“Ramiz Mehdiyevi reklam etsəydim, elə o, Azərbaycana, yerə-göyə sahiblik edəndə bunu deyərdim də...”
Xalq hərəkatının fəal üzvlərindən olan Ənvər Əliyevin “Meydan sirləri” kitabında 1988-ci ilin 18 may mitinqində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin iştirak etməsi, hətta mitinqin onun tərəfindən açılması barədə yazılanlar birmənalı qarşılanmayıb.
“AzPolitik.info” Ənvər Əliyevlə söhbətləşərək, ondan bu mövzu ilə bağlı fikirlərini öyrənib.
- Ənvər müəllim, “Meydan sirləri” kitabında iddia etmisiniz ki, 1988-ci il mayın 18-də “Azadlıq” meydanında keçirilən mitinqi Mərkəzi Komitənin ideoloji katibi Ramiz Mehdiyev açıb. Bu iddianız nə dərəcədə həqiqətə söykənir?
- Mənim dediyiniz kitabım 2012-ci ildə nəşr edilib. Bundan əvvəl Ədalət Tahirzadənin kitabı çap olunub. Biz Azərbaycan tarixini yazmışıq, yaratmışıq. Bəyəm, indiyə qədər mənim bir yalan və ya səhv məlumat verdiyimi eşitmisiniz? Əgər mənim başqa bir niyyətim olsaydı, bunu əvvəl qabardardım da, daha Ramiz Mehdiyev işdən çıxdıqdan sonra niyə deyirdim? Ramiz Mehdiyev işdən çıxandan sonra bunlar başlayıblar “çırpmağa”, ayıbdır. Mən 18 may mitinqində ön sırada durmuşdum. Əslində, 18 may mitinqi 16 may mitinqinin davamı idi və bunu da hökumət təşkil etmişdi.
Bu mitinq dövlətin mitinqi idi. O zaman zavod, fabriklər işləyirdi, orada yüz minlərlə insan çalışırdı. Biz 1988-ci ilin 16 may mitinqini özümüz etdik. Ayın 16-da çətinliklə meydana çatdıq və təntənəli şəkildə mitinq etdik. Bu aksiyada dövlət adamları az idi. Sonra qayıdıb piyada gəldik parlamentə. Xəlil Rza da parlamentdə idi. Parlamentdə çıxışlar oldu, hətta Bəxtiyar müəllimlə Xəlil Rza mübahisə etdi. Saat 22:00-da biz parlamentdən çıxdıq, amma evə gedən yox idi, insanlar gözləyirdi. Az.TV tərəfdə kiçik mitinq oldu, Mənsur Əliyev danışdı və Mikayıl Mirzə də yaxşı çıxış etdi. Sonra Politexnik İnstitutunun rektoru Mirzə müəllim qışqırdı ki, “kim kişidirsə ayın 18-də öz adamları ilə meydana gəlsin”. Orada digər rektorlar da vardı. Onlar da elan etdilər ki, gələcəyik.
Ayın 18-də biz yataqxanadan çıxanda gördük ki, camaat bayraqlarla, şüarlarla hərəkət edir. Voladarski adına fabrikin, “Leytenant Şmidt” zavodunun işçilərinə rast gəlinirdi. Biz meydana çatdıq. Orada da Ramiz Mehdiyev hökumət adamı kimi mitinqi açdı. Mən ona qədər Ramiz Mehdiyevi yaxşı tanıyırdım.
- Haradan tanıyırdınız?
- Buna qədər biz ev almaq tələbi ilə 3-4 dəfə aksiya keçirmişdik, Mərkəzi Komitənin önünə toplaşmışdıq. O zaman Ramiz Mehdiyev dedi ki, “Ənvər, daha bura gəlməyin, sizə ev ayrılacaq”. Doğrudan da sonradan AMEA-ya 200 ev verdilər. Bu evlərin bir hissəsi indiki “Heydər Məscidi”nin aşağısındakı binadadır, 70-i isə hazırda mən qaldığım binada. Yəni demək istəyirəm ki, buna qədər mən Ramiz Mehdiyevi tanıyırdım və bilirdim ki, Mərkəzi Komitədə ideoloji işlər üzrə katibdir. 18 may mitinqini də Ramiz Mehdiyev açmışdı və mitinqi aparmaq üçün sözü Nüsrət Kəsəmənliyə vermişdi. Ramiz müəllim orada əlavə söz demədi. Mitinq də hay-küylə keçdi. Mən gördüyümü deyirəm və kitabda da yazmışam.
- 18 may mitinqində Ramiz Mehdiyev sona qədər iştirak etdimi?
