Deputat vəsiqəsini girov qoyan Rafael Cəbrayılov milyonları ödəyə bilmir: 3 obyekti və bağçası satılacaq - TƏFƏRRÜAT

30-11-2019, 19:21   


Sabiq deputat Rafael Cəbrayılov borc qalmaqallarından qurtula bilmir. “AG Bank” ASC-yə külli miqdarda borcu olan Cəbrayılov özünə məxsus obyektlərin satılmaması üçün çalışır. Məhkəmə qərarı ilə onun mənzillərinin və uşaq bağçasının satılması ilə bağlı qərar çıxarılıb.

Musavat.com xəbər verir ki, Rafael Cəbrayılov “AG Bank” ASC-dən mənzil tikintisi üçün külli miqdarda kredit götürüb. Lakin krediti ödəyə bilməyib. İndi sabiq deputat əsas borcdan əlavə faiz borclarını da ödəməlidir.

“AG Bank” ASC Abşeron Rayon Məhkəməsinə müraciət edərək R.Cəbrayılovdan əsas borc, faiz borcu və cərimə ilə birlikdə 2 milyon 222 min dollar və 327 min manat tutulmasını istəyib. Məhkəmə borcun ödənilməsi ilə bağlı qətnamə çıxarıb.

Məhkəmənin qətnaməsində göstərilib ki, borcun ödənilməsi üçün Rafael Cəbrayılova məxsus Talıbov Aqil Mirqasım oğlunun mülkiyyətindəki Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyindəki 5 nömrəli binadakı ümumi sahəsi 68.5 kvadratmetr olan 3 saylı qeyri-yaşayış sahəsi, ümumi sahəsi 68.5 kvadratmetr olan 4 saylı qeyri-yaşayış sahəsi, ümumi sahəsi 578.9 kvadratmetr olan bağça, ümumi sahəsi 371.6 kv.m. olan 7 saylı qeyri-yaşayış sahəsi açıq hərracdan satılaraq borcun ödənilməsinə yönləndirilsin.

Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Rafael Cəbrayılovdan tutulmalıdır.

R.Cəbrayılov Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək kassasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini istəyib. R.Cəbrayılov iddiaçı tərəflə barışığa çalışır.

Sabiq deputat məhkəməyə təqdim etdiyi ərizəsini onunla əsaslandırıb ki, vəkillə müqavilə bağlamadığından və şikayətin qaytarılmasına səbəb olan digər pozuntular olduğundan kassasiya şikayəti geri qaytarılıb. Hazırda isə həmin pozuntular aradan qalxıb. Ona görə də keçən zaman ərzində buraxılan müddət üzrlü hesab edilməlidir və yenidən kassasiya şikayəti verməsinə şərait yaradılmalıdır. Sabiq deputat sonuncu instansiya məhkəməsində borc məsələsini həll etmək istəyir.

Apellyasiya baxışı zamanı nə iddiaçının nümayəndəsi nə də sabiq deputatın nümayəndəsi məhkəməyə gəlib. Məhkəmə tərəflər olmadan işə baxıb və sabiq deputatın xahişi nəzərə alınıb.

Xatırladaq ki, R.Cəbrayılovun obyektlərinin əlindən alınması ilə bağlı 12 mart 2018-ci ildə çıxarılan bu qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilərək, onların yenidən qiymətləndirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.

Sumqayıt Apellyasiya Məhkəməsi bu il iyunun 14-də “AG Bank” ASC-nin apellyasiya şikayətini qismən təmin edərək, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirib.

Qətnamə ilə razılaşmayan Rəfael Cəbrayılov kassasiya şikayəti və kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə məhkəməyə ərizə verib.

Xatırladaq ki, Rafael Cəbrayılovun digər şəxslərə də borcu var. Bu ilin sentyabr ayında Rafael Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması üzə çıxdıqdan sonra Milli Məclisin deputatı mandatından imtina edib.

Rafael Cəbrayılov vəsiqə ile ilgili görsel sonucu

R.Cəbrayılov Təranə Fətəliyeva adlı qadından aldığı borcu qaytara bilməyib.

Bina tikintisi ilə məşğul olan R.Cəbrayılov Təranə Fətəliyevaya borclu olduğunu etiraf edib və bildirib ki, mənzillər satılmadığından pulu qaytara bilməyib.

İlkin Muradov
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.