“Dedilər ki, ya biznesi, ya da siyasəti seç”
Ölkə növbədənkənar parlament seçkilərinə gedir. 99 səslə Milli Məclis özünü buraxıb və prezidentin seçkini nə vaxta təyin edəcəyi gözlənilir. Hazırkı parlamentin tərkibi heç də müsbət imici, reputasiyası ilə yadda qalmadı. Bəzi deputatların çıxışları həm kütlələri qəzəbləndirdi, həm iqtidar üçün başağrısı oldu, həm də deputat adını daşıyanların bəziləri parlament tribunasını gözdən saldılar.
Onların sıralarında bizneslə məşğul olanların əksəriyyəti 5 ilə yaxın “ağzına su alıb” oturdular, aktivlik göstərmədilər, seçicilərini saymadılar, hakimiyyətin siyasi kursunun müdafiəsində fəallıq nümayiş etdirmədilər.
Bütün bunlar təbii ki, tənqidlə qarşılanırdı. Ona görə də hakim partiya özü bəyan etdi ki, Milli Məclis ölkədə gedən islahatların, dəyişikliklərin kursuna adekvat olmalıdır.
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə ilə də söhbətimizdə elə parlamentin buraxılması, növbədənkənar seçkilər, özünün yenidən namizədliyi, prezidentin son kadr dəyişiklikləri və s. gündəmdəki məsələlərdən danışmışıq. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:
- Araz müəllim, Milli Məclisin özünü buraxmasına və erkən seçkiyə gedilməsinə zərurət nə idi?
- Əslində parlament seçkisinin nə vaxt keçirilməsi əhəmiyyəti olmayan hadisədir. Təbii ki, müsbət və mənfi tərəfləri ola bilər. Ancaq mən Milli Məclisin buraxılmasında müsbət məqamlar tapıram.
Məsələn, seçki gələn ilin noyabrında keçirilsəydi, sessiyalara büdcə müzakirəsindən başlanmalıydı. Onda nə normal hazırlaşa bilirsən, nə komitələrin iclasında müzakirə, mübahisə olur. İndi parlament seçkisi keçirilsə, payız sessiyasınıda büdcəni əlverişli şəkildə müzakirə etmək olacaq. Bilirsiniz, bizim üçün əsas büdcə müzakirələridir. Odur ki, Milli Məclisin özünü buraxmasında başqa müsbət nəsə görmürəm. Kim mandat uğrunda mübarizə aparmaq istəyirsə, onun üçün fərqi nədir noyabrda olsun, ya ilin əvvəlində... Namizədsənsə, noyabrda da, 8-9 ay qabaq da öz mübarizəni aparacaqsan.
- Yəni erkən seçkiyə niyə gedilməsinin konkret səbəbi yoxdur?
- Bunu hakim partiyanın Siyasi Şurasından soruşsanız yaxşı olar. Sadəcə, mən növbədənkənar parlament seçkilərinin keçirilməsinin əleyhinə deyiləm. Ümidvaram ki, yeni parlamentdə reqlamentə dəyişikliklər olsun. Əgər qismət olsa, deputat seçilsəm, onda bu haqda danışarıq. İndi bəziləri yeni parlament innovasiyalı olsun deyirlər, müxtəlif fikirlər səslənir.
- Yeni parlamentin əsasən cavanlardan olacağı deyilir, yaşlı deputatlar mandat qazanmaya bilər...
- Azərbaycanda parlamentin orta yaşı 59-dur. Düşünmürəm ki, bu, yaşlı parlament hesab edilməlidir. Sadəcə, sosial şəbəkələrdə bir neçə deputatın simasında təqdim etməyə çalışdılar ki, Milli Məclis qocalıb, iş qabiliyyətini itirib.
Süni şəkildə fikir yaratdılar ki, guya deputatların çıxışları cəmiyyəti qıcıqlandırır, insanları ayağa qaldırır, xalqla hökumət arasında problem yaradır.
Ən çox söyülən elə bizim komitənin sədri Hadı Rəcəbliydi. Ondan qat-qat varlı və qat-qat az işləyən deputatlar var. Ancaq baxın görün, onların adları harada çəkilir?
Heç yerdə onların adları yoxdur. Halbuki həmin deputatların yanında Hadı Rəcəbli ən kasıbıdır.
Ümumiyyətlə, onlar deputat kimi işləmirlər. Amma həmin deputatlara bir söz deyən olmadı, adları çəkilmədi, yazmadılar.
