“Qəbul olunan qərara görə, biz artıq deputat deyilik, kimlə, nə müzakirə etməliyik?” - Arif Rəhimzadə

4-12-2019, 15:12   


“Mən özüm əlbəttə, namizəd olmaq istəyirəm, ancaq...”

Milli Məclisin buraxılması və yeni seçkilərin təyin edilməsi barədə prezidentə ünvanlanan müraciətin əleyhinə çıxan 1 nəfərin məhz Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə olduğu deyilsə də, özü bunu təkzib edib. Komitə sədri mövzu ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırarkən plenar iclasda parlamentin buraxılması ilə bağlı dilə gətirdiyi etirazında israrlı olduğunu bildirdi. Müsahibəni təqdim edirik:

-Arif bəy, bu gün çoxlarını maraqlandırır ki, Prezidentə ünvanlanan müraciətə səs verməyən deputat kimdir. Sizin adınız daha çox hallandırıldı...

- Yox, mən səsvermədə iştirak etmədim. Çünki bizim sədrlə söhbətimiz zamanı səsvermə başa çatdı.

- Əksəriyyət düşündü ki, ya sənədin əleyhinə çıxmışınız, ya da bilərəkdən səsvermədən kənarda qalmışınız...

- Yox. Mən sədrə sual verdim. Dedi ki, səs ver, ondan sonra sual ver! Nə təhər yəni, səs ver, sonra sual?!

- Deputat həmkarınız Siyavuş Novruzov bizə müsahibəsində sizin səsləndirdiyiniz arqumentlə razılaşmayıb və fikirlərini konkret şəkildə əsaslandırıb. Onun dedikləri ilə razısınızmı?

- Mən həmin müsahibəyə baxmamışam. Amma mənim fikrim belədir: gərək qərarda nəzərdə tutulaydı ki, yeni parlament seçkilərinə gedilsin. O müddət ərzində isə deputatlar fəaliyyətlərini davam etdirsinlər və yeni parlament seçiləndən sonra onlar istefaya getsinlər. Mən hesab edirəm ki, prosedur belə olmalı idi. Yaxşı, işləmişik, özümüz-özümüzü niyə alçaldaq ki, “mümkünsüzlük”... Nə mümkünsüzlük? Bəli, gərək qərar qəbul olunaydı ki, yeni seçki təyin edilsin, o müddət ərzində parlament səlahiyyətini saxlasın. Biz müharibə şəraitində olan ölkəyik. Bizim xarici ölkələrin parlamentlərilə, beynəlxalq təşkilatlarla əlaqələrimiz var. Ora gedəsi adamlar var, gərək ordakı toplantılara nümayəndə heyətləri qatılsın... İndi biz nə deməliyik: parlament yoxdur?

- Yeri gəlmişkən, ATƏT PA-nın budəfəki toplantısına qatılmadı...

- Hə də, getməməlidir. Belə qərar qəbul edəndə nə təhər getsin?

- Əslində sizin təklifiniz deputatların əksəriyyətini qane etməliydi məntiqlə. Bəs, belə olan təqdirdə niyə sizinlə həmfikir olmadılar?

- Onu deputatlardan soruşun.

- Bir arqument də səslənir ki, son sözü Prezident deyəcək. Ola bilərmi ki, dövlət başçısı Konstitusiya Məhkəməsinin rəyindən sonra sizin təklifinizi də nəzərə alacaq, bunu gözləyirsinizmi?

- O da ola bilər. Ancaq biz özümüz bunu başa düşərək, bunu anlayaraq niyə özümüzü belə səthi düşüncəli insanlar kimi təqdim edirik? Bax, mən bununla razı deyiləm.

- İclas bitəndən sonra sədarətlə bu mövzuda müzakirəniz oldumu?

- Heç bir müzakirəm-zadım olmayıb. Qəbul olunan qərara görə, biz artıq deputat deyilik, kimlə, nə müzakirə etməliyik?

- Artıq deputat deyilsiniz?

- Sədr elə dedi də, qərar da belə oldu. İki gündən sonra parlament buraxılasıdır da.

- Bəs, deyiblər, 27 dekabrda parlament dünya azərbaycanlılarına bayram təbrikini qəbul edəcək...

- O da olacaq. Ancaq ondan qabaq sədr dedi ki, bizim son plenar iclasımızdır. Əlbəttə, cənab prezident bunu tənzimləyəcək, qanuna, şəraitə uyğun qərar qəbul edəcək. Məni narahat edən odur ki, biz niyə özümüzü səthi düşüncəli qurum kimi təqdim etdik? Məni narahat edən budur.

- Arif bəy, siz bu fikirləri YAP Siyasi Şurasının iclasında da deyə bilərdiniz. Niyə o zaman demədiniz?

- Birincisi, YAP Siyasi Şurasının iclasında elə bir imkan olmadı. İkinci tərəfdən, əsas məsələ burda həll olunurdu. Əslində komissiya yaradıldı ki, qərar hazırlasın, gərək əvvəlcə həmin qərar layihəsi deputatlara paylanaydı. Bu zaman fasilə elan olunaydı. Ondan sonra deputatlar yığılıb o qərar ətrafında sözlərini deyəydilər. Bu məsələlər olmadı. Ordan oxudular, biz dedik, “bəli, baş üstə”.

- Bütün bunlardan sonra maraqlıdır, növbədənkənar seçkilərdə iştirakla bağlı qərarınızı qətiləşdirmisiniz?

- Mən bu barədə əvvəllər də demişəm. Deputat olmaqdan ötrü üç şərt var. O üç şərt olsa, mən namizədliyimi verəcəyəm. Mən özüm əlbəttə, namizəd olmaq istəyirəm. Ancaq bu məsələ tək məndən asılı deyil...

P.S.Müsahibə Konstitusiya Məhkəməsinin qərarından əvvəl götürülüb.

Elşad Paşasoy,
“Yeni Müsavat”

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.