Hakimiyyətin nəzarətində olan QHT-lərin fəaliyyəti araşdırılmır
Ələsgər Məmmədli: «Qanunvericiliyə edilmiş dəyişikliklər bu təşkilatların ölkədən getməsini sürətləndirmək üçündür»
Azərbaycanda qeyri-hökumət təşkilatlarının və xarici QHT-lərin filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması və bərpası Ədliyyə Nazirliyi tərəfindən dövlər reyesterinə daxil ediləcək. Bu, Nazirlər Kabinetinin “Hüquqi şəxslərin dövlət reystrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları”na etdiyi dəyişikliklərdə əksini tapıb.
Siyasi partiyalarla bərabər, bundan sonra dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş QHT-lərin də daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə dair məlumat əks etdirilməlidir. Eyni zamanda, dövlət reyestrində QHT-lərin üzvlərinin sayı, icra orqanlarının tərkibi və səlahiyyət müddəti, ləğv edilmiş qurumun əmlak məsələlərinin Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada həll olunması, quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılması və bərpası, fondlarda isə himayəçilər şurasının üzvləri, fondun nizamnamə kapitalının və təsisçilərin əmlak paylarının həcmi barədə məlumatlar da göstərilməlidir. Azərbaycanda filial və ya nümayəndəliyi olan xarici QHT-lərin isə təsisçiləri, habelə filial və ya nümayəndəliyin icra orqanlarının tərkibi və səlahiyyət müddəti, rəhbərinin müavininin adı, soyadı, atasının adı, vətəndaşlığı, yaşayış yeri, səlahiyyət müddəti, ləğv edilmiş qurumun əmlak məsələlərinin Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada həll olunması, quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası, habelə fəaliyyətinin dayandırılması (tarixi və müddəti) və bərpası (tarixi) barədə məlumatlar dövlət reyestrində göstərilməlidir.
Dəyişikliyə əsasən, bundan sonra QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri fəaliyyətini dayandırdıqda və bərpa etdikdə bu barədə Vergilər Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna məlumat verməlidirlər.
Azərbaycanda QHT-lərə qarşı amansız münasibət hər gün hiss olunur və hökumət bütün vasitələrlə QHT-lərin fəaliyyətinə nəzarəti ələ keçirmək istəyir. Əsas hədəf isə Qərblə əməkdaşlıq edən QHT-lərdi ki, son günlər həmin QHT-lərə təzyiqlər artıb, qurumun rəhbərləri həbs olunub və bu proses davam edir. Ancaq ölkədə hökumətin mövqeyini təbliğ edən yüzlərlə QHT-lər var ki, onların fəaliyyəti, ayrılan vəsaitləri hansı məqsədlə xərcləmələri araşdırılmır. Nəticədə məlum olur ki, milyonlarla pul qeyri-şəffaf şəkildə xərclənir və ortada da heç bir fəaliyyət yoxdur. Ancaq xarici QHT-lərin haqq-hesabı aparılır, bu qurumların nə qədər qrant alması, hansı məqsədlə istifadə olunması dəqiqliklə yoxlanılır. Hakimiyyətin siyasətini tənqid edən QHT-lər isə, ümumiyyətlə, düşmən elan edilir.
Indi QHT-lərlə bağlı qanunların sərtləşdirilməsi də bu siyasətin tərkib hissəsidir və müstəqil təşkilatları sıradan çıxarmağa xidmət edir.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli hesab edir ki, yürüdülən siyasət Azərbaycandan QHT-lərin çıxarılmasına xidmət edir: “Son dövrlər qanunların sərtləşdirilməsinə start verildi. Xüsusilə də QHT-lərin fəaliyyəti önə çəkildi və beynəlxalq nümayəndəliklərə də bu qanunlar şamil edildi. Digər hüquqi şəxslərdən fərqli olaraq, QHT-lərə daha çox prosedurlar tətbiq edildi. Məslən, hüquqi şəxslərdən fərqli olaraq, QHT-lər 40 gün müddətində qeydə alınır. Yaxud QHT-lər vergi və digər hesabatları hüquqi şəxslərdən çox verirlər. Ümumi yanaşanda QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması prosesi gedir. Belə bir tendensiya var ki, Azərbaycan demokratik, inkişaf etmiş ölkədir və QHT-lərin, beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyətinə ehtiyac yoxdur. Rəsmi siyasət onu göstərir ki, qanunvericiliyə edilmiş dəyişikliklər bu təşkilatların ölkədən getməsini sürətləndirmək üçündür”.