Azərbaycanda seçkilərə artan marağın səbəbi nədir?

17-12-2019, 08:33   

gənclər seçkilərdə iştiraka maraqlıdırmı?Fotonun müəllifiBBC/ANADOLU AGENCY/MEYDANTV/GETTY IMAGES

Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsinə 1 həftə, növbədənkənar parlament seçkilərinin keçirilməsinə isə 2 aydan az vaxt qalır.

Hər iki seçki əvvəlkilərlə müqayisədə gənclərin xüsusi aktivliyi ilə seçilir. Son bir neçə həftədə 50-dən çox ictimai fəal bələdiyyə və parlament seçkilərində namizəd olduqlarını qeyd edərək öz təbliğatlarını aparırlar.

BBC News Azərbaycancanın söhbətləşdiyi gənclər seçkilərdə daha gənc kadrların həm iştirakının, həm də seçilməsinin ölkədə gedən ictimai-siyasi proseslərə "yeni nəfəs" olacağına inanırlar.


Azərbaycanda bələdiyyə seçkilərinə maraq parlament və prezident seçkilərdən daha az olsa da, bu dəfəki seçkilərdə sonuncu - 2014-cü ilin bələdiyyə seçkilərindən 4600-dən çox namizəd qeydə alınıb. Namizədlərin ümumi sayı 42 minə yaxındır.

Parlament seçkilərində namizədlik müddəti başa çatmadığı üçün bu rəqəmdə fərq olub-olmayacağı hələlik məlum deyil.

Vəfa NağıFotonun müəllifiVƏFA NAĞI
Image captionVəfa Nağı: "Heç vaxt səsverməyə getməyən insanlar deyir ki, biz gedib sənə səs verəcəyik"

"Gənclər artıq proseslərə təsir etmək istəyir"

Neftçalanın Xolqaraqaşlı kəndindən bələdiyyə seçkilərində namizədliyini irəli sürən Vəfa Nağı deyir ki, 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində iştirak üçün özünü "hazır hiss etməyib" və bunun üçün bir az gözləmək və builki seçkilərə qatılmaq qərarı alıb.

O, son zamanlarda gənclərin həm siyasi fəallığının, həm də seçkilərə marağının artdığını düşünür.

Gənc namizəd ehtimal edir ki, buna səbəb gənclərin "köhnə siyasətçilərin, eləcə də partiyaların passivliyindən yorularaq" özlərinin "nə isə etməyə" çalışmasıdır.

Vəfa Nağı gənclərin "artıq proseslərