soruşmaq lazımdır. Qərarı verirlərsə, onu əsaslandırsınlar, desinlər ki, bu zərurət nədən yaranıb. Sadəcə olaraq demək ki, parlament köhnəlib və Prezidentə dəstək verə bilmir… Onda desinlər ki, biz etimadı doğrultmamışıq da! 

- Yox, söhbət parlamentin köhnəlməsindən getmir, Azərbaycanda müşahidə edilən islahatlar siyasətinə, yeniləşməyə dəstəkdən gedir... 

- Onda belə çıxır ki, onların mövcudluğu yeniləşməyə maneədir, beləmi çıxır? Parlamentdə çoxluq onlardadır. Məsələ ondadır ki, hakim çoxluq parlamentdə bu çoxluğu itirmək niyyətində deyil və parlamentə başqa yeni qüvvələr gəlməyəcək. Yenə də hakim çoxluq parlamentdə qalacaq. Hər halda düşünərək bu qərarı veriblər də, əks təqdirdə onu buraxmazdılar. Bir daha deyirəm ki, bu suallara mənim cavab verməyim doğru deyil. Amma düşüncəmə görə, regionda gedən proselər buna səbəb ola bilər. Məsələn, sabah İranda proseslər dərinləşdi və bu vətəndaş müharibəsi səviyyəsinə qalxdı. O zaman bura yüz minlərlə insan üz tutdu. Bu vəziyyəti təsəvvür etmək mümkünür. Bu halda seçkilərin keçirilməsi çətin ola bilər. Və ya Dağlıq Qarabağla bağlı aparılan danışıqlar nəticə vermədiyi halda güc amilinə müraciət etmək ehtiyacı yarandı. Bunu demək istəmirlərsə, mən də öz dilimdən bunu səsləndirmək istəmirəm… 

- Yeni parlamentdən gözləntiləriniz nədir? 

- Bizdə insanlar var ki, 30 ildir parlamentdədir, yaşları da var və çox sağ ol deməyin vaxtı da yetişib. Mənim öz yaşım da az deyil, 68 yaşım var. 70-i keçməsəm də, ona yaxınlaşmışam. Yeni, cavan, daha müasir baxışları olan insanlar parlamentə yeni nəfəs gətirə bilər. Bunun olub-olmayacağını mən deyə bilmərəm. Düşünmürəm ki, hakimiyyətin parlament çoxluğu bu mənada azala, parlamentə nəzarəti itirə bilər. Fərz edirəm ki, yeni seçkilərin nəticəsi kimi parlamentdə böyük dəyişikliklər olacaq. O cümlədən hakim partiyanın təmsilçiləri baxımından. Ola bilsin daha gənc, keyfiyyətli təhsilə malik, sovet şinelində deyil, müstəqillik dövrümüzdə yetişən mütəxəssislər gələ bilər. Amma mənim fərziyyəm budur, reallıq odur ki, hakim partiya öz namizədlərini irəli sürəcək, seçki prosesi başlayacaq. Amma kimlər namizədliyini irəli sürəcək məsələsini öncədən demək çətindir. Nəzərə alın ki, hələlik seçki də elan edilməyib. 

- Dediniz ki, 68 yaşınız var, siz də 70-ə yaxınlaşırsınız. Sizə elə gəlmirmi ki, problem bioloji deyil, təfəkkürcə yaşlanmadadır?… 

- Adam 70 yaşında da daimi həyatı izləyərək geridə qalmaya bilər. Ancaq insanın yaşı gələndə daha çox ehtiyatlı qərarlar verməyə meylli olursan. Halbuki, vəziyyət elə olur ki, risk yaransa da, daha cavan nəslə məxsus enerji ilə hadisənin üzərinə getmək lazım gəlir. Hər bir halda balans lazımdır. Amma elə insanlar var ki, ümumiyyətlə həyatdan geridə qalıblar. Dünyada, ölkədə nə baş verir, bizi nə gözləyir, anlamaq iqtidarında deyillər. Bəli, belə insanları 30 yaşında da tapmaq olar, 70 yaşında da. 

- Növbədənkənar parlament seçkilərində namizədliyinizi irəli sürəcəksinizmi? 

- Mən hələlik bunu deyə bilmərəm. Əvvəl seçkilər elan olunsun. Mən sabah görsəm ki, deputat seçildiyim dairədən məndən daha enerjili, yaxşı təhsilli, gənc biri namizəddir, hansı ki, onu parlamentdə görmək istəyərdim, ona nəinki rəqib olmaram, hətta onu dəstəkləyərdim. Ancaq görsəm ki, rəqibim belə deyil, bu barədə düşünərəm. Onsuz da mən sözümü demişəm, mövqeyimi gizlətməmişəm və buna da hər zaman davam edəcəyəm. Əslində mən 65 yaşından sonra təqaüdçüyəm və demək olar ki, parlamentdə ictimi əsaslarla fəaliyyət göstərirəm.

Vaqif NƏSİBOV 

AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.