“ONLAR YENİDƏN NAMİZƏD OLMAMALIDIRLAR...” – "4-5 çağırış deputat olan şəxsləri yola salmaq istəyi var”

9-12-2019, 15:01   


“AzPolitika.info” Milli Məclisin buraxılması, növbədənkənar seçkilərin təyin edilməsi, yeni parlamentin tərkibi, ölkədə aparılan islahatlar və bu islahatların hansı nəticələr doğuracağı mövzusunda sabiq deputat, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə söhbətləşib.

Müsahibəni təqdim edirik: 

- Qulamhüseyn bəy, fevralın 9-da parlament seçkiləri keçiriləcək. Sizin seçkilərdə iştirakınız hansı formada olacaq? 

- Biz partiya olaraq seçkilərdə iştirakın tərəfdarıyıq. Artıq partiya daxilində müzakirələrə başlamışıq. Seçkilərdə daha az və daha şanslı namizədlərlə iştirak etməyə üstünlük verməyə çalışacağıq. Lakin seçkilərdə iştirak etmək və etməmək həm də siyasi deyil, maddi amillərlə bağlı olacaq. Bütün hallarda çalışacağıq ki, seçkilərdə iştirak edək.

- Ölkədə baş verən kadr dəyişiklikləri və aparılan islahatlara siyasi qüvvələr fərqli prizmadan yanaşırlar. Sizin mövqeyiniz nədən ibarətdir? 

- Hesab edirəm ki, struktur və kadr dəyişikliklərinin baş verməsi bir tərəfdən idarəçiliyin çevikləşməsinə, digər tərəfdən idarəetməyə daha çox kadrların cəlb edilməsinə səbəb olur. Sadəcə belə proses bizdə uzun illər olmayıb, ilin əvvəlindən başladığı üçün sensasiya kimi qarşılanır. Fikrimcə, idarəetmənin planlaşdırılması və həyata keçirilməsi baxımından belə addımlar olmalıdır. Amma bu addımların hansı nəticələr verəcəyi, düzgün olub-olmadığı gələcəkdə bəlli olacaq. Şəxsən mən bu cür dəyişikliklərin tərəfdarıyam və hesab edirəm ki, bu cür dəyişiklik həm idarəetmə aparatının sağlamlaşması və təmərküzləşməsinə gətirəcək, eləcədə yeni kadrların işə cəlb edilməsi müşahidə olunacaq. 

- Bəzən deyirlər ki, kadrlardan daha vacibi təfəkkürün dəyişməsidir... 

- Əslində hər ikisi vacibdir. O baxımdan ki, insan bir yerdə uzun müddət işləyəndə həmin sahədə avtoritetə çevrilir və ilkin dövrdən fərqli olaraq sonrakı mərhələdə yeniliklərdən qaçılır. Yəni formalaşdırdıqları mexanizmlərin üzərində oturub onu həyata keçirməyə meyl edir və yenilikləri yaxına buraxmırlar. Bu mənada kadrların dəyişdirilməsi vacibdir və bu proses vaxtaşırı olmalıdır. Bir sıra ölkələrdə hətta eyni partiya hakimiyyətdə olsa da, hökumətin tərkibində vaxtaşırı dəyişikliklər olunur. Bununla da idarəçiliyə yeni təfəkkürün gəlməsi baş verir. Sözsüz ki, idarəçilikdə dəyərlərin və mexanizmlərin dəyişməsi də çox zəruri çağırışdır və yeni kadrların bütün hallarda yenilik də gətirə bilər. Bu mənada hər iki addım zəruridir.

- Əslində çox ciddi fiqurlar hakimiyyət pilləsini tərk edib. Sizcə, təkcə komanda dəyişir, yoxsa uzun illər müşahidə edilən siyasətin özünə də korrektələr ediləcək? 

- Bu barədə tam şəkildə gələcəkdə fikir yürütmək daha asan olardı. Hələlik, siyasətdə dəyişiklik hiss etmirəm. Kadr dəyişiklikləri isə açıq hiss olunur. Həm də belə kadr dəyişikliklərinə təbii yanaşıram. Kadrların bəzisi hətta Heydər Əliyevdən əvvəl, kommunist sistemi dövründən qalmalardır. Bu cür dəyişikliklərə normal yanaşmaq lazımdır. Nəzərə alınmalıdır ki, heç kim hər hansı bir vəzifəni ömürlük tuta bilməz. Müəyyən dövrdən sonra istər-istəməz dəyişiklik olmalıdır. Sadəcə bizdə dəyişiklik uzun müddətdən sonra baş verdiyi üçün bu bir qədər təəccüblü görünür, bunda nəsə axtarırıq. Normalda dəyişikliklərə adi qaydada baxılmalıdır.

