Dövlət kirayəçi qismində: O mənzillərin qapıları kimlərin üzünə açılacaq?

6-12-2019, 15:25   

Sevil Gültən: “Kirayə mənzillərlə bağlı şərtlər heç də arzuladığım kimi olmadı”

İpoteka və Kredit Zəmanət Fondunun öncədən yaydığı açıqlamaya görə, dekabrın ikinci yarısından kirayə mənzillərə müraciət başlayacaq. Mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən 25 il sonra, ödənişi davam etdirməklə həmin mənzilə sahib də ola biləcəklər.

Belə ki, mənzili kirayə edən vətəndaşın aylıq ödənişləri evin xərcindən çıxılacaq. Müqavilə bağlanandan 3 il sonra isə kirayəçi daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam vermək, mənzilin sahibinə çevrilmək imkanı qazanacaq.

Fondun məlum açıqlamasından sonra iqtisadçı-ekspert Vüqar Bayramov kirayə mənzillərlə bağlı ən vacib 30 məqamı açıqladı. Həmin açıqlamada V.Bayramov kirayə mənzil üçün müraciət etmək istəyən şəxslərdə yaranmış və ya yaranacaq suallara, qaranlıq qalan məqamlara aydınlıq gətirdi. Həmçinin kimlərin, hansı şərtlərlə kirayə mənzillər üçün müraciət edə və neçə il müddətinə həmin mənzillərin sahibi ola biləcəyini şərh etdi.

Təəssüflər olsun ki, ekspertin açıqladığı bəzi məqamlar (Məsələn, məhkum olmuş şəxslərə kirayə mənzil üçün müraciət etmək şansının verilməməsi, o cümlədən, bu mənzillərə sahib olmaq istəyən şəxsdən mütləq şəkildə maliyyə arayışı tələb edilməsi və s.) bu kirayə mənzil layihəsini həsrətlə gözləyən bəzi şəxsləri məyus etdi. Həmin şəxslər düşünürlər ki, kirayə mənzil layihəsindən də, güzəştli mənzil layihəsində olduğu kimi, ancaq imkanlı şəxslər yararlana biləcəklər.

Vətəndaşlarımızda kirayə mənzillərlə bağlı yaranmış bu və ya digər narahatlıqlara AYNA tutmağa çalışdıq.

Image result for tərcüməçi Sevil Gültən

19 ildir Bakıda iki övladı ilə kirayə yaşayan, bir neçə il bundan öncə kirayə mənzillərlə bağlı təkliflə çıxış edən tərcüməçi Sevil Gültən AYNA-ya açıqlamasında deyib ki, bu mənzillərlə bağlı şərtlər heç də onun arzuladığı kimi deyil: “Qeyd olunur ki, kirayə mənzilə sahib olmaq istəyən şəxs kirayə müqaviləsi bağlandıqdan sonra, ən azı 12 mislini, yəni 4-5 min manatını qabaqcadan ödəməlidir. Hazırda kirayədə qalan hər adam bu vəsaiti ödəyə bilməyəcək”.

S.Gültən narazı qaldığı digər məqamlara da aydınlıq gətirib: “Şərtlərlə tanış olandan sonra belə başa düşdüm ki, qiymətlər satış qiymətlərindən fərqli olmayacaq. Tutaq ki, bir kvadratmetri, təxminən, 1500 manata olacaq. Bu da çox baha başa gəlir. Təklif edərdim ki, bu evlər satış qiymətindən ucuz olsun və ilkin ödəniş tələb olunmasın”.

“Bu şərtlər içərisində məni qane etməyən bir cəhət də var – rəsmi iş yerinin olması. Mənim kimi xeyli sayda insanın rəsmi iş yeri yoxdur. Belə anlaşılır ki, rəsmi iş yeri olmayanlar, güzəştli mənzillər kimi bu layihədən də kənarda qalacaqlar”, – o bildirib.

