İSTANBULDA YOXA ÇIXAN “QIRMIZI ÇANTA”… –İngilis kəşfiyyatçıdan hansı sənədlər oğurlanıb?

16-12-2019, 09:43   

Ərgün Dilər

“Takvim”, Türkiyə, 14 dekabr 2019-cu il

 

Bu həftə, yəni bu axşam “Yaz-poz”un manşetlərindən biri Karaköydə öldürülən son “Ceyms Bond” – Ceyms Qustav Edvard Le Mezuryedir. Proqramda başqa baxış bucağından yanaşılan bir Le Mezurye görəcəksiniz. Dünyanın ağıllı mərkəzlərində təqribən bir aydır müzakirə olunan mövzu bu agentin ortadan qaldırılma hadisəsidir.

Türkiyədə isə zaman sürətlə axır. Çox şeyi anlamadan üstündən keçmə, unutma kimi bir istəyimiz, meylimiz vardır. Halbuki burnumuzun dibindəki çox önəmli ortadan qaldırma – sui-qəsd hadisəsinin səbəb və nəticələrini görmədən üstündən keçə bilmərik.

İzləyənlər bilir ki, ilk gündən bəri, bunun sui-qəsd olduğunu yazıram. Hadisələrin inkişafı və sızan məlumatlar nə qədər haqlı olduğumuzu ortaya qoydu. Ancaq hadisənin sızmayan, buralarda məlum olmayan çox dəyərli bir tərəfi də vardır. İstəyirsinizsə, buradan irəliləyək. Le Mezuryenin əlaqələrini, dostluqlarını, əməliyyatlarını paylaşaq.

Günlərdir onun nə üçün hədəfə çevrildiyini yazıram. Ancaq əməliyyatın heç məlum olmayan bir yanı vardır. Ən azı, onu buralarda yazan və anladan yoxdur. Gəlin, o mötərizəni biz də açaq. Baxaq, görək, ortaya çıxandan xoşunuz gələcəkmi? Ondan həzz alacaqsınızmı?

Ceyms Qustav Edvard Le Mezuryenin 11 noyabrda İstanbulda öldürülməsinin mərkəzində MKİ dayanır. Bunu yalnız mən yazmır, sadəcə mən söyləmirəm. Bütün baş verənləri Mİ6 mənbələri də təsdiqləyir. Mİ6 Le Mezuryenin agent olduğunu qəbul etməsə də, bütün kəşfiyyat qurumları bu həqiqəti bilirdi.

Le Mezuryeni ölümə götürən böyük sirr nə idi? Nə üçün öldürüldüyü haqqında məlumatımız var idi? Bunlar yazıldı. Ancaq onu qolundakı 80 min dollarlıq saatla ölümə sürükləyən əsil səbəb nə idi? Uzatmayaq…

Le Mezurye qırmızı çanta üçün öldürüldü. O, 1691-ci ildən bəri ingilis dövlət ənənəsi olaraq, gizli sənədlərin daşınması üçün istifadə edilən “Qırmızı çanta”nın (“Red Box”) bir bənzəri üçün öldürüldü. Həmin çantanın içində, başda MKİ olmaqla, 9 kəşfiyyat təşkilatında Mİ6-ya işləyən şəxslərin adlı siyahısı var idi.

Günlərdir yazıram ki, ölümlər davam edəcək. Çünki bütün işarətlər bu yöndədir. Məsələni bir az da açaq.

Daha öncə İngiltərənin bir çox baş nazirinin əlində gördüyümüz, dövlət sirlərini daşıyan “Qırmızı çanta”nın bir bənzəri də Le Mezuryedə idi. Mİ6-nın çox önəmli sənədləri onda idi. Bu qırmızı çantanın içində Mİ6-nın xaricdəki əməliyyat qurumlarının apardığı işlər detallı şəkildə mövcud idi. Mİ6-nın Aralıq dənizi ilə bağlı detallı şəkildə hazırladığı ən son “20 illik Aralıq dənizi” planı da çantada idi. MKİ-nin Suriyadakı etibarlı evində ələ keçirilən çox önəmli sənədlər də həmin qırmızı çantada idi. Anlayacağınız odur ki, çanta bir xəzinə qədər dəyərli idi.

İndi aydın olan odur ki, bu çanta artıq ingilis kəşfiyyatında – Mİ6-da deyil. Əməliyyatın mərkəzində olan MKİ-nin onu ələ keçirmə ehtimalı çox yüksəkdir. Gələn məlumatlara görə, Türkiyə və ya İsrail kəşfiyyatı da son bir həmlə ilə onu ələ keçirmiş ola bilər. Ancaq MKİ-nin əlində olması ilə bağlı dəyərləndirmələr ağırlıq qazanır.

