İndi Bakıda bəzi cavanlar arasında yeni dəb düşüb - mağazalarda yalnız plastik kartlardan istifadə edirlər. Buna görə də xeyli əziyyət çəkirlər - plastik kartlar hər yerlə keçərli deyil, məhəllə dükanlarında, bazarlarda mütləq nağd puldan istifadə etmək lazımdır. Yasamal qəsəbəsində yaşayan belə bir gənc hər gün bazarlıq üçün bir neçə kilometr yol gedib supermarketlərdən alver edir. “Niyə hamı kimi maaşı bankomatdan çıxarıb, bala-bala dükan-bazarda xərcləmirsən?”- deyə soruşduqda cavab verir: “Bilirsən, belə daha sərfəlidir. Supermarketlər malı məhəllə dükanlarından daha ucuz satır. Həm də bankomatlardan fərqli olaraq POS terminallarla alış-veriş zamanı nağdlaşma faizi çıxılmır”,- deyə yasamallı gənc bildirir.
Amma ANS PRESS-in məlumatına görə, ölkədə plastik kart sahiblərinin yalnız cüzi hissəsi onlardan alış-verişdə istifadə edir. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2014-cü ilin may ayına ölkədə 5,967 milyon ədəd plasktik kart olub. Və yanvar-may aylarında bu plastik kartlarla 988 milyon manatlıq əməliyyat gerçəkləşdirilib. Amma bunun yalnız 90 milyon manatı POS-terminalların vasitəsi ilə gerçəkləşdirilib. POS-terminallarla gerçəkləşdirilən əməliyyatların sayı xüsusilə az olub. Beş ayda POS-terminallarla 846 min əməliyyat gerçəkləşdirilib ki, ölkədə iyunun 1-ə 48 min 582 ədəd POS-terminal olub. Yəni bir POS-terminalla 5 ay ərzində cəmi 17,41 ədəd əməliyyat gerçəkləşdirilib. Aya cəmi 3 əməliyyat, on günə isə 1 əməliyyat düşür. Böyük ehtimalla bu əməliyyatların əksəriyyəti iri supermarketlərdə gerçəkləşdirilib. Beləliklə, ölkənin ticarət obyektlərinin əksəriyyətində POS-terminallardan sadəcə istifadə etmirlər.
İqtisadçı ekspert Samir Əliyev alış-verişdə plastik kartlardan istifadə səviyyəsinin aşağı olmasının ilkin səbəbi kimi ölkədə normal POS-terminal infrastrukturunun olmamasını göstərir: “Təsəvvür edin, ölkədə olan 48 min 582 ədəd POS-terminalın 35 min 110-u Bakının payına düşür. Yəni əsas əməliyyatlar yalnız Bakıda aparılır. Çox təzadlı səslənsə də, zəruri infrastruktur yoxdur. İnfrastruktur yalnız Bakıdadır. Rayonlarda, xüsusilə də kəndlilər POS-terminallardan istifadənin nə olduğundan xəbərsizdirlər. Kənddə plastik kart sahibi POS-terminal vastiəsi ilə nəsə almaq üçün mütləq rayon mərkəzinə getməlidir. Ona görə də insanlar pullarını bankomat vasitəsi ilə nağdlaşdırırlar. Təsadüfi deyil ki, plastik kartlarla aparılan əməliyyatların 90 faizi nağdlaşdırma əməliyyatlarıdır”, - deyə iqtisadçı ekspert ANS PRESS-ə bildirib.
Samir Əliyevin fikrincə, insanların POS-terminallardan istifadəsinin bu qədər aşağı olmasının digər səbəbi məlumatsızlıqdır: “İnsanlar kartlardan istifadə barədə tam məlumata malik deyillər. Əhalidə çox böyük maliyyə savadsızlığı var. Bunun nəticəsidir ki, insanları əməliyyatlarda, kreditlərdə aldadırlar. İnsanlar kartların əhəmiyyətindən xəbərsizdirlər. İnsanlara sistemli şəkildə bu barədə məlumatlar verilməlidir”.
Amma ANS PRESS-in Bakıdakı ticarət obyektlərində apardığı araşdırmaya görə, ticarət obyektlərinin sahibləri də POS-terminallardan istifadəyə meylli deyillər. Əksər kiçik dükanlarda plastik kartla ödəniş etmək istəyən müştərini yola verirlər. “Əşşi, gətirib qoyublar, amma bizdə onu işlətməyi bacaran mütəxəssis yoxdur” kimi sözlərlə müştərini nağd pullu ödəniş etməyə yönəldirlər. Bəzi ticarət obyektlərində doğrudan da POS-terminalda istifadə etməyi bacaran işçi yoxdur.
“İş adamlarını POS-terminallardan istifadədən uzaqlaşdıran başqa səbəb də var. Normal dükan sahibi sadələşdirilmiş vergi üzrə dövriyyənin 4%-inə bərabər vergi ödəyir. POS-terminallardan istifadə etdikdə isə xərclər orta hesabla 1% artır. Həmin 1%-i ticarət obyekti POS-terminala xidmət göstərən təşkilata, yəni banka 1% əlavə vəsait ödəyir. Yəni POS-terminalla işləyən sahibkarın xərci 4% yox, 5% olur. O zaman iş adamının marağı nədir ki, POS-terminaldan istifadəyə meylli olsun?”- deyə Samir Əliyev sual verir.
İqtisadçı ekspertin fikrincə, iş adamlarını POS-terminallardan istifadəyə meylli etmək heç bir stimullaşdırıcı addımlar atılmalıdır. “Məsələn, POS-terminallarla aparılan əməliyyat zamanı sadələşdirilmiş vergi dərəcəsini 4%-dən 2%-ə endirmək olar. Bunun üzərinə POS-terminaldan istifadəyə görə faiz gəldikdə, toplam xərclər 3%-ə qalxar. Yəni iş adamının 1% qazancı olar. Belə olan halda iş adamları POS-terminallardan istifadəyə meylli olar”,- deyə Samir Əliyev ANS PRESS-ə bildirir.
Onun fikrincə, müəyyən məbləğdən yuxarı əməliyyatlara limit qoyulması da əhalinin POS-terminallardan istifayə meylini artıra bilər. “Bəzi ölkələrdə bu, 5 min avro, bəzilərində 3 min avro səviyyəsindədir. Bizdə isə ilkin olaraq hədd kimi 3 min manat götürmək olar. Yəni 3 min manatdan yuxarı alış-verişlər mütləq nağdısız gerçəkləşdirilməlidir. Sonrakı mərhələlərdə bu məbləği daha da aşağı salmaq mümkündür”,- deyə iqtisadçı ekspert vurğulayır.