"Qardaşımı polislər o qədər döymüşdülər ki, evə gələndə bir neçə gün ağrılardan yata bilmədi. Elə dayanmadan belindəki ağrının onu incitdiyini deyirdi. Yəqin daxilindəki zədəsi böyük olub, elə o xəsarətlərdən də dünyasını dəyişdi...".
Xaçmaz rayon sakini Nazilə Məlikova bu sözləri polis tərəfindən saxlanılan, sərbəst buraxıldıqdan az sonra dünyasını dəyişən 35 yaşlı qardaşı Ramin Osmanov haqda danışarkən deyib. O, Criminal.az-a bildirib ki, R.Osmanov noyabrın əvvəllərində polis tərəfindən tutulub. Onu yaşadığı evin qarşısından Xudat polis bölməsinə aparıblar. Orada ona işgəncə verib başqasının əleyhinə ifadə almaq istəyiblər, daha sonra isə Xaçmaz rayon Polis Şöbəsinə gətirilib.
Ramin Osmanov
N.Məlikova deyir ki, R.Osmanov 3 gün polisdə saxlanıldıqdan sonra sərbəst buraxılıb. Bir neçə gün əvvəl isə hamamdan dünyasını dəyişib.
Bacısı R.Osmanovun polisdə işgəncə zamanı aldığı xəsarətlərdən öldüyünü iddia edir:
"Onun qara ciyəri partlayıb. Ramin yeni əməliyyat olunmuşdu. Böyrək, öd və mədəsindən bir neçə dəfə əməliyyat keçirmişdi. Polisdə ona işgəncə verilərkən də onlara əməliyyat olunduğunu deyib. Lakin buna əhəmiyyət verməyiblər. Bir neçə polis onun qolarını qandallayaraq döyüb. 3 gün Xaçmazda, bir gün isə Xidat polisində qalıb. Çıxandan sonra da belində aldığı xəsarətdən şikayətlənirdi. Yəqin içəridən zədəsi böyük olub. Ramin azad olunandan sonra onlardan bir neçəsinin adını çəkib. Bildirib ki, onu Xudat bölməsinin rəisi Cavanşir, sahə müvəkkili Təhmin Aslanov və başqaları döyüb. Cavan qardaşımı günahsız döyüb öldürdülər...".
Ramin Osmanovun polisdən buraxılandan sonra şəkilən fotosu
"Əgər qardaşım günahkardırsa, cəzasını məhkəmə verəydi, gedib cəzasını çəkərdi. Niyə işgəncə verib öldürürsən? Rayon prokurorluğuna, daxili işlər naziri Vilayət Eyvazova müraciət etmişəm. Dünən Baş Prokurorluqda olmuşam. Günahkar cəzalanmalıdır"-deyə N.Məlikova bildirdi.
Mərhumun qardaşı Cəfər Osmanov deyir ki, Ramin polis işgəncəsi zamanı aldığı xəsarətlərdən ölüb: "Raminin meyidini özüm yudum. Polisdən buraxılmasından az qala 3 həftə keçmişdi, amma belində işgəncə izi hələ də qalırdı, qapqara idi".
Xudat polis bölməsinin Cavanşir adlı rəisi hadisə ilə bağlı açıqlama vermək istəmədi. Polis sahə müvəkkili, işgəncə verilməsində adı hallanan Təhmin Aslanov Criminal.az-a bildirdi ki, R.Osmanov narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb. Daha sonra məhkəmə tərəfindən polisin nəzarətinə verilməklə sərbəst buraxılıb. Polis zabiti R.Osmanova işgəncə verilməsini isə təkzib etdi.
Xaçmaz rayon prokurorunun böyük köməkçisi Tural Məhərrəmov Criminal.az-a bildirdi ki, R.Osmanovun polisdə döyülməsi faktı ilə bağlı araşdırma aparılır. Prokuror kömkçisinin sözlərinə görə, Osmanova işgəncə verilməsi ilə bağlı şikayət hələ ölümündən əvvəl verilib. Lakin onun ölümü döyülmədən baş verməyib. Ölmünü əsl səbəbi ekspert rəyindən sonra məlum olacaq. Ölüm böyük ehtimal dozadan artıq narkpotik maddənin qəbulundan baş verib.
Ramin Osmanovun sərbəst buraxılandan sonra, ölümündən əvvəl çəkilən fotoları. Yaxınları iddia edir ki, şəkillərdə görünən yaralar və qızartılar polis işgəncəsi zamanı yaranıb