“PUTİN LİVİYANIN BAŞINA YENİ QƏDDAFİ GƏTİRİR”- "The Wall Street Journal": "Onun əsas hədəfi Liviya yox, NATO-dur"

4-12-2019, 08:46   

“The Wall Street Journal”,

(ABŞ)

ABŞ-ın Liviyadakı maraqları təhlükə altındadır. Həm müttəfiqlər, həm də onlara müxalif olanlar ölkə rəhbərliyinə bir diktatorun gətirilməsinə çalışırlar. Bunu etməklə ABŞ-a olan inamı sarsıdır, həmçinin Amerikanın liderlik mövqeyini şübhə altına alırlar.

Bu ilin payızında yüzlərlə, bəlkə də minlərlə rus muzdlu Liviyanın paytaxtı Tripoli uğrunda (ölkənin avtoritar lideri statusuna iddialı olan Xəlifə Haftarın tərəfində) mübarizəyə qoşuldu. Lakin Rusiyanın əsas marağı Liviya deyil, NATO-dur.

Rusiya prezidenti Vladimir Putin Liviya lideri Müəmmər Qəddafinin ölümünə səbəb olan ərəb baharını və NATO-nun müdaxiləsini öz avtokratik rejimi üçün təhdid kimi qəbul etdi. Onun Suriyadakı və indi də Liviyadakı qarşıdurmalara müdaxiləsi zəifləyən diktatorların mövqeyini gücləndirmək cəhdləridir.

Putin inqilabların uğursuzluğa düçar olacağını, bölgədə NATO-nun və ya Vaşinqtonun deyil, məhz onun nüfuzlu bir qüvvə olduğunu sübut etmək üçün Liviyanın başına yeni Qəddafi qoymağa, ABŞ-ın lider mövqeyini sarsıtmağa çalışır.

Bunun üçün Qərbin riyakarlığına diqqət çəkir və həmfikir avtokratlarla ittifaq qurur. Çinin yüksəlişi və avtokratiyaların gücləndirilməsi üçün texnologiyalarının sürətli inkişafı bu tendensiyanı daha da ağırlaşdırır.

ABŞ isə Suriyadakı kürdlər, həmçinin Birləşmiş Ştatların dəstəyilə İŞİD-ə qarşı mübarizə aparan və hazırda Haftar qüvvələri tərəfindən hava hücumlarına məruz qalan Liviya qoşunları qarşısında özünü etibarsız tərəfdaş kimi göstərməklə vəziyyəti daha da mürəkkəbləşdirdi.

Kreml Liviyaya ya Qəddafinin oğlu Seyf əl-İslamı, ya da Misir prezidenti Əbdülfəttah Əl-Sisiyə bənzəyən və çox yaxşı diktator ola biləcək Haftarı rəhbər qoymağa üstünlük verir. Bu nəticələrin hər hansı biri Liviyada demokratiyanın məğlub olduğuna dair açıq bir siqnal olacaq.

Haftarın qoşunları uğur qazansa, bu, Qəddafi rejimindən sonra Liviyada müqavimətin yoxluğu ilə bağlı olmayacaq. Çünki Qəddafi rejiminin süqutundan sonra bir çox liviyalı üsyançı qrupların hakimiyyətə gəlməsinə qarşı mübarizə apardı. Sadəcə olaraq azad dünya bu mübarizədə onlara yetəri qədər kömək göstərmədi.

Liviyada demokratiyaya qarşı savaşan təkcə Rusiya deyil. Amerikanın ərəb müttəfiqləri və tərəfdaşları – ilk növbədə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misir də Haftarı dəstəkləyir.

Onlar ölkə insanının onlara qarşı çıxmaq üçün istifadə edə biləcəyi hökumət modelinin, plüralist demokratiyanın formalaşmasına mane olurlar.

Bu rejimlər xüsusilə “Müsəlman qardaşlar” kimi İslam partiyalarının siyasi proseslərdə iştirakını təmin edəcək bir demokratiyanın mümkünlüyündən qorxurlar. Bütün bunlar ərəb dünyasında dövlət idaretməsinin gələcəyini müəyyənləşdirmək imkanı uğrunda geniş bir rəqabətin parçasıdır.

Liviya vətəndaş müharibəsinin nəticələri təhlükəsizlik üçün ölümcül təsirə malikdir. Haftarın tərəfdarları deyirlər ki, bu avtoritar lider terrorizmin öhdəsindən gəlmək və miqrasiya nəzarəti məsələsini həll etmək gücündədir.

Təcrübə bunun əksini göstərir. Qeyri-zorakı xətt tutan islamçıların vəhşicəsinə yatırılması radikal və qəddar alternativin – sələfi cihadçılığının nümayəndələrinin mövqeyini gücləndirir. Dinc siyasi etirazları vəhşicəsinə basdırmaq və həssas əhali təbəqələrini qurbana çevirməklə Haftar və tərəfdarları onları sələfi cihadçılarının istifadəsinə vermiş olur.

Tramp administrasiyası yavaş-yavaş reallığı dərk etməyə başlayır. Noyabr ayında Dövlət Departamenti Haftar və Rusiya qüvvələrinin hərəkətlərini sərt şəkildə pislədi. Prezident Trampın aprel ayında Haftarla telefon danışığından sonra ABŞ-ın belə mövqe sərgiləməsi olduqca vacib addım idi. Çünki həmin vaxt bu telefon söhbəti Haftarın Tripoliyə hücumuna ABŞ-ın dəstəyi kimi qarşılanmışdı.

Vaşinqtonun bu açıqlamasından dərhal sonra Haftar qüvvələri və rus muzdlular Tripolidəki müxaliflərə hücumlarının intensivliyini artırdılar. Daha sonra ABŞ rəsmiləri barışığı müzakirə etmək üçün Haftarla görüşdülər. Lakin onun qoşunları yaşayış məntəqələrinə aviazərbələr də daxil olmaqla hücumlarını davam etdirdilər.

İndi Birləşmiş Ştatlar seçim qarşısında qalıb: davam edən vətəndaş müharibəsi şəraitində Liviya iqtisadiyyatını, təhlükəsizlik və idarəetmə sistemlərini bərpa etməyə çalışmaq və ya münaqişənin bitməsi üçün tədbirlər görüb, Putin və digər avtokratları daha bir qələbə fürsətindən məhrum etmək.

Bu məsələ ilə bağlı Avropada çox fikir ayrılığı var. Ona görə də Liviya liderlərini və digər liderləri atəşkəsə ehtiyac olduğuna inandırmaqla bağlı missiyanı ABŞ öz üzərinə götürməlidir.

Vaşinqton Liviyaya silah tədarükü ilə əlaqədar BMT embarqosunun kobud şəkildə pozulmasının qarşısını almaq üçün əlindəki rıçaqlar vasitəsilə ərəb müttəfiqlərinə və tərəfdaşlarına təzyiq göstərməlidir. Həmçinin Rusiyanın Liviyaya muzdlular göndərməməsi üçün ciddi səy göstərməli, avropalı müttəfiqlərini onlara qarşı da sanksiyalar tətbiq etməyə inandırmalıdır.

Bütün bu hərəkətlər günahsız vətəndaşların əziyyətlərini yüngülləşdirmək, ABŞ-ın lider mövqeyini bərpa etmək və Liviya xalqının öz işini müstəqil idarə etməsini təmin etmək yolunda ilk vacib addımdır…

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.