Cari ilin əvvəlində Prezident İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydasını” təsdiq edib.
Qaydaya görə, kirayə müddətində vətəndaşın mənzil üzərində kirayə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınacaq və mənzildən istifadə ilə bağlı aylıq ödənişlər tam ödənildikdən sonra mənzil kirayəçinin mülkiyyətinə keçəcək.
Yaxın günlərdə kirayə evlərlə bağlı müraciətin aktiv olacağı gözlənilir. Hətta İpoteka və Kredit Zəmanət Fondu da prosedura ilə bağlı məlumatı ictimaiyyətlə bölüşüb. Bildirilib ki, artıq prosedura başlanılıb və işlər davam etdirilir. Hazırda evlərin alınması və təmiri işinin birinci mərhələsi başa çatıb. Vətəndaşlar elektron imza ilə daxil olaraq Elektron İpoteka Portalında özünə kabinet yarada bilər. İlkin mərhələdə şəxsiyyət vəsiqəsinin sürəti və iş yerindən arayış təqdim etməklə müraciət etmək mümkündür. Mənzillər 25 illik kredit şərti ilə veriləcək.
Maraqlıdır, kreditlə ev satışına müraciət edən şəxsin maaşı nəzərə alınacaq?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov Cebhe.info-ya açıqlama verərək bildirib ki, müraciət zamanı ilk olaraq rəsmi əməkhaqqı nəzərə alınır. O cümlədən, digər gəlirlər də əsas götürülür.
Məsələn, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlə də müraciət edə bilərlər. Amma bunu təsdiq edən rəsmi sənədlərə ehtiyac var. Əgər qeyri-rəsmi gəlirləri varsa, yəni realda qazancı bir məbləğdirsə, sənəddə isə başqa məbləğ göstərilirsə, əmək müqaviləsində qeyd olunan məbləğ əsas götürülür. Evə müraciət etmək üçün əməkhaqqının nə qədər olmasına gəldikdə isə orada xərclər çıxıldıqdan sonra qalan məbləğ imkan verməlidir ki, şəxs aylıq ödənişi edə bilsin. İpoteka Fondunun internet səhifəsində “kalkulyator” var, vətəndaş oraya əməkhaqqını daxil etməklə müəyyənləşdirə bilər ki, onun ödəmə qabiliyyəti nə qədər olacaq”.
Səyad Həsənli
Cebhe.info