- Köhnələrin hakimiyyətdən getməsi sanki cəmiyyətdə “qocalar getməli, gənclər gəlməlidir” əhval-ruhiyyəsi yaradır və belə çağırışlar sosial şəbəkələrdə müşahidə olunur. Sizcə, bu nə ilə bağlıdır?

- Əslində bu da uzun müddət dəyişikliklərin olmamasından doğan nəticələrdir. Bizdə “köhnə qvardiya” üzvləri uzun müddət vəzifələri tutublar. Bu səbəbdən də təzələrin gəlməsi insanlarda müəyyən ruh yüksəkliyi də yaradır. Ola bilsin ki, bu əhval-ruhiyyə bir müddətdən sonra zəiflədi və gələcək dəyişikliklər insanlarımıza adi gəldi. 

- Hazırda hüquqşünaslar arasında Milli Məclisin buraxılmasının hüquqi tərəflərinə dair müzakirələr gedir, rəylər səslənir. Siz “Siyasi sistemin konstitusiya əsasları” mövzusunda elmi tədqiqat aparmısınız və bu sahədə mütəxəssis sayılırsınız. Bu mövzuya baxışınız necədir? 

- Bu məsələdə siyasi tərəfdən əskikliklərin olmasını təbii hesab edirəm. Fikrimcə, başqa mexanizmləri də oturub fikirləşmək olardı. Milli Məclisin səlahiyyət müddətinin başa çatmasına 1 ildən az müddət qalırdı. Bu çağırış parlament Prezident tərəfindən daxil olan hər hansı bir təklif və qanuna yox deməyib. Həm də reqlamentə uyğun olaraq toplaşaraq öz vəzifəsini yerinə yetirib. Yəni Milli Məclis formal hüquqi baxımdan öz funksiyasını lazımı dərəcədə yerinə yetirib. Düzdür, Milli Məclisdə nəzarət funksiyası olmayıb, amma konstitusiyanın 94,95 və digər maddələrində nəzərdə tutulan qanunvericilik funksiyasını həyata keçirib. Ona görə də, Milli Məclisin buraxılması zamanla ayaqlaşmamaq tələbi ilə deyil, tərkibin dəyişməsi zərurəti ilə əlaqəlidir. Görünür, hakimiyyətdə belə iradə formalaşıb ki, Milli Məclisin hazırki tərkibi də dəyişilməlidir. Çünki Milli Məclisdə 4-5 çağırış deputat olan şəxslər var və ola bilsin ki, həmin adamları yola salmaq istəyi var.

- Demək istəyirsiniz ki, parlamenti buraxmaq üçün irəli sürülən arqument siyasi və hüquqi cəhətdən yaxşı əsaslandırılmayıb? 

- Bəli, bu, uyğun yol deyil. Eyni zamanda konstitusiya ilə də tam uyğunluq təşkil etmir. Çünki konstitusiyanın 98 və 21-ci maddələrində konkret hansı əsasların olması göstərilir. Bu əsasların içərisində Milli Məclisin deputatlarının zamanla ayaqlaşa, yüksək səviyyədə qanunları qəbul edə bilmirlər, yəni öz funksiyalarını həyata keçirə bilmirlər əsası yoxdur. Daha doğrusu, bu, hüquqi deyil, siyasi mövqedir. Üstəlik, Milli Məclisin özünü buraxması haqda qərarından bir gün sonra onun iclası keçirildi və səhv etmirəmsə, 15 qanun layihəsi müzakirə olundu. Deməli, deputatlarda yuxarıda qeyd etdiyim fikir formalaşsa da, parlament öz funksiyasını yerinə yetirir. Bu mənada həmin fikrin formalaşması öz-özlüyündə parlamentin buraxılması üçün əsas deyil. Sadəcə bu fikri formalaşdırmaq imkanında olan deputatlar Milli Məclisin iclasına bir neçə dəfə qatılmazdılar və iclaslar da baş tutmazdı. Bu daha uyğun yol olardı. Əlbəttə, Konstitusiya Məhkəməsi artıq qərar qəbul edib və bu qərara görə, parlamentin buraxılması konstitusiyaya uyğun hesab olunub. Yəni normal hüquqi baxımdan prosedurlara əməl olunub. Amma faktiki olaraq konstitusiyanın tələblərinə bir o qədər də əməl edilməyib.

