Noyabrın 28-də YAP Siyasi Şurasının iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub. Mandat çoxluğu məhz YAP-da olduğuna görə, hakim partiyanın deputatların çəkilməsi ilə Milli Məclis buraxılması yolu açıldı. Prezidentin Konsitutsiya Məhkəməsinə müraciəti əsasında parlamentin buraxılması barədə qərar qəbul edildi.
Parlamentin 2015-ci ildən bəri fəaliyyət göstərən hazırkı tərkibi son dəfə dünən bir “məclisə” yığışmışdı.
Bəs ötən 4 il ərzində bu tərkibdən yaddaşlarımızda nələr qaldı?
Anaxeber.info publika.az-a istinadən Milli Məclisin bəzi deputatlarının ötən dörd il ərzində hafizələrdə iz buraxan bir neçə çıxışını təqdim edir:
İl 2016
83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən seçilmiş, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, həmçinin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas
2016-cı il yanvarın 15-də Ağcabədidə icra hakimiyyətində vətəndaşlarla görüş keçirilib. Görüşdə həmin bölgədən deputat seçilən Aqil Abbas da iştirak edib. İnsanların işsizlik probleminin həllinə deputat belə “unikal” cavab vermişdi: “İş yeri tikirlər, sahibkarlar da yer açır ki, camaatı işlə təmin etsinlər. Amma hamını işlə təmin etmək… Amerikada hamı işlə təmin edilib? Ya İngiltərədə, ya Fransada, ya qardaşımız Türkiyədə? Dövlət qulluq vermirsə, sənə torpaq verir. Get, orda soğan ək, ailəni saxla. Məsəl üçün deyirəm ha bunu. Məndə istəyərəm hamı işlə təmin olunsun. İşsizlik problemi ölkədə var, bunu kimsə danarsa, axmaq adam olar. Sadəcə, bütün dünyada gedən iqtisadi böhran var, problemlər var. Hətta Obama da problemlərdən danışdı, Amerika kimi dövlətin başçısı. Amma bunu şişirtmək olmaz. Orta məktəbdə 20 müəllim işləməlidirsə, 21-ciyə ehtiyac yoxdur axı…”
(Bəs 21-ci deputat nə etməlidir?)
***
İl 2019
46 saylı Şirvan seçki dairəsindən deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov
Rəfael Cəbrayılov borca görə məhkəməyə verilib. Bu zaman məlum olub ki, o, 300 min ABŞ dollarını vaxtında ödəyə bilmədiyinə görə III və IV çağırış Milli Məclisin deputat vəsiqəsini girov qoyub.
Bundan başqa, R.Cəbrayılov 2015-ci ildən bəri ancaq və ancaq qalmaqallarla, tikinti şirkətinin vətəndaşları aldatması, sələmçilik və s. hadisələrlə gündəmə gəlib. 14.11.2012-ci ildə Ali Məhkəmədə “NikoilBank”ın deputat R.Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və digər qohumu Akif Amanəliyevə qarşı kasasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib və kasasiya şikayəti təmin olunmayıb. Bundan başqa, deputata və onun yeznəsinə qarşı iddia “AG Bank” ASC tərəfindən qaldırılıb. Belə ki, R.Cəbrayılov və kiçik bacısının həyat yoldaşı olan sürücüsü Talıbov Aqil Mirqasım oğlu bankdan külli miqdarda kredit götürüblər. Daha sonra isə ödənişlərdə problem yaranıb. Belə olduqda “AG Bank” ASC Abşeron Rayon Məhkəməsinə müraciət edərək kredit müqaviləsi üzrə borcun tutulması və borc tələbinin ipoteka predmetinə yönəldilməsini tələb edib. Son hadisədən sonra Rafael Cəbrayılov vəzifəsindən istefa verib.
(Bəs vəsiqə kimdə qalıb?)
