“İstanbulun “Amerikan Hastanesi”ndə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş olsa da, hələ də komadadır”.
Bunu Cebhe.info-ya açıqlamasında Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva deyib. Hüquq müdafiəçisinin komadan ayılması lə bağlı xəbərlərə münasibət bildirən Firuzə Gülalıyeva məlumatın həqiqətəuyğun olmadığını deyib:
“Oqtay bəy hələ də komadadır, ayılmayıb. Heç bir reaksiya da bildirməyib. Sadəcə, səhhətində bir qədər irəliləmə var. Son 4 gündə temperaturu olmayıb və nəfəs alması yaxşılaşıb. Böyrəklərində olan keratinin səviyyəsi azalmağa doğru gedir”.
Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-da burada əməliyyat olunub. Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Daha sonra isə xəstə Heydər Əliyev Fondunun yardımı ilə noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və Avrasiya Xəstəxanasına yerləşdirilib. Bir müddət orada müalicə alan hüquq müdafiəçisi İstanbulda yerləşən “Amerikan Hastanesi”nə köçürülüb. Beyin əzilməsi diaqnozu qoyulan O.Gülalıyev bir ay yarımdır ki, koma vəziyyətindədir.
Alçina Amilqızı
Cebhe.info