Yuri Butusov
“Obozrevatel”, 10 dekabr 2019-cu il
09 dekabrda Parisdə keçirilən “İlin görüşü”nün nəticələri, əldə edilən razılaşmalar ikili şərhə imkan verir və izahat tələb edir.
Bəs əldə edilən bu nəticə və razılaşmaların müsbət və mənfi olanları hansılardır? Və nə etməli?
Müsbət nəticə və razılaşmalar
1. Zelenski milli gündəliyi savadlı və aydın formada səsləndirdi. Onun çıxışı əsasında belə nəticələrə gəlmək olar:
1.1. Krım və Donbas Ukraynadır;
1.2. Ukraynanın heç bir formada federallaşması olmayacaq;
1.3. Qaz məsələsində güzəşt və Ukraynanınn məhkəmələrdə “Qazprom” üzərindəki qələbəsinin “sıfırlanması” olmayacaq;
1.4. Dövlət sərhəddinin Ukraynanın nəzarətinə verilməsi dinc tənzimlənmənin başlıca şərtidir;
1.5. Ukrayna Donbasda qondarma “LDXR” nümayəndələrilə danışıq aparmayacaq;
1.6. ATƏT missiyasının səlahiyyəti artırılır, nəzarət gecə-gündüz olacaq (hazırda ancaq gündüz nəzarət edilir);
1.7. Bütün qeyri-qanuni silahlı birləşmələr və xarici qoşunlar Donbassdan çıxarılmalıdır;
1.8. Donbas “işğal olunmuş ərazi”dir;
1.9. Cinayətkarlara və terrorçulara amnistiya verilməsi məsələsi müzakirə olunmur;
1.10. Ukraynanın RF-yə yönəlik xarici siyasət kursu “de fakto” bütün müharibə illərində olduğu kimi qalır, “qırmızı cizgilər”ə dəqiq əməl olunur, ardıcıllıq qorunur.
2. Əsirlərin mübadiləsi 31 dekabradək baş tutmalıdır. Lakin mübadilə “hamının hamıya” prinsipi ilə deyil, Putinin dediyi kimi, “müəyyən olunmuşların müəyyən olunmuşlara” prinsipi ilə olmalıdır.
Donbas həbsxanalarındakı mülki şəxslər “müəyyən olunmuşlar” kateqoriyasına daxil edilirmi? Krımdakı girovlar bu kateqoriyaya daxil edilirmi? Əgər Putinin növbəti vədi bizim adamlarımızın hansısa bir hissəsinin azad olunmasına gətirib çıxaracaqsa, bu, artıq nailiyyətdir. Hərçənd, xatırlayıram, Putin Poroşenko və Merkelə “hamının hamıya” prinsipi ilə mübadilə aparılmasına görə dəfələrlə vəd vermişdi.
3. Zelenski mətbuat konfransında əla çıxış etdi və ictimai dialoqda Kreml ağsaqqalından daha inandırıcı idi. Zelenski ev tapşırığı ilə gəlmiş rus jurnalistinin qondarma “LDXR”-lə danışıqlar aparılmasının vacibliyi haqqında verdiyi hazırlanmış sualına parlaq cavab verdi. O dedi ki, Ukraynaya (Donbasdan Ukraynanın azad hissəsinə – tərc.) 3 milyon qaçqın gəlib və Donbasın bu sakinlərilə hər gün görüşür, Donbasın bu nümayəndələrinin fikri onun üçün hər şeydən vacibdir. Bu, mətbuat konfransının ən güclü emosional anı idi.
Mənfi nəticə və razılaşmalar
1. Putin Zelenskinin 12 fevral 2015-ci il tarixli Minsk razılaşması üzrə olan öhdəlikləri təsdiq etməsinə nail oldu. Üstəlik, bu müqavilənin şərtləri “yol xəritəsi” tərtib etməyə və tərəflərin hərəkətlərinin ardıcıllığına imkan vermir, yenə də hər şey yalnız Putinin xoş niyyətindən asılıdır .
2. Putin Ukrayna qüvvələrini dövlət sərhəddinə buraxmaqdan imtina etdi.
3. Putin Ukrayna Donbasında seçkilərin Ukrayna qanunları əsasında keçirilməsindən imtina etdi.
4. Putin Rusiya qoşunlarının Ukrayna hərbçilərinə və Donbasın mülki əhalisinə atəş açmasına son verilməsindən imtina etdi.
5. Putin Ukrayna Donbasına sülhməramlıların yeridilməsi üçün Ukraynaya icazə verilməsindən imtina etdi.
6. Qoşunların daha üç yerdə bir-birindən ayrılması məsələsi müzakirə edildi. Əgər faktiki heç bir şey dəyişmirsə, nə üçün qoşunlar ayrılmalıdır?
