Real TV-nin direktoru Mirşahin Ağayevin "102 FM heç vaxt Çingiz Mustafayevin adını daşımayıb" açıqlaması “virtualaz.org” saytının rəhbəri Eynulla Fətullayevin etirazına səbəb olub.
Belə ki, E.Fətullayev özünün feysbuk hesabında M.Ağayevin vaxtilə ANS-in efirində 102 FM radisounun Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıması barədə fikirlərini təsdiq edən videonu paylaşıb (həmin videosüjeti aşağda təqdim edirik - red.).
“Buyurun! Mirşahin Ağayev özü ANS-in efirindən bəyan edir: “Çingiz Mustafayevin adını daşıyan radiostansiya - ANS ÇM-102 FM” Hansı Mirşahin düz danışır? Bu gün danışan və ya ANS-in efirindən bəyan edən?”, - deyə E.Fətullayev yazıb.
Qeyd edək ki, sayt rəhbərinin bu postuna M.Ağayev rəy yazaraq öncəki fikirlərində qaldığını bildirib: “Eynulla, bu emosional informasiyadır, hüquqi fakt və rəsmi sənəd deyil. Özümüzün öz aramızda qoyduğumuz addı bu. 102 fm-in adı Çingiz fm olmayıb. ANS ÇM 102 FM olub. Bunu da bayaq izah etdim. 2016-cı ildə ANS ÇM qapanıb və o zaman bu mövzu indiki isterikayla gündəliyə gətirilməyib. Bu gün də olmamalıdır bu. 102 fm müsabiqəyə tezlik kimi çıxarılıb. Çingizin mirası kimi yox. ANS TV nin yayımlandığı 31-ci diapazon da tenderə çıxarıldı və o bu gün başqa sahibi ilə efirdədir. ARB 24. Burda kiminsə malından, mülkündən, mülkiyyətindən söhbət getmir. Mədəni ictimaiyyəti də yanlışa sürükləmək lazım deyildi!”
E.Fətullayev isə Mirşahinə cavabında Real TV-nin addımına bəraət qazandıra bilmədiyini deyib: “Deyək ki, lap elə belədir. Hörmətli Real TV başqa tezlik götürə bilməzdimi? Axı 27 illik tarixi necə silmək olar? Mən həmişə sizi dəstəkləmişəm, ən ağır günlərdə belə, lakin bu addıma heç cür bəraət qazandıra bilmirəm. Məncə, Real bu iddiadan imtina etməlidir!!! Hətta dostumdan ayrılsa idim, heç zaman ona məxsus olan tezliyə iddia etməzdim. Vicdan əzabı çəkərdim, yaşaya bilməzdim! Bu stansiyanın bağlanmasının əsil səbələrini siz də bilirsiz, hörmətli Mirşahin müəllim. ANS Əli Həsənovun fitnə-fəsadı ilə qapadılmışdı. Və həmin gün, siz şəxsən məndən dəstək istəyirdiniz. Və mən də öz dəstəyimi əsirgəmədim...”
M.Ağayev isə cavabında deyib: “Mən belə düşünmürəm, 102 tezliyi məndən ötrü 31 tezliyindən artıq deyil. Həyatımın 25 ilini verdiyim tezlikdən. Yeri gəlmişkən, ANS ÇM bağlananda mən 102 FM-in prezidenti idim, indi də kanala rəhbərlik etməyə haqqım və gücüm çatar! Bəli, mən ANS in bərpası üçün çox çalışdım, səndən də dəstək istədim, doğrudur, amma bu mənim yuxarıda yazdıqlarımın bir sözünü belə təkzib etmir”.
Qeyd edək ki, tərəflər arasında uzun mübahisənin sonunda E.Fətullayevin 102 tezliyini aldıqları halda Çingiz Mustafayevin adının qalıb-qalmayacağı barədə sualına Real TV-nin rəhbəri belə cavab verib: “Eynulla, bizim kanalın adı Radio Realdı. Tenderi qazansaq bu adla da yayımlanacaq. Adətən, yaddan çıxmasın deyə harasa nişan, işarə qoyurlar, bizim yadımızda Çingiz nişansız, işarəsiz də qalacaq”.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində boş qalmış 102,0 MHz işçi tezliyinə müsabiqə elan edib. Vahid Mustafayevin “Balans Studiyası”, Seyfulla Mustafayevin “İNS ÇM” MMC, Mirşahin Ağayevin "Real Təhlil İnformasiya Mərkəzi” MMC şirkətləri və “TV Media Azərbaycan” adlı digər bir şirkət hazırda müsabiqə üçün müraciət edənlər sırasındadır.
Real TV-nin baş direktoru Mirşahin Ağayev isə rəhbərlik etdiyi televiziyanın efirindən 102 ÇM-də ÇM abreviaturasınını Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını əks etdirmədiyini iddia edib.