“Putinin nəyinə lazımdır, Azərbaycanda partiya yaratsın?” – Zərdüşt Əlizadə

12-12-2019, 16:26   


Bu günlərdə Azərbaycanda daxili siyasi vəziyyətlə bağlı geniş məqalə ilə çıxış edən tanınmış iş adamı, milyarder Fərhad Əhmədovun təqdim etdiyi “yol xəritəsi” ictimaiyyətdə geniş müzakirə olunur.

Rusiyada yaşayan iş adamı növbədənkənar parlament seçkiləri ərəfəsində MSK-nın və rayonlardakı DSK-ların yenidən təşkil olunmasını, sədrin yeni təfəkkürlü gənclə əvəzlənməsini vacib sayıb. Habelə, o Seçki Məcəlləsinin dəyişdirilməsini, xaricdə yaşayan və lobbiçilik fəaliyyəti ilə məşğul olan azərbaycanlıların seçkidə iştirakını təmin edəcək müddəaların qanuna daxil edilməsi kimi təkliflər irəli sürür.

Milyarderin təkliflərinin indiki məqamda ortaya çıxması ilə bağlı əsas mülahizələrdən biri Azərbaycanda Rusiyanın dəstəyi ilə yeni bir siyasi təşkilatın yaradılması barədədir.

Xatırladaq ki, MDB ölkələrinin əksəriyyətində, eyni zamanda Avropa ölkələrində Kremlə simpatiya bəsləyən siyasi liderlərin rəhbərlik etdikləri partiyalar var. Onların əksəriyyəti hakimiyyətdə koalisiya ortaqlarıdır.



Politoloq Zərdüşt Əlizadə Azərbaycanda da bu ehtimalın həyata keçəcəyi barədə iddiaları qəbul etmir. O, “AzPolitika.info”-ya şərhində bildirib ki, Fərhad Əhmədov bundan əvvəl də Azərbaycanda gedən proseslərə münasibət bildirib: “Bir neçə il əvvəl milyarder Qarabağ münaqişəsinin həlli prosesində “xalq diplomatiyası”nın faydalı olacağını demişdi. Hesab edirdi ki, münaqişə xalqların arasında körpülərin, əlaqələrin bərpası ilə qansız-qadasız həll oluna bilər”.

Zərdüşt Əlizadə deyir ki, indiki məqamda Rusiyanın Azərbaycanda yeni siyasi partiya yaradılmasına dəstək verəcəyi barədə mülahizələr kökündən yanlışdır: “Putin hakimiyyəti dövründə Rusiyada bütün siyasi azadlıqlar, o cümlədən partiyalar məhv edildi. İndi Kommunistlər, “Yabloko” bloku və s. vaxtı ilə nüfuzlu olan partiyalar eybəcər hala salınıb. Putinin nəyinə lazımdır ki, Azərbaycanda yeni partiya yaratsın? Partiya yaxşı şey olsaydı, Rusiyada onları məhv eləməzdi” - deyə Z. Əlizadə vurğulayıb.

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.