Avropa komissarı: Azərbaycan ifadə azadlığı sahəsində irəliləyişə nail olmayıb”

12-12-2019, 08:45   
 





Dekabrın 11-də Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycanda ifadə azadlığının vəziyyəti, hüquqşünasların hüquqlarının pozulması və məcburi köçkünlərin hüquqlarına dair hesabat dərc edib.
Məruzə Avropa komissarının nümayəndə heyətinin iyulun 8-dən 12-dək Azərbaycanda keçirdiyi görüşlərin əsasında yazılıb.
D.Miyatoviç Azərbaycanda söz azadlığının qorunmasında az irəliləyişin əldə olunmasından təəssüflənir. Onun sözlərinə görə, hökuməti tənqid edən jurnalistlər və sosial şəbəkələrin fəalları mütəmadi olaraq həbs edilirlər. Onlara qarşı polisə müqavimət, xuliqanlıq, pul qoparmaq, vergidən yayınma, etnik, dini nifrət qızışdırma, vətənə xəyanət, narkotik maddə, yaxud silah saxlama ittihamları irəli sürülür.
Səfər zamanı komissar həbsdə jurnalistlər Seymur Həzi və Əfqan Muxtarlı ilə görüşüb.
Seymur Həzinin 5 illik həbs müddəti avqustun 29-da bitib və o, azadlığa çıxıb.
Komissar Azərbaycan hakimiyyətini öz baxışlarına görə həbs olunan şəxslərin hamısını azadlığa buraxmağa çağırır. Onlarla jurnalistin, vəkilin, siyasi fəalın və insan haqları müdafiəçisinin ölkədən çıxışına qadağa qoyulub. O, hakimiyyəti bu qanunsuz əngəllərdən çəkinməyə çağırıb.
Komissarın ofisi həmçinin Azərbaycan hökumətinin verdiyi şərhləri də yayıb. Hakimiyyətin fikrincə, hesabatdakı bəzi dəyərləndirmələr ölkədə insan haqları ilə bağlı real durumu əks etdirmir, bəzi bəndlər hətta qeyri-dəqiqdir.
“Hesabatda bəzi sahələrdə mövcud olan ayrı-ayrı xüsusi halların götürülərək onların əsasında ölkədəki ümumi mənzərənin mənfi dəyərləndirilməsi daha çox narahatlıq yaradır”, – hökumətin cavabında bildirilir.
İnsan hüquqları komissarı Azərbaycan Cinayət Məcəlləsində diffamasiyaya görə cəzanın qaldığını bildirir və diffamasiyanın dekriminallaşdırılmalı olduğunu təkrar edir.
2017-ci ilin martında “İnformasiya haqqında” qanuna əlavələr hakimiyyətə imkan verir ki, “dövlətə və cəmiyyətə təhlükə yaradan informasiya”ya görə vebsaytları bloklasın.
D.Miyatoviç hakimiyyəti qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırmağa çağırıb.
D.Miyatovic hesabatda Azərbaycanda kəskin vəkil çatışmazlığını qeyd edib,  bunun əsasən paytaxtdan kənarda hiss olunduğunu vurğulayıb. Eyni zamanda göstərilən hüquqi yardımın keyfiyyətindən narahatlığını bildirib.
Komissar bəzi vəkillərin Kollegiyadan uzaqlaşdırılmasına diqqəti çəkir, onların əsasən siyasi baxımdan həssas işlərə çıxdıqlarını bildirir.
“Komissar Vəkillər Kollegiyasını vəkillərə qarşı şikayətlərin şəffaf və ədalətli ararşdırılması üçün prosedur qaydaları möhkəmləndirməyə çağırır və qeyd edir ki, vəkillərin ictimai maraq doğuran işlər üzrə öz fikirlərini ifadə etmək hüququ var və onların azadlığı təmin olunmalıdır”, – hesabatda deyilir.
2018-2019-cu illərdə 11 vəkil lisenziyadan məhrum edilib.
Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxslərin Azərbaycan hökuməti üçün prioritet mövzulardan olduğunu bildirən komissar hakimiyyətin bu şəxslərin hüquqlarının təminatı yönündə vacib addımlar atmasını alqışlayıb. O, bəzi məcbur köçkünlərin hələ də yataqxanalarda ağır şəraitdə yaşadığını, yerləşdirildikləri mənzillər üzərində sahiblik hüququ əldə edə bilmədiyini, mənzil təminatı zamanı məcburi köçkünlərin spesifik ehtiyaclarının nəzərə alınmadığını qeyd edir.
Komissar hakimiyyəti məcburi köçkünlərin bütün iqtisadi və sosial hüquqlara, özəlliklə də adekvat mənzil və işlə təminata çıxışını yaxşılaşdırmağa çağırır.
Strasburq/11.12.19/Turan:
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.