“Azərbaycan İslam aləminin bir parçasıdır”

8-07-2014, 13:20   
“Azərbaycan İslam aləminin bir parçasıdır”“Daxili təhlükə mənbəyi yoxdur”

“Bizim xarici siyasətimizlə bağlı olan əsas istiqamətlər müəyyən edilib. Mən bir neçə məsələ haqqında fikirlərimi bildirmək istəyirəm. Çünki əlbəttə ki, bizim xarici siyasətimiz əsaslıdır və strateji xətt seçilibdir, davam edir. Ancaq əlbəttə ki, vaxtaşırı bu məsələlərə aydınlıq gətirmək lazımdır, prioritetlər düzgün müəyyən edilməlidir və belə olan halda bizim xarici siyasətimiz daha da uğurlu olacaqdır”. “Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsindəki çıxışında deyib.

O bildirib ki, Azərbaycanın qonşularla münasibətləri çox müsbətdir: “Hesab edirəm ki, biz bu münasibətləri bundan sonra da inkişaf etdirməliyik. Bütün qonşularla, - təbii ki, Ermənistan istisna olmaqla, - bizim çox sağlam münasibətlərimiz vardır. Bu münasibətlər bərabərhüquqlu münasibətlərdir, çox möhkəm zəmin üzərində qurulubdur. Artıq bütün qonşularla münasibətlərimiz ikitərəfli maraqları təmin edir. Belə də olmalıdır. Biz bu bölgədə, bu coğrafiyada yaşayırıq. Ona görə qonşu ölkələrlə sağlam, mehriban qonşuluq münasibətləri hər bir ölkə, o cümlədən Azərbaycan üçün önəmlidir. Mən çox şadam ki, bizim bütün qonşularla çox gözəl bərabərhüquqlu və əsaslı münasibətlərimiz vardır. Burada həm siyasi, həm iqtisadi komponent mövcuddur. Əlbəttə ki, tarixi, mədəni əlaqələr də öz rolunu oynayır və hesab edirəm ki, biz gələcək illərdə qonşularımızla münasibətlərimizi daha da möhkəmləndirəcəyik. Çünki biz də istəyirik ki, hər yerdə inkişaf, hər yerdə sülh olsun və əlbəttə ki, qonşuluğumuzda da vəziyyət daim sabit olsun. Çünki Azərbaycanın indiki reallıqları bundan ibarətdir ki, ölkədə daxili təhlükə mənbəyi yoxdur. Heç bir narahatedici məqam da yoxdur. Azərbaycanın sürətli inkişafı, sabitliyin qorunması, xalqla iqtidar arasındakı birlik, xarici və daxili siyasətlə bağlı uğurlarımız, bax, belə vəziyyəti yaradıbdır. Daxili təhlükə mənbəyi yoxdur.

Ona görə biz, əlbəttə, istəyirik ki, ətrafda da təhlükə mənbəyi olmasın. Biz qonşularımızla bu istiqamətdə ikitərəfli və çoxtərəfli formatda çalışırıq, işləyirik. Hesab edirəm ki, gələcək illərdə də bu, prioritet olaraq qalmalıdır. Eyni zamanda, son illərdə yenə də bizim təşəbbüsümüzlə üçtərəfli formatlar da müəyyən edilmişdir. Onu da qeyd etməliyəm ki, bu, Azərbaycanın təşəbbüsüdür və bu gün belə formatlar vardır. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və son vaxtlar Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatları vardır. Xarici İşlər, İqtisadiyyat və Sənaye nazirlikləri səviyyəsində görüşlər keçirilir. Artıq prezidentlər səviyyəsində də bir görüş keçirilmişdir. Bunun da çox böyük faydası vardır. Burada əlbəttə ki, həm siyasi və iqtisadi, həm də enerji məsələləri müzakirə edilir. Bu, çox uğurlu bir əməkdaşlıq formatıdır. Deyə bilərəm ki, bu formatın çox gözəl nəticələri vardır. Belə görüşlərin keçirilməsi özlüyündə çox müsbət əlamətdir. Çünki burada regional əməkdaşlıq daha da möhkəmlənir. Biz isə həmişə çalışmışıq ki, regional əməkdaşlıq güclənsin. Hər bir ölkə, o cümlədən Azərbaycan regional əməkdaşlıq hesabına öz maraqlarını daha dolğun şəkildə təmin edə bilər. Ona görə, bax belə təşəbbüslər əlbəttə ki, uğur gətirəndə bu, bizi sevindirir. Çünki bizim xarici siyasətimiz yerində durmur. Biz daim axtarışda olmalıyıq, daim yeni əməkdaşlıq formaları haqqında fikirləşməliyik, təşəbbüs göstərməliyik ki, Azərbaycanın xarici siyasəti daha da uğurlu olsun.

