Gələn il yanvarın 1-dən etibarən evlər də icbari qaydada sığorta etdiriləcək. Evini sığortalatdırmayanlar isə cərimələnəcək. Hazırda sistemin elektronlaşdrılması üzərində iş gedir və ilin sonuna kimi proses yekunlaşacaq. Yoxlamalar da elektron qaydada aparılacaq.
Bakı şəhərində yerləşən yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləği 50 manat, sığortanın müddəti 1 il, təminat məbləği 25 min manatdır.
Gələn ilin yanvar ayından tətbiq olunması gözlənilən daşınmaz əmlakın sığortasının icbari olması və sığorta haqqı birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov Bizimyol.info-ya bildirib ki, daşınmaz əmlakın icbari-məcburi sığortalanması 2011 ci ildən nəzərdə tutulub.
“Bununla bağlı işlər aparılır. Əvvəllər qanunda fiziki şəxslərə yəni vətəndaşlara nisbətdə qanun yumşaldılmış xarakter daşıyırdı. Yəni evini sığorta etməyən vətəndaşları cərimə etmirdilər. Vətəndaş əgər ipoteka ilə ev alırdısa, notariusda əmlakla bağlı hər hansı hərəkətlər edirdisə o zaman məcburi sığortalamaq anlayışı işə düşürdü. İlin əvvəlində Şamaxı və ətraf rayonlarda baş verən zəlzələ hadisələri, daha sonra Bakıda bir neçə Ticarət mərkəzində yanğınlardan sonra vətəndaşların kütləvi dövlətdən kompensasiya tələbi sığortanın aktuallığını ortaya qoymuş oldu”,-deyə İ.İbrahimov bildirib.
Ekspert qeyd edib ki, bundan sonra Sığorta sektorunun inkişafına dair 2019–2021-ci illər üçün Tədbirlər Planı” hazırlandı: “Əmlakın elektron qeydiyyat forması da yekunlaşdıqdan sonra sənədli evlərdə də avtomobillərdəki kimi sığoftası olmayanın cərimələnməsi prosesi avtomatikləşəcək. Yəni İnzibati Xətalar Məcəlləsinə əsasən sığorta etməyən fiziki şəxslər 30 manat miqdarında cərimələnəcəklər və bu proses hər 20 gündən bir sığorta olunana qədər davam edə bilər. Məcburilik prosesi nəticəsində vətəndaş sığortasını alacaq, sabah hər hansı sığorta hadisəsi olsa dövlətdən yalvararaq pul istəməyəcək. Digər tərəfdən dövlət də qəflətən baş verən təbii fəlakətlərlə bağlı büdcədən ayırmalar etməyəcək. Bununla bağlı cərimə protokolu tərtib etmək vəzifəsi yerli icra hakimiyyəti orqanlarına və onların nümayəndələrinə tapşırılır”.
Ekspert bildirib ki, sığorta şirkətinə hazırda əmlakla bağlı inam və faktiki ödənişlər çox azdır: “Ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası böyük sığorta şirkətlərinin əlində qalmışdı. Çünki Palatanın verdiyi məcburi göstərişləri bəzi hallarda sığprta şirkətləri saymırdı, palata isə buna görə onları cəzalandırmırdı ya da cəzalandıra bilnirdi. Hətta fiziki şəxslərə ödənən sığorta ğdənişlərinin statistikası da hüquqi şəxslərlə bir yerdə verilirdi ki, bu da biyabırçılığı ört basdır etməyə hesabıanmışdı. Ekspert kimi şəxsi fikrim ondan ibarətdir ki, bu gün proses paralel aparılmalıdır: həm sığprta şirkətlərinə nəzarət olmalıdır ki ödənişi ədalətli və vaxtında etsinlər, həm də vətəndaşlar əmlaklarını sığorta etsinlər. Məncə sığorta şirkətləri vətəndaşa ödəniş versələr bu proses daha asan olacaq. Çünki cəmiyyət hazırda sığorta şirkətlərinin pul verməkdən imtina etdiyi qənaətindədir. Hesab edirəm ki, nəzarətedici orqan daha savadlı və peşəkar mütəxəsislərdən təşkil olunsa sığortaya inam artacaq. Necə avtonəqliyyat vasitələrinin icbari sığortasındakı kimi əvvəlki illərə nisbətdə hazırda sığortasız avtomobil tapmaq çox azdır. Bunun nəticəsi olaraq da həm vətəndaş, həm sığorta şirkəti həm də dövlət qazanır. Sığorta etməyənlərin cərimə olunması vətəndaşı bu sığortaya təşviq etməkdən ibarətdir”.
Eksperti bildirib ki, aztəminatlı ailələrin əmlaklarının sığorta haqqı dövlət büdcəsi hesabına ödənir: “Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerlərdəki şöbələrinə müraciət etmək lazımdır. Dövlət büdcəsi hesabına ödənilən əmlka sığorta haqlarına həm də dövlət büdcəsindən maliyyələşən idarə, təşkilatların inzibati binaları aiddir”. (bizimyol.info)