7. Putin Ukraynaya qarşı aqressiv hərəkətlərini davam etdirir: müharibə, Azov dənizinin blokadası və informasiya əməliyyatları davam edir.
8. Putin barışıq üçün bir şərt kimi, Rusiya hərbçilərinə və muzdlularına amnistiya verilməsini tələb edir.
9. Putin, faktiki, Ukraynanın “LDXR hakimiyyəti”ni tanımasını tələb edir.
10. Fransa və Almaniya yenə də RF-yə heç bir şəkildə təzyiq göstərməyəcək və danışıqlarda passiv müşahidəçi olaraq qalacaqlar.
Belə nəticə çıxır ki, təcavüzkardan sülh diləyən ölkə heç bir vaxt ondan (təcavüzkardan – tərc.) hörmət görməyəcək.
Bəs nə etməli?
1. Danışıq mövqeyi xahişlər deyil, mübarizəyə hazırlıq əsasında formalaşdırılmalıdır. “B” planı ilə qorxutmaq lazım deyil, onu reallaşdırmaq lazımdır. O halda, bizim sözlərimizə ciddi münasibət göstərməyə başlayacaqlar. Hər hansı bir divar tikmək və mövcud olmayan “panaseya” haqqında düşünmək lazım deyil. Bizim artıq divarımız mövcuddur, bu, Ukrayna ordusudur. Bizi yalnız o müdafiə edəcəkdir.
2. Ukrayna təcavüzkara zərər yetirməlidir. “Naftoqaz”ın “Qazprom”la apardığı müharibəyə baxın. Dövlət səylərinin birləşdirdi, “Qazprom”la real mübarizə strategiyası işləyib hazırladı, siyasi və hüquqi təzyiq təşkil etdi, bunu 5 il ardıcıl olaraq reallaşdırdı, məhkəmələrdə qələbəyə nail oldu və indi Avropada “Qazprom”u təqib edir və onun müqavilələrini pozur. Buna görə də ilk dəfədir ki, Rusiya qaz məsələsində Ukraynanın mövqeyi ilə hesablaşmağa başlayıb.
3. Nəhayət, Ukrayna peşəkar – hücumlarla deyil, müdafiədən müharibə aparmağa başlamalıdır. Orduya pul qazanmaq istəyənlər deyil, peşəkarlar gəlməlidir. Nəhayət, müharibənin 6-cı ilində orduda sözdə deyil, əməli olaraq islahatlar başlamalıdır. Generallara mövcud məhdudiyyətləri nəzərə alan, lokal müharibə doktrinası verilməlidir. Ayda 30-40 deyil, heç olmasa, 300-400 muzdlu öldürülməsi hədəfi qoyulmalıdır. Bax, onda Putində sülhməramlılara maraq oyanacaqdır.
İsrail 70 ildir döyüşür, hər il itki verir, əsgərlər ölür, lakin bu, ölkənin inkişafı üçün tormoz olmayıb. Bəzən müharibə və müharibədə itkilər qaçılmaz olur. Güclü dövlət bu itkiləri minimum səviyyəyə endirir, düşmənin itkilərini isə maksimum səviyyəyə qaldırır.
4. Biz müharibə dövründə də effektiv şəkildə inkişaf edə bilərik. Dövlət məhkəmə, müdafiə və təhlükəsizlik sistemlərini modernləşdirməlidir. Dövlətin karkasını, müqavimətini gücləndirən strategiyalara ehtiyac vardır. Zelenski, hələ ki, bütün bunlardan yayınmağa cəhd edib. Belə bir möcüzəyə ümid bağlayıb ki, birdən Putin bir bəhanə ilə işğaldan vaz keçə bilər.
Möcüzə olmayacaq. Milləti və dövləti yalnız qan, tər və ağır əmək, ağıllı strategiyalar və onların reallaşdırılması üçün uzunmüddətli iradə qura bilər.
Nəticə
Putinin onlara bərabərhüquqlu tərəf kimi yanaşmağa başlayacağı ümidiylə bu danışıqlara başlayanlarda, həmçinin Paris görüşündə sülhə nail olunacağına və Rusiyanın öz istəyilə müharibəyə son qoymaq istədiyinə inananlarda mövcud olan “illüziyalar dağı” dağılmışdır.
Prezident Vladimir Zelenski tarixdəki öz yeri haqqında Putinlə bazarlıq edə bilən adam kimi deyil, Ukraynanı güclü edə bilən adam kimi düşünməlidir. Düşməni danışıqlar masasına oturmağa və Ukrayna üçün əlverişli şərtlərdə sülh axtarmağa yalnız bu məcbur edə bilər.
Tərcümə Strateq.az-ındır