Alman məxfi xidməti BND-nin, hətta rus kəşfiyyat xidməti FSB-nin də qırmızı çantanı axtardığı məlum oldu.

Mİ6 qırmızı çanta ilə əlaqədar olaraq, “Dünyanın 8-ci möcüzəsini itirdik” deyir. Le Mezurye Mİ6-ya xəyanət etməzdi. Ən azı, Mİ6 belə düşünür. Bəs çantadan kimin xəbəri var idi?

Mİ6, açığa çıxma ehtimalını belə nəzərə almayaraq, Türkiyədəki bütün agentlərinə qırmızı çantanı tapmaq üçün tapşırıq verdi. Çox böyük hərəkətlilik var. Bütün agentlər sahədədir. Hər yer bir-birinə qarışıb. Müdhiş bir təqib və araşdırma aparılır.

11 noyabrdan etibarən qırmızı çantanın harada olması böyük bir sirrdir. İndi bu sirrin açılmasından daha önəmli olan şey çantanın Mİ6-ya geri qaytarılmasıdır. Bu, İngiltərənin gələcəyi üçün də çox önəmlidir. Çünki içindəkilərin xarici kəşfiyyat qurumları tərəfindən öyrənilməsi milli təhlükəsizliyi də təhdid edir.

Le Mezurye 9 və 10 noyabr tarixlərində kimlərlə görüşdü? Çanta yanında idimi? Mİ6 bu sualların cavablarını axtararkən, Le Mezuryenin İstanbulda görüşdüyü 3 türk dostunu da araşdırmağa başladı.

İddialara görə, Le Mezurye 9 noyabrda səhərədək Karaköydə yaşayan türk dostunun evində qalıb. Le Mezurye İstanbulda evindən başqa heç bir yerdə oyanmağı sevməzdi. Çünki ən təhlükəsiz yerin öz evi olduğunu bilirdi. Çox özəl təhlükəsizlik sistemi olan evi onun ən rahat olduğu yer idi. Bu qədər diqqətli olan Le Mezurye nə üçün 09 noyabrda səhər başqa bir evdə oyandı? Ya da heç yatmadı…

Bir kəşfiyyat xidməti nə qədər güclü olsa da, bəzən 4 divar arasında qala bilər. Bax Mİ6 elə bu durumdadır.

İstanbul daim Mİ6 üçün önəmli olub. İstanbul digər kəşfiyyat təşkilatları üçün də daima özəl yer olub. Bu, dünən də belə idi, bu gün də belədir. Ancaq Mİ6 qurulduğu 1906-cı ildən etibarən güclü olduğu İstanbulda tarixinin ən güclü dövrünü yaşayırdı. Bütün kəşfiyyat təşkilatları bunu bilirdi.

Ceyms Qustav Edvard Le Mezurye cinayətinin üstü örtüldü. Yalnış məlumatlarla bu cinayətin adi bir cinayət hadisəsi olması haqqında rəy yaradıldı. Ən azı, belə göstərilməyə ehtiyac duyuldu. İngilis mediasında bir çox xəbərə senzura tətbiq edildi. The GuardianThe Times qəzetləri Türkiyədə heç kimin tanımadığı bəzi mətbuat orqanlarını qaynaq olaraq göstərdi. İngilis mediasından açıq şəkildə senzura tətbiq olunması istəndi, onlar da müvafiq addımlar atdılar. Çünki İngiltərənin milli təhlükəsizliyi risk altında idi. Karaköydə həyata keçirilən neytrallaşdırma əməliyyatı Londonu sarsıdırdı. Anlaşılmayan bu idi.

Və bunu başqa bir təşkilat İstanbulun göbəyində, ən etibarlı evdə həyata keçirirdi.

O qırmızı çanta üçün addımın və ya addımların atılacağı qətidir. İngilis hökuməti də, Bukinqem sarayı da, Mİ6 da israrlı və qərarlı bir davranış nümayiş etdirəcəkdir. Həmin çantadakı məxfi sənədlərin, necə olursa olsun, ələ keçirilməsi lazımdır.

Kəşfiyyat müharibələri indiyədək olmadığı qədər, qızışacaqdır. Və bu müharibəni biz adi gözlə görəcəyik.

İstanbulda da müəyyən addımların atılma ehtimalı yüksəkdir. Sanki başqa şeylər də olacaq. İzləyək, görək…

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.