Müsahibimiz baş bir məqama da diqqət çəkib: “Məhkumluğu olan şəxslər kirayə mənzillərə sahib ola bilməzlər. Məncə, bu, düzgün yanaşma deyil. Məhkum olunanlar da Azərbaycan vətəndaşlarıdır, cəmiyyətin üzvləridir. Məhkum olunmaq quldur olmaq demək deyil. Məhkum olunanların da ailəsi, uşağı var, niyə bu imkandan yararlanmasınlar ki?”.

S.Gültən bu layihədə neqativ hallara yol verilməməsi üçün bir istəyini də dilə gətirib: “Çox istərdim, bu evlərdə yalnız müqavilə bağlayanlar yaşasınlar. Çünki şərtlərə görə bəzi vətəndaşlar bu imkandan yararlana bilməyəcəklər və nəticədə də mənzillər boş qalacaq. Belə olan halda imkanlı şəxslər öz adlarına müqavilə bağlayaraq həmin mənzilləri alacaqlar və başqasına kirayə verəcəklər”.

Image result for Ramil Osmanlı

Əmlak Ekspert Mərkəzinin (ƏEM) rəhbəri Ramil Osmanlı AYNA-ya şərhində bildirib ki, kirayə mənzillərlə bağlı şərtlər güzəştli mənzil layihəsindən bir qədər fərqli olacaq: “Çünki güzəştli mənzillərdə kateqoriya, yəni bu mənzillərdən yararlana biləcək insanların əhatə dairəsi bir qədər məhduddur. Kirayə mənzil layihəsindən isə aylıq gəlirləri imkan verən hər bir Azərbaycan vətəndaşı yararlana biləcək”.

Ekspert aztəminatlı ailələrin bu layihədən istifadə edib-edə bilməyəcəyi məsələsinə də aydınlıq gətirib: “Aztəminatlı ailə məsələsinə yanaşma bir qədər fərqlidir. Məsələn, bir qrup insan hesab edir ki, aztəminatlı ailənin aylıq gəlirləri, təqribən 300-400 manat civarında dəyişir. Ancaq aylıq gəlirləri istehlak xərclərinə çatan bütün ailələr aztəminatlıdır və Azərbaycanda belə ailələrin sayı həddindən artıqdır. Onların bir hissəsi – müəyyən qədər sərbəst gəlirləri olanlar bu layihədən yararlana biləcək. Amma hamısının tam olaraq bu layihədən yararlana biləcəyini demək çətindir”.

Kirayə mənzillərə bağlı qaydaların hüquqi tərəflərini isə AYNA-ya Vəkillər Kollegiyasının üzvü Elnur Həmidov şərh edib. Onun fikrincə, qayadalar çox mütrəqqidir: “Dövlət faktiki olaraq sizə kirayə ev verəcək, eyni zamanda kirayə qaldığınız evi satın almağa şərait yaradacaq. Kimin ki, aylıq 500-600 manat ailə gəliri var, belə evləri ala biləcək”.

Hüquqşünas onu da qeyd edib ki, qaydalarda məhkum olunmuş şəxslərlə bağlı heç bir qadağa yoxdur: “Orada, ümumiyyətlə məhkum anlayışı yoxdur. Birbaşa qeyd olunur ki, kirayəçi olan şəxslər Azərbaycan vətəndaşı olmalıdır, ikincisi hər hansı bir banka və ya şəxslərə pul öhdəliyi olmamalıdır. Başqa bir kriteriya qeyd olunmayıb. Əvvəl məhkumluq yaşamış şəxsin rəsmi iş yeri varsa, o da bu evlər üçün müraciət edə bilər”.

“Qaydalarda qeyd olunur ki, müraciət edən şəxs alıcılıq qabiliyyətini, yəni ödəniş etmək qabiliyyətini sübut etməlidir. İş yeri, rəsmi qazancı olmayan, yəni odəniş qabiliyyəti olmayan şəxsdənsə, ödəniş qabiliyyəti olanlara üstünlük veriləcək. Əsas kriteriyalardan biri də ondan ibarətdir ki, müraciət edən şəxs əvvəlcədən 12 aylıq ödəniş məbləğində ilkin ödəniş etməlidir”, – deyə E.Həmidov vurğulayıb.turkustan.info

Müəllif: Rumiyyə Miraslan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.