- Mən onu sona qədər izləmədim. Həm də bizi tribunaya buraxmırdılar. Mayın 21-də Kamran Bağırov birinci katib vəzifəsindən çıxarıldı. Onda Ramiz Mehdiyev ideoloji işlər üzrə katib idi. Yəni onun vəzifəsi vardı. Pənah Hüseyn və Fazil Mustafa deyir ki, onda Ramiz Mehdiyevin vəzifəsi olmayıb, bu, səhv fikirdir.
- Ancaq Ramiz Mehdiyevin özünün tərcümeyi-halında qeyd olunur ki, 1988-ci ilin mayında, yəni qeyd edilən mitinq ərəfəsində tutduğu vəzifədən azad edilib...
- Mən qeyd etdim ki, mayın 21-də Kamran Bağırovu vəzifədən çıxardılar. Yəni Ramiz Mehdiyevi ayın 18-də və ya ondan əvvəl işdən çıxarmamışdılar. Yüz faiz mayın 18-də mitinq zamanı Ramiz müəllim katib idi. Əks halda bu qədər sayda hökumət adamları mitinqdə olmazdılar. Həm də axı mənim dediyimlə yanaşı stenoqram var. Bu hadisələr videolentə alınıb.
“Tarixə fırıldaq gəlmək olar?...”
- Bu stenoqram, video və ya audio kasetlər varmı, varsa harada saxlanılır?
- Mən onlara baxmışam. Səhv etmirəmsə, 30-dan çox kaset, stenoqram var. Mən bu kitabı yazanda vəkil tutdum, İkram müəllim məhkəmənin sədri idi. O, 30 cildlik cinayət işi ilə tanış olmağıma etiraz etmədi. Bu kasetlər ola bilsin ki, indi Ədliyyə Nazirliyinin arxivindədir. Gedin onlara baxın və görəcəksiniz ki, 18 may mitinqini Ramiz müəllim açıb. O zaman vəzifədən çıxmamışdı, çıxsaydı bilərdik. Tribunada da əsasən məmurlar, şair və yazıçılar idi. Ortada stenoqram var. Tarixə fırıldaq gəlmək olar? Bunlar öyrəniblər yalan danışmağa. Mənim gündəliyimdə, kitabımda bu faktlar qeyd edilib. Mən götürüb yalandan nəsə yazaram?!
- Bu fakt Ədalət Tahirzadənin kitabında da qeyd edilib?
- Bilirsinizmi, onun kitabında Ramiz Mehdiyevin adı yoxdur. Söhbət ondan gedir ki, onlar mitinqə gec gəliblər, biz isə birinci gəlmişdik. Özümüz mitinq keçirəndə səhər saat 08:00-dan meydanda olurduq. Ola bilsin ki, 18 may mitinqinə Ədalət gec gəlib, ola bilsin görməyib.
Digər tərəfdən, səhv etmirəmsə Ramiz müəllimi vəzifəsindən Əbdülrəhman Vəzirov azad edib. Vəzirov mayın 21-də birinci katib təyin edilib. Hətta mitinqdə söhbət gəzirdi ki, Kamran Bağırov Moskvaya gedib və ona deyiblər ki, siz də bir mitinq edin. Əlbəttə ki, bu, mitinqdə gəzən şayiə idi, fakt deyildi.
- Sizin fikirlərinizdən belə çıxır ki, Azərbaycanda Milli Azadlıq Hərəkatının ilk təşkilatçısı elə hökumət özü olub...
- Yox! 18 may mitinqinə qədər 19 fevral, 16 may mitinqləri olub. Hökumət görmürdü ki, torpağı gedir? Kamran Bağırovu Xankəndindən döyüb qovmamışdılar? Bayrağı cırmamışdılar? Hökumətin əlində o qədər imkan və resurslar vardı. Üstəlik, biz də Mərkəzi Komitənin qarşısında çığırırdıq ki, adam deyilsiniz, vəzifənizi qoruyursunuz...
Parlamentdə ciddi çxışlar olurdu. Mən bütün bunları yazmışam. O zaman artıq hökumət yıxılırdı. Bu mənada “prosesi hökumət başlayıb” söhbəti düz deyil.
Akademiyanın qarşısında hər gün mitinq olurdu. Həm də yuxarıda qeyd etdiyim kimi, 18 may mitinqi 16 may gününün axşamı təyin olunub. 19 fevralda isə hökumətin mitinqdən xəbəri olmayıb. Bu, ilk mitinq idi.
Mayın 16-da mitinq keçirildi və bunu biz təşkil etdik. Həmin axşam da mayın 18-nə mitinq təyin edildi. Bu, artıq üçüncü mitinq idi və bunu hökumət təşkil etmişdi. Pənah Hüseynlə Fazil Mustafa da başlayıblar ki, belə oldu, elə oldu. Mən Ramiz Mehdiyevi reklam etsəydim, elə o, Azərbaycana, yerə-göyə sahiblik edəndə bunu deyərdim də... Amma faktı gizlətmək olmaz. Bu mitinq hökumət tərəfindən təşkil edilmişdi. İndi əgər onların bundan xəbərləri olmayıbsa, buna mən nə edim?
