Klemens Verqin
“Die Welt”, Almaniya, 05 dekabr 2019-cu il
Əgər kimdəsə Almaniyanın xarici siyasətdə yön müəyyən etməsilə bağlı pozuntu olduğuna dair hələ də şübhə varıydısa, “YouGov” kompaniyasının bu yaxınlarda keçirdiyi rəy sorğusunun nəticələri onu bu şübhələrdən xilas edəcək. Almanların 55%-i istəyir ki, Avropa gələcəkdə ABŞ-ın köməyi olmadan özünü müdafiə etsin, 48%-i isə amerikan qoşunlarının qismən və ya tamamilə Almaniyadan çıxarılmasına tərəfdardır.
Bununla birlikdə, almanların əksəriyyəti Putin Rusiyasının qılığına girmə kursunu bəyənir. Rəyi soruşulanların 54%-i istəyir ki, (Rusiyaya yönəlik siyasətdə – tərc.) çəkindirməyə deyil, əməkdaşlığa söykənilsin. Sanki, beynəlxalq mühitin yenidən soyumasına görə Moskva deyil, Qərb məsuliyyət daşıyır.
Bu rəy sorğusunun nəticələrində nəyin – almanların hərbi-siyasi məsələlərdə göstərdiyi savadsızlığın, yoxsa Rusiya ilə bağlı qəribə dəliliyinin daha çox təəccüb yaratdığını söyləmək çətindir. Onlar qonşu Avropa ölkələrindən birinə (Ukraynaya – tərc.) qarşı müharibə aparmağı davam etdirən avtoritar rejimlə daha yaxın olmağa cəhd edirlər.
Alman İqtisadiyyatının Şərq Komitəsinin bu yaxınlarda Rusiyada işləyən alman şirkətləri arasında keçirdiyi rəy sorğusunun nəticələri də bu rəsmə sığışır. Onların yalnız 3%-i Almaniyanı Rusiyadan daha çox asılı vəziyyətə salan “Şimal axını-2” qaz kəmərinə qarşı fikir bildirib. Bu, alman iqtisadiyyatı üçün avtokratlarla iş görməyin liberal dünya nizamının müdafiə qabiliyyətini qoruyub saxlamaqdan daha vacib olduğunu göstərən əlavə bir dəlildir.
Bu rəqəmlər son illərdə keçirilən, almanların ABŞ-dan uzaqlaşmasının artmasını və Rusiyaya meyl etməsini göstərən çoxsaylı rəy sorğularının nəticələrilə uyğunluq təşkil edir.
Tez-tez eşitmək olar ki, bunda günahkar olan Trampdır. Lakin belə düşünmək problemi sadələşdirmək deməkdir. Əslində, almanların çoxu üçün, yəqin ki, bir şəxsiyyət kimi Trampa qarşı olan anlaşılan antipatiyanı Almaniyanın hələ də ABŞ-la sıx bağlı olan geostrateji maraqlarından ayırmaq çətindir. Avropa hələ bir neçə onillik ərzində özünə bu gün ABŞ-ın zəmanət verdiyi müdafiə səviyyəsini təmin edə bilməyəcək. Və Rusiyanın Ukraynanın şərqində davam edən təcavüzünün çox vaxt Almaniyada qətiyyətlə buna qarşı durmaq yerinə, təcavüzkarın sakitləşdirilməsi istəyi doğurması insanların yaranmış təhdidi nə qədər zəif dərk etdiyini göstərir.
Bizim Şərqi Avropadan olan qonşularımız almanların həvəslə xilas olmaq istədikləri ABŞ qoşunlarının, heç olmasa, kiçik bir hissəsinin öz ölkələrində olmasından şad olardı. Bu qüvvələr onlara Rusiyanı çəkindirmək üçün lazımdır, çünki onları bizdən daha çox və birbaşa təhdid edir.
Tərcümə Strateq.az-ındır