Partiyaları qəfil haqlamış seçki: Kim hazırdır?

3-12-2019, 13:29   


Partiyaları qəfil haqlamış seçki: Kim hazırdır?

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təklif ölkənin siyasi gündəmini dəyişdi. 

Növbədənkənar parlament seçkilərinin keçirilməsi uzun zamandır müzakirə olunsa da, qərarın ilin yekununda verilməsi siyasi cameədə birmənalı qarşılanmadı. Bir sıra siyasi partiyalar seçkilərə hazır olmadığını bəyan etsə də, bəziləri, o cümlədən hakim Yeni Azərbaycan Partiyası hazırdır. Bu haqda YAP icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov jurnalistlərə açıqlamasında məlumat verib. YAP yetkilisi deyib ki, artıq hansı dairədən kimin namizədliyinin irəli sürüləcəyi onlara bəllidir.

Qeyd edək ki, Milli Məclisin 2 dekabrda keçirilən plenar iclasında parlamentin buraxılması və növbədənknar seçkilərin təyin olunması ilə bağlı 99 deputatın razılığı ilə Prezidentə müraciət edilib. 

Maraqlıdır, müxalifəti təmsil edən siyasi partiyalar necə, seçkilərə hazırdırmı? 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət” qəzetinə açıqlamasında seçkilərə hazırlaşdıqlarını deyib:

“Partiya olaraq növbədənkənar parlament seçkilərində iştirak etmək qərarı verdik. Qərarımızı da ictimaiyyətlə paylaşdıq. Biz hər zaman seçkilərdə iştirakın, sivil mübarizənin tərəfdarı olmuşuq, bu siyasətimiz də hər zaman davam edəcək. Hazırlıq məsələsinə gəlincə, hələ məlum xəbər təzə çıxıb. Amma təbii ki, hər bir partiya istənilən gözlənilməz seçkiyə hazır olmalıdır. Biz də son sürət, var gücümüzlə hazırlıqlara başlamışıq. Zamanı gələndə tam hazır olacağıq”.

Respublikaçı Alternativ Partiyası (ReAl) sədrinin müavini Natiq Cəfərli isə təmsil etdiyi partiyanın digər siyasi qurumlara nisbətən növbədənkənar seçkilərə daha çox hazır olduqlarını deyib:

“Növbədənkənar parlament seçkilərinin olacağı ilə bağlı hətta 1 il yarımdan çoxdur mətbuatda açıqlamalarımız gedirdi. Partiya olaraq növbədənkənar seçkilərin keçirilməsi ehtimalının yüksək olduğunu düşünürdük. Keçən il 42 min səs toplayaraq Milli Məclisə qanun layihələri göndərərkən də, biz sanki test edirdik, təşkilatın vəziyyətini yoxlayırdıq. Digər tərəfdən, Milli Məclisin buraxılması üçün konstitutsion zəmin yarandı. Amma qərar indi verildi. Düşünürəm ki, biz digər siyasi partiyalara nisbətən bu prosesə daha çox önəm verdiyimiz üçün daha hazırlıqlı sayıla bilərik. Amma təbii ki, zaman da azdır. Çalışacağıq ki, bu hazırlıqları daha da sürətləndirək və parlament seçkilərində çox yaxşı, gözəl nəticə göstərək”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov da təmsil etdiyi partiyanın seçkilərə hazır olduğunu bildirib:

“Parlamentin buraxılması ilə bağlı yaranmış situasiya müxalifət düşərgəsini qəfil yaxaladı. Lakin AMİP hər cür situasiyaya hazırdır. Partiyanın yerli strukturlar demək olar ki, seçki prosesinə hazırdır. Rayon təşkilatlarına edilən səfərlər, yerlərdə keçirilən görüşlər, habelə yenidən təşkilatlanma imkan verdi ki, vaxt itirmədən gedən proseslərə tam gücümüzlə qatıla bilək. Doğrudur, növbədənkənar  parlament seçkilərinə çox az vaxt, yəni 60 gün qalır. Bu müddət ərzində uğurlu seçki kampaniyası aparmaq elə də asan deyil. Buna baxmayaraq, partiyanın strukturlarının işlək vəziyyətdə olması və mobillik parlament seçkilərində yüksək səviyyədə iştirakımızı asanlaşdıracaq. İnanıram ki, növbəti parlament seçkilərində AMİP parlament partiyası olacaq”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) İcra Aparatının rəhbəri Ramil Hüseynov da seçkilərə hazır olduqlarını bildirib:

“Növbədənkənar parlament seçkiləri ilə bağlı uzun zamandır ki, partiyada hazırlıq prosesi gedir. Çünki ilk olaraq biz növbədənkənar parlament seçkilərinin elanını vermişdik. Bu baxımdan, tam hazırlıq prosesi başa çatmasa da, müəyyən işlər görülüb. Amma seçkidə iştirak edib-etməməklə bağlı hələlik partiyanın qərarı yoxdur. Partiya qərarını verdiyi zaman onu da mətbuata açıqlayacağıq”.

Ağ Partiyanın sədri Tural Abbaslı isə seçkilərə hazırlıqsız olmadıqlarını deyib:

“Əslində, növbədənkənar parlament seçkiləri uzun müddətdir ki, gözlənilirdi. Yəni “biz bu seçkilərə hazırlıqsız yaxalandıq” demək doğru olmazdı. Yeni partiyayıq deyə 125 dairənin hamısını əhatə edə bilməyəcəyik. Ancaq iddialı olduğumuz xeyli sayda dairələr var. Zamanı gəldikdə konkret bu sahə üzrə fəaliyyətə başlayacağıq. Ancaq, onu da qeyd etməliyəm ki, hələlik Ağ Partiyanın iştirakla bağlı konkret qərarı yoxdur. Biz iqtidardan seçki sahəsində islahatlar gözləyirik. Artıq belə addımlar atıldıqdan sonra konkret qərarımız olacaq. İndidən konkret danışmaq tezdir”.

Vilayət Muxtar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.