Biz əlbəttə ki, ikitərəfli formata üstünlük veririk. Biz bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı maraqlar üzərində qurulan münasibətlərin tərəfdarıyıq. Buna nail ola bilmişik. Əlbəttə ki, ikitərəfli format ən uğurlu formatdır.

Müsəlman ölkələri ilə əlaqələrimiz çox möhkəmdir. Azərbaycan İslam aləminin bir parçasıdır. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal iş aparırıq. Bu təşkilatın xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilmişdir. Biz İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində öz töhfəmizi veririk. Əlbəttə ki, beynəlxalq arenada, xüsusilə BMT-də müsəlman ölkələrinin dəstəyi çox əhəmiyyətlidir. Bu qarşılıqlı dəstək artıq bir reallığa çevrilibdir. Əlbəttə ki, bu, bizi daha da gücləndirir. Bizim müsəlman ölkələri ilə tarixi əlaqələrimiz vardır. Bu əlaqələr bu gün yeni müstəviyə qalxıbdır. Ona görə bundan sonrakı illərdə də müsəlman ölkələri ilə əlaqələr daim inkişafda olmalıdır. Burada əlbəttə ki, müxtəlif variantlar mümkündür. Siyasi əlaqələr təbii ki, çox yüksək səviyyədədir. Hesab edirəm ki, biz iqtisadi sahədə fəaliyyəti gərək bir az artıraq. Buna imkan vardır. Hesab edirəm ki, Azərbaycan investisiyalarını müsəlman ölkələrinə qoymaqla biz iqtisadi sahədə də vəziyyəti yaxşılaşdıra bilərik.

Avropa ölkələri bizim ənənəvi tərəfdaşlarımızdır. Burada da ikitərəfli format hesab edirəm ki, bizim maraqlarımıza cavab verir. Avropanın əksər ölkələri ilə bizim çox işgüzar və səmimi münasibətlərimiz vardır. Mənim Avropa ölkələrinə səfərlərim, Avropanın dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunu əyani şəkildə göstərir. Avropa bizim əsas ticarət tərəfdaşımızdır. Bizim ixrac məhsullarımız daha çox Avropa məkanına göndərilir.

Əlbəttə ki, ikitərəfli əlaqələrin inkişafı üçün gözəl imkanlar vardır. Burada da münasibətlər qarşılıqlı maraqlar üzərində qurulubdur. Biz Avropaya daha yaxın olmaqla Azərbaycanda siyasi islahatları dərinləşdiririk. Bu, bizim üçün çox önəmlidir. Biz Avropanın bu sahədəki müsbət təcrübəsini öyrənirik və götürürük. Çünki bu, ölkəmizin uğurlu inkişafı üçün lazımdır.

Eyni zamanda, Avropa texnologiyaları bizə lazımdır. Biz bu gün ölkəmizi sürətlə inkişaf etdiririk. Müasirləşmə, sənayeləşmə prosesləri gedir. Nəinki Bakıda, hər bir yerdə çox böyük inkişaf vardır. Ona görə, yeni texnologiyalar olmadan bu inkişafa nail olmaq mümkün deyildir. Düzdür bu texnologiyaları bizə heç kim pulsuz vermir. Biz bunları alırıq və heç bir problem yoxdur. İndi bizə texnologiyaları satmaq istəyən şirkətlərin sayı o qədərdir ki, burada heç bir çətinlik yoxdur. Ancaq hesab edirəm ki, bu məsələ də ikitərəfli formatda öz yerini tutmalıdır. Xüsusilə nəzərə alsaq ki, Avropanın bəzi ölkələrində iqtisadi və maliyyə böhranının fəsadları hələ aradan qalxmayıbdır, əlbəttə, Avropa şirkətlərinin Azərbaycanda fəaliyyət göstərmələri onlar üçün də böyük maraq doğurur.

Azərbaycanda infrastruktur, neft-qaz layihələri həyata keçirilir. Bildiyiniz kimi, yaxın illərdə on milyardlarla dollar sərmayə qoyulacaqdır. Burada əlbəttə ki, Avropa şirkətləri fəal iştirak edəcəkdir. Hesab edirəm ki, bizim Avropa ölkələrində fəaliyyət göstərən diplomatlar üçün bax, bu iqtisadi maraqlar ön planda olmalıdır. Çünki bu gün Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada heç bir böhran, heç bir çətinlik, heç bir asılılıq yoxdur. Əksinə, bizim artan iqtisadi gücümüz, maliyyə potensialımız imkan verir ki, nəinki ölkə daxilində, Avropada da investisiyalar qoyaq.