- Bəs sonradan necə oldu ki, hökumət bu prosesdən çəkilməyə qərar verdi?
- Vəzirov 1988-ci il, mayın 21-də birinci katib təyin edildi. Sonra Vəzirovun özü, səhv etmirəmsə, iyunun 9-da Bakıda mitinq təyin etdi. O zaman mən Xanlar rayonunda ezamiyyətdə idim. Həmin vaxt artıq Ramiz müəllimi işdən çıxarmışdılar. Amma bu mitinqi Telman Orucov aparırdı. Eləcə də Ali Sovetin sədri Süleyman Tatlıyev və hökumətin bütün nümayəndələri tribunada idilər. Vəzirovun dövründə ikinci mitinq 13 iyunda oldu. Mitinqi Vəzirovun özü aparırdı və tribunada idi. Bunlar tarixdir.
İkincisi, hamı gördü ki, Vəzirovdan da bir şey çıxmadı. O da heç nə edə bilmədi. Xalq da başladı onu saymamağa. Vəzirovun dövründə 27 noyabr mitinqindən 10 gün sonra Topxanada ermənilərin fəaliyyəti dayandı. Yəni ki, hökumət bacarmadığına görə biz qalxdıq.
“Yüz nəfər üzümə durdu ki, “hamısını bu edib””
- Qəribədir, bəs Əbülfəz Elçibəy, Etibar Məmmədov, Zərdüşt Əlizadə və digərləri nə zaman meydana çıxdılar?
- Onlar 17 noyabr mitinqindən sonra ortaya çıxdılar. Bundan əvvəlki mitinqlərdə onlar olmayıblar. Əbülfəz bəy akademiyadakı mitinqlərə gəlirdi və çıxış edirdi. Mən meydanda baş verən prosesləri yazarkən səhv edə bilərdim. Buna görə də sənədlərə və ifadələrə əsaslanaraq yazdım. Siz dediyiniz və demədiyiniz şəxslər 17 noyabr mitinqindən sonra ortaya çıxdılar. Başqa sözlə, Aqanbekyanın Parisdəki çıxışından sonra biz mitinq təyin etdik. Əvvəl görürdük ki, biz mitinq edirik, hökumət əlimizdən alıb, onu toy-bayrama çevirir. 17 noyabrda qərara gəldik ki, mitinqi biz təşkil edirik, özümüz də aparacağıq və ora hökumətin daxil olmasına imkan veməyəcəyik. Həqiqətən də 17 noyabr mitinqi tarixə yazıldı. İndi də çoxları açıq yazır ki, biz hərəkata 1988-ci ilin 17 noyabrından başlamışıq. Sonra mən xəstələndim, yaralandım, çıxmağa məcbur oldum və istiqamət də dəyişdi... Adını çəkdiyiniz şəxslərin çoxu 17 noyabrda hərəkata gəldiklərini qeyd ediblər. Hətta onu dağıtmaq istəyənlər, üzərimə hücum çəkənlər də olub. Sonra onların bir hissəsi deputat oldu...
- Siz niyə sonradan digərləri kimi tribunalarda görünmədiniz?
- Məni dekabrda həbs etdilər. Yüz nəfər də üzümə durdu ki, “hamısını bu edib”. Azadlığa çıxanda da gördüm ki, Azərbaycan Xalq Cəbhəsi yaradılıb, amma orada mənim adım yoxdur, heç yerli rayon təşkilatına da üzv etməyiblər.
- Sizi konkret nə vaxt və nəyə görə həbs etdilər?
- Məni 1988-ci ilin dekabrında həbs etdilər. Moskvadan 36 nəfərlik xüsusi qrup gəlmişdi. Eləcə də DTK-nın əməkdaşları, SSRİ baş prokurorunun müavini gəlmişdi. Məni, Nemət Pənahlını, Hatəmini saldılar həbsxanaya. Təxminən 11 min səhifəlik cinayət işi yarandı. Mən oradakı sənədlərin çoxuna imza atmamışam, amma çoxu imza atırdı. Sonra azad edildikdə gəlib gördüm ki, hər yer tutulub. Məsələn, 17 noyabr mitinqi haqqında bir adam da deyə bilməz ki, “mən istintaqda demişəm ki, bu mitinqi Ənvər Əliyev deyil, mən təşkil etmişəm”. Onların çoxu izahatlarında qeyd edirdilər ki, “mitinqi Ənvər Əliyev təşkil edib, mənim xəbərim yox idi”. Mən də çıxdıqdan sonra gördüm yerlər tutulub, həmin yerləri tutanların da çoxu içəridə mənim üzümə duranlardır...
Vaqif NƏSİBOV
AzPolitika.info