***
İl 2016
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilən deputat Astan Şahverdiyev
22 dekabr, axşam saatlarında Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyaları keçiriblər. Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz ediblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib. 9 polis əməkdaşı yaralanıb. Aksiyada fəallıq edən şəxslər saxlanıblar, onlar barəsində cinayət işi açılıb.
Daha sonra dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə “Azərişıq” ASC-nin müavinləri, Cəbrayıl rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb. O, “PakıPost”a müsahibəsində bu məsələyə münasibət bildirərkən növbəti “unikal” deputat mövqeyini dilə gətirib:
“Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var.
O saxlanılanlar ən “yarıy” (ruscadan tərcümədə “azğın”, “qudurğan” deməkdir – red.) adamlardır, mən bir az rus təhsilliyəm, Azərbaycan dilində qarşılığını tapa bilmirəm”.
O, 2018-ci ildə aprelin 15-də Qusarın Çiləgir kəndində ürək tutmasından vəfat edib.
(Ölünün arxasınca danışmazlar…)
***
İl 2015
74 saylı Lənkəran kənd seçki dairəsindən deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli
Parlamentdə çıxış edən Hadi Rəcəbli müəllimlərin əməkhaqqı məsələsinə toxunarkən etdiyi təkliflə hər kəsi təəccübləndirib. Az əmək haqqı alan müəllim heyətinə maraqlı çıxış yolu göstərən Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri bildirib: “Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”
(Görəsən, maaşından narazılıq edən deputatlar işdən sonra nə ilə məşğul olur?)
***
İl 2019
35 saylı Xətai üçüncü seçki dairəsindən deputat, Milli Məclisin Əmək və sosial siyasət, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Araz Əlizadə
İTV-də yayımlanan 3D proqramının qonağı olan deputat Osmanlı imperiyası haqqında bir neçə fikir səsləndirib. Aparıcı sual verib ki, “siz demisiniz ki, Nuru Paşa qızıl müqabilində Türkiyədən gələrək, Bakını azad edib. Hətta ermənilərlə aramızda olan münasibət Osmanlı türklərinə görə olub”
Araz Əlizadə cavabında bildirib ki, Osmanlı ordusu muzdlu ordu idi. “Muzdlu ordu da pul olmasa, heç vaxt müharibəyə getməz və girişməz. Burda qəbahət birşey yoxdur”.
Deputat, bundan başqa,Türkiyə ilə Azərbaycanın qardaş ölkə olmadığını da söyləyib: “Türkiyə ilə Azərbaycan arasında olan qan qruplarındakı elementlerə nəzər salsaq görərik ki, bir-birilərinə heç uyğun gəlmirlər. Türklər Asiyadan gəlmədirlər, onlar sarı irqə məxsusdur. Azərbaycanlılar isə, Hind-Avropa irqinə aiddir”.
(Dünya sənin, dünya mənim, dünya heç kimin…)
***
İl 2016
33 saylı Xətai birinci seçki dairəsindən deputat, Milli Məclisin Aqrar siyasət, həmçinin Mədəniyyət komitəsinin üzvü Hüseynbala Mirələmov
Parlamentdə büdcə müzakirələrindən sonra jurnalistlərə açıqlama verən deputat mədəni şəkildə yürütdüyü aqrar siyasətin şüarını səsləndirib: “Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır”.
(Bəs yorğanı olmayanlar necə?)
***
İl 2019
66 saylı Biləsuvar seçki dairəsindən deputat, İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin Hesablayıcı komissiyasının üzvü Xanhüseyn Kazımlı
Deputatın Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasındakı rabitəsiz çıxışını əks etdirən videogörüntüsü deputatın ciddi xəstəliyə düçar olması iddialarını gündəmə gətirib. X.Kazımlı Milli Məclisin son iclasında da çıxış etmək üçün söz istəyib və eynən məlum videodakı kimi rabitəsiz danışıb. Deputatın çıxışı Milli Məclisdə gülüş doğurub və onun iclasa içkili vəziyyətdə gəldiyi ehtimal olunub.
(Yeyif-işməh bu xalqın evin yıxajax…)