Əlbəttə ki, son illərdə Asiya ölkələri ilə bizim əməkdaşlığımız çox sürətlə inkişaf edir və mən bunu çox müsbət qiymətləndirirəm. Çünki biz müstəqilliyimizi əldə etdikdə, əlbəttə ki, xarici siyasətimiz ilk illərdə özünü sanki bizə olan marağın cavabı kimi göstərirdi. Yəni, kim Azərbaycana maraq göstərirdi, biz onlarla daha çox əlaqələr qururduq. Təbii ki, ilk belə maraq göstərən Avropa ölkələri - Qərb ölkələri olmuşdur. Xüsusilə neft-qaz sektoruna olan maraq da orada əsas rol oynamışdır. Biz də təbii ki, münasibətlərimizi ilk növbədə o ölkələrlə qurduq.

Ümumiyyətlə, ilk illərdə belə bir təsəvvür var idi ki, bizim əsas tərəfdaşlarımız Qərb dünyasıdır. Əlbəttə ki, biz indi təxminən 23 ildir müstəqillik şəraitində yaşayırıq və indi bizim üçün dünyada heç bir sirr yoxdur. Ona görə müstəqilliyin ilk illərində Asiya ölkələri ilə münasibətlərimiz bir müddət o qədər də yüksək səviyyədə olmamışdır. Ancaq bu gün bu, bizi tam qane edən səviyyədədir.

Mənim səfərlərim, Asiya ölkələrinin rəhbərlərinin Azərbaycana səfərləri, qarşılıqlı maraqlar və qarşılıqlı hörmət bax, bu gün bu münasibətləri təcəssüm etdirir. Asiya ölkələri ilə siyasi və iqtisadi əməkdaşlıq aparmaq üçün çox böyük potensial vardır. Azərbaycana da çox böyük maraq vardır. Bu, həm ölkənin potensialı, eyni zamanda, bayaq qeyd etdiyim məsələ - müstəqil siyasət ilə əlaqədardır.

Çünki bu gün dünyada tam şəkildə müstəqil siyasət aparan ölkələrin sayı o qədər də çox deyildir. Bəzi hallarda bu müstəqil siyasət adı altında birtərəfli və radikal siyasət aparılır. Biz bunun da tərəfdarı deyilik. Biz heç bir ölkə ilə qarşıdurma siyasəti aparmaq niyyətində deyilik. Yəni, bu, bizim maraqlarımıza cavab vermir. Biz hər bir qarşıdurmaya hazırıq. Lazım gəldikdə sözümüzü deyirik, maraqlarımızı müdafiə edirik. Ancaq özümüz buna heç bir ehtiyac duymuruq. Biz, əksinə, bütün ölkələrlə çox xoş münasibətlər qurmaq əzmindəyik və buna nail olmuşuq. Ancaq milli maraqlarımızın hesabına yox, - əsas məsələ bundadır, - bərabərhüquqlu münasibətlərin hesabına.

Ona görə, müstəqil siyasətimiz və beynəlxalq məsələlərlə bağlı göstərdiyimiz prinsipiallıq Asiya ölkələrinin bizə olan rəğbətini artırır. Biz əlbəttə ki, bundan sonra da bu istiqamətdə fəal işləyəcəyik.

Beynəlxalq təşkilatlarla əməkdaşlığımız artıq uzun illərdir ki, aparılır. Hesab edirəm ki, Azərbaycan beynəlxalq təşkilatlarda çox uğurlu siyasət aparır. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bunu əyani şəkildə göstərir. BMT-də bizim fəaliyyətimiz əlbəttə ki, prioritet təşkil edir. Çünki BMT yeganə təşkilatdır ki, bütün dünya ölkələri orada cəmləşir və əslində, beynəlxalq ictimaiyyət deyəndə ilk növbədə BMT nəzərə alınmalıdır.

Əfsuslar olsun ki, son vaxtlar kütləvi informasiya vasitələrində “beynəlxalq ictimaiyyət” sözü çox işlədilir və bu söz bir qrup ölkələri nəzərdə tutur. Ancaq beynəlxalq ictimaiyyət BMT-dir və beynəlxalq ictimaiyyət Azərbaycanı dəstəkləyir, öz dəstəyini göstərmişdir. Ona görə indi bizim böyük, əvəzolunmaz təcrübəmiz vardır və biz BMT-də səylərimizi genişləndirməliyik. BMT-də ikitərəfli əlaqələri xüsusilə o ölkələrlə ki, münasibətlərimiz lazımi səviyyədə deyil, biz onlarla bu əlaqələri möhkəmləndirə bilərik və bunu edəcəyik.