- Hadı Rəcəbli ilə yanaşı ən çox söyülən, tənqid edilən həm də siz olmusunuz.
- Məni türkçülük məsələsinə görə söyürdülər. Həmişə demişəm, bu gün də fikrimdə qalıram ki, azərbaycanlıyam, azərbaycanlı olmağımla fəxr edirəm. Ümumiyyətlə, kim özünü hansı millətdən hesab edirsə, o millətdəndir.
- Növbədənkənar seçkidə iştirak edəcəksinizmi, namizəd olacaqsınızmı?
- Bunu partiyanın plenumu müəyyən edəcək. Əgər partiyada sədr qalaramsa, onda seçkiyə getməyə məhkumam. Ümumiyyətlə, seçkini boykot etməyi düşünmürük. Partiyanın qurultayının qərarı var ki, bütün seçkilərdə iştirak etməliyik. Kim seçkini boykot edirsə, yaxşı edir. Bilir ki, səs toplamayacaq.
- Milli Məclisin əsasən 25-40 yaşdan ibarət deputatlardan təşəkkül tapmalı olduğu fikirlərini necə qarşılayırsız?
- SSRİ dağılanda xalq Qarabağ ağrısı ilə yanırdı. Onda hamı siyasətə qoşuldu, siyasəti peşə elədilər. Bu gün zaman dəyişib, tələbə skamyasından durub partiyaya getmirlər. O vaxt həmin şəxslər elmdə, peşədə heç nəyə nail olmamış adamlar idilər. Xalq Cəbhəsi hökumətinin üzvləri öz sahəsində, peşəsində hər hansı nailiyyəti olmayan adamlar idilər. Gələcəkdə isə belə olmayacaq, gənclərimizin dünyagörüşü genişdir. İstedadlı cavanlar peşə karyerası qurur. Onlar 45 yaşa çatanda nailiyyət əldə etsələr, fikirləşəcəklər ki, vətənə xidmət lazımdır, onda siyasətə gələcəklər.
- Araz müəllim, bir çox deputatların biznesi var. Bəs sizin necə?
- Mən bizneslə 90-cı illərdə məşğul olmuşam. “Embes” xarici ticarət şirkətində işləyirdim. O vaxt baş nazir Həsən Həsənov xarici şirkət nümayəndəsinə dedi ki, Araz Əlizadə siyasətlə məşğuldur. Şirkət də dedi ki, ya biznesi, ya da siyasəti seç. Mən dedim ki, siyasəti seçirəm. Hacı Zeynalabdin Tağıyev böyük işlər görmüşdü, amma sistem dəyişdi, qızı ac-yalavac qaldı. İndi nə qədər qazansam belə, Tağıyevin var-dövləti qədər olmayacaq. Ona görə övladlarım öz istedadı ilə qazanmalıdırlar.
- Prezident köhnə komanda ilə vidalaşdı, cavanlar yüksək vəzifələrə gətirilir. Bu dəyişikliklərə münasibətiniz necədir?
- Çox müsbət qiymət verirəm. Prezident yeni komandasını formalaşdırır, dəyişikliklər olmalıdır. Məsələn, əvvəlki qurultayımızda orta yaş 65 idi, 45-ə düşdü. Onda biz heç kəsi qovmadıq. Sadəcə, yaşlılara dedim ki, namizəd olsanız keçəcəksiniz. Amma xahiş edirəm ki, namizədliyinizi irəli sürməyin. Ona görə prezidentin cavanlara etimad göstərməsi yaxşı hadisədir.
- Sizcə, cavan kadrlar özlərini doğrulda biləcəklər?
- Onu zaman göstərər ki, necə idarə edəcəklər. Yadımdadır ki, atamın rejissor dostları varıydı. Əsərin oxunması gedəndə şir və pişik olurdu.
Amma səhnədə pişik şirə, şir pişiyə çevrilirdi. Yəni kadr məsələsi də belədir. Baxırsan ki, filankəs parlaq danışır, di gəl, heç nə bacarmır. Amma üç kəlməni düzüb-qoşub üstünə qoya bilmir, işə gələndə od parçasıdır. Odur ki, onların necə işləyəcəyinə qiymət vermək üçün gözləmək lazımdır. Mənə elə gəlir ki, korrupsiya ilə mübarizədə, bürokratik əngəllərin aradan qaldırılmasında bu dəyişikliklərin rolu, təsiri ola bilər. Məmurlara nəzarət güclənməlidir. Təkcə özləri yox, ailələri də diqqətdə, nəzarətdə saxlanmalıdır.