- VI çağırış parlamentin tərkibini necə təsəvvür edirsiniz? 

- Mən hesab edirəm ki, V çağırış Milli Məclisin buraxılmasına dair qərara səs verən deputatlar növbəti parlament seçkilərində namizədliklərini irəli sürməməlidirlər. Çünki onlar etiraf edirlər ki, bacara və işi yerinə yetirə bilmirlər. Yenidən onların öz namizədliyini irəli sürməsi əslində siyasi paradoks olardı. Siyasi mədəniyyət baxımından indiki deputatların namizədliyini irəli sürməməsini daha düzgün hesab edirəm. Onlar özləri qeyd ediblər ki, zamanla ayaqlaşa bilmirik və öz funksiyamızı həyata keçirə bilmirik. Siyasi, məntiqi baxımdan həmin adamlar seçkidə iştirak etməməlidir. Amma çox güman ki, onların böyük əksəriyyəti namizədliklərini irəli sürəcəklər. Sadəcə olaraq ola bilsin ki, yeni insanlar, tanımadığımız siyasətçilər və şəxslər Milli Məclisə gətirilsin.

Haşiyəyə çıxaraq qeyd edim ki, icra orqanlarında dəyişiklik baş verəndə yeni adamlar daha çox inzibatçılıq edirlər. İdarəetmə funksiyasına malik olan adamları daha çox cəlb etməyə çalışırlar. Daha hakimiyyətə bu və ya digər sahədə təsir göstərməsinlər, sonradan oliqarxa çevrilməsinlər, böyük sərvət sahibi olmasınlar. Çox güman ki, Milli Məclisə də belə adamların gətirilməsinə çalışılacaq ki, onlar sadəcə oturub qanunvericilik sahəsi ilə məşğul olsunlar, daha siyasi proseslərə müdaxilə etməsinlər. Əslində sırf qanunvericiliklə məşğul olan şəxslərin gətirilməsi daha doğru addımdır. Amma istər-istəməz Milli Məclis siyasi fəaliyyət meydanıdır və orada iştirak edən şəxslər çıxış və səs verməklə yanaşı həm də siyasi fəaliyyəti həyata keçirməlidirlər. Əlbəttə, mən gümanlarımı sizinlə bölüşürəm.

- Məğər nisbətən gənclərin oliqarxa və ciddi təsir mərkəzinə çevrilmə etimalları o qədər də əsaslı görünmür?... 

- Yox, niyə elə düşünürsünüz? İstər-istəməz ola bilər. Hər halda indiki məmurların içərisində belələri varsa, gənclər arasında da ola bilər. Amma çox güman ki, hakimiyyət sözəbaxan bir parlament formalaşdırmalıdır ki, onlar başqa bir işlə məşğul olmasın.

- Demək gözləntiləriniz o qədər də müsbət deyil... 

- Ümumiyyətlə, dövlət hakimiyyəti sistemində parlamentin yerini müəyyənləşdirmək lazımdır. Yəni icra hakimiyyətinin əlavəsi, onlardan daxil olan qanunları təsdiq edən orqan kimi deyil, siyasi sistemə təsir etmək imkanında olan orqan kimi olmalıdır. Başqa sözlə, parlamentin icra hakimiyyəti üzərində nəzarət səlahiyyəti artırılmalıdır. Nazirlər Kabineti üzvləri vaxtaşırı gəlib parlamentdə hesabat verməli, deputatların onlara sual vermək imkanları olmalıdır. Bu hökumətdə də məsuliyyət hissinin artmasına gətirib çıxara bilər.

- Ölkədə kadr dəyişiklikləridən sonra sistem dəyişikliyi baş verə bilərmi?

- Hazırda sistem dəyişikliyi baş vermir. Bunu deyənlərin konkret nəyi nəzərdə tutduqları bəlli deyil. Hər halda mən hesab edirəm ki, baş verən dəyişikliklər ola bilsin ki, siyasi münasibətlər çərçivəsinə də təsir etsin və bir qədər də yumşalma hiss olunsun. Əgər sistem dəyişikliyi deyəndə bunu nəzərdə tuturlarsa, onların dediyi kimi qiymətləndirmək olar. Yox, əgər onlar struktur, kadr və müəyyən addımların atılmasını sistem dəyişikliyi kimi qiymətləndirirsə, bu doğru yanaşma ola bilməz. 

Vaqif NƏSİBOV 

AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.