İcbari tibbi sığorta ilkin mərhələdə 23 ərazi vahidində tətbiq olunacaq

11-12-2019, 15:10   
\

“20 gündən sonra ölkə ərazisində mərhələli şəkildə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. Artıq İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinin nəzdində TƏBİB yaradılıb. Bununla Səhiyyə Nazirliyinin tabeliyindəki bir çox tibb müəssisəsi TƏBİB-ə verilib. Bu müəssisələrinin sayı 3042-dir”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib. Onun sözlərinə görə, 2017-ci ilin yanvarın 1-dən Yevlax və Mingəçevirdə pilot layihəyə başlanılıb. Sonra Ağdaş rayonu da bu layihəyə qoşulub:

“Həmin ərazidə 370 min əhaliyə – bunlardan 30 mini məcburi köçkün və qaçqın statusu olan insanlardır – xidmət göstərildi. Burada tibbi xidmət tam ödənişsiz idi və dövlət tərəfindən həyata keçirilirdi. Layihədən sonra mənfi və müsbət nəticələr əldə etdik. Bununla da araşdırmalar apardıq.  Kənd məntəqəsindən başlayaraq ən yüksək xəstəxanaların qiymətləndirilməsinə başlanıldı. Qiymətləndirmə dedikdə infrastruktur, maddi texniki baza və kadr potensialı nəzərdə tutulur. Bu, böyük zaman tələb edən bir işdir. İl ərzində qiymətləndirmə tam başa çatdırıldı. Bununla müəyyən olundu ki, harda kadr, insfrastruktur və ya maddi texniki baza problemləri var”.

Ş.Eyvazov bildirib ki, nəticələrə görə, 2020-ci ildə ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə keçirilməsi təklif edilib:

“İlk olaraq şimal zonasında tətbiqinə başlanılacaq. Şimal ərazisindən başqa pilot olaraq işlədiyimiz ərazilər də bura aid ediləcək. Bununla ilk olaraq 23 ərazi vahidində tətbiqinə başlanılacaq və burada 2 milyon 200 mindən çox əhali iştirak edəcək. Daha sonra mərhələli şəkildə digər regionlarda həyata keçiriləcək”.

O qeyd edib ki, icbari tibbi sığorta haqları aprelin 1-dən ödəniləcək:

“Verilən tibbi xidmət yüksək keyfiyyətdə olmalıdır. Hər bir vətəndaşa dövlət tərəfindən 90 manat ayrılıb. İlk 3 ay heç bir vətəndaşdan icbari tibbi sığorta haqqı tutulmur. Apreldən başlayaraq isə bu haqlar tutulacaq”.    /Apa.az/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.