Biz digər beynəlxalq təşkilatlarda, ATƏT-də əlbəttə ki, çox fəal iştirak edirik. Əfsuslar olsun ki, ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz sözünü deyə, heç bir nəticə hasil edə bilməyib. Sadəcə olaraq iyirmi ildən artıqdır ki, məsələ nə hərb, nə sülh vəziyyətindədir. Baxmayaraq ki, ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı və qiymətləndirmə missiyası göndərmişdir. Onlar da məruzə hazırlamışlar, sonra çalışmışlar ki, bu məsələni tarazlaşdırsınlar. Bunu necə tarazlaşdırmaq olar? Bizim torpaqlarımız işğal edilib, daş-daş üstə qalmayıb. Bütün şəhərlər, məscidlər, tarixi abidələr, qəbirlər dağıdılıb və burada hansısa bir tarazlaşdırılmış məruzədən söhbət gedə bilər?! Əlbəttə ki, bu, riyakarlıqdır, dözülməz bir yanaşmadır. Amma buna baxmayaraq, - yəni, həqiqətləri də tam şəkildə inkar edə bilmirlər, - bu missiyaların hesab edirəm ki, müsbət nəticələri olmuşdur.

Bu yaxınlarda Bakıda ATƏT Parlament Assambleyasının toplantısı keçirilmişdir. Biz bu kürsüdən də öz sözümüzü dedik və deyəcəyik. Çünki biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda prinsipial mövqeyimizi daim ifadə edirik və edəcəyik. Çünki bir daha demək istəyirəm ki, bizimlə məntiqi nöqteyi-nəzərdən mübahisə etmək mümkün deyildir. Çünki biz həqiqəti deyirik və bu həqiqət bəzilərinin xoşuna gəlmir. Bu, onların işidir. Amma biz həqiqəti deyirik. Biz istər Qarabağ məsələsi ilə, istər digər məsələlərlə, istər daxildəki vəziyyətlə, ümumiyyətcə dünyada gedən proseslərlə bağlı həqiqəti deyirik. Həqiqəti inkar etmək mümkün deyildir. Ona görə də ATƏT-də əlbəttə ki, bizim fəaliyyətimiz bundan sonra da çox fəal olacaqdır.

Mən İslam Əməkdaşlıq Təşkilatı haqqında danışdım. Hesab edirəm ki, bizim bu təşkilatda fəaliyyətimiz çox uğurludur. Çünki İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial qətnamələr qəbul etmişdir. Mən hesab edirəm ki, biz bu təşkilat çərçivəsində və müsəlman ölkələri ilə ikitərəfli formatda Qarabağ həqiqətlərini daha dolğun şəkildə onların diqqətinə çatdırmalıyıq. Əlbəttə ki, bunu bilirlər və bilməsələr bu qətnamələr qəbul olunmaz. Ancaq biz nəyi görürük? Ermənistan çalışır ki, müsəlman ölkələri ilə ikitərəfli münasibətləri qursun, ya da möhkəmləndirsin. Burada bəzi hallarda məlumat qıtlığı bu imkanları onlar üçün yaradır. Ancaq hesab edirəm ki, bütün müsəlman ölkələrinin vəzifəli şəxsləri ermənilərin Dağlıq Qarabağda və ətraf yerlərdə məscidləri dağıtdıqlarını bilsələr inanmıram, Ermənistan bu münasibətləri qurmaqda uğur qazansın.

Ona görə, yenə də hesab edirəm ki, Azərbaycanın dağıdılmış abidələri, dini abidələri barədə şəkillərdən və məlumatlardan ibarət 5-10 səhifəlik müxtəlif formada broşürlər, kitabçalar, jurnallar dərc edilməlidir. Bunlar hər bir xarici idarəyə, hər bir ölkənin Xarici İşlər Nazirliyinə, mətbuat orqanlarına, beyin mərkəzlərinə göndərilməlidir bilsinlər ki, məscidləri dağıdan ölkə müsəlman ölkələri ilə necə uğurlu əməkdaşlıq edə bilər?! Ermənistan isə əlbəttə ki, bu həqiqətləri gizlətmək, danmaq istəyir, biz isə imkan verməməliyik. Ona görə, - burada əlbəttə ki, diplomatik səylər öz yerində, - eyni zamanda, güclü təbliğat qurulmalıdır. Əslində qurulur, müsbət nəticələri vardır. Sadəcə olaraq, istəyirəm ki, daha da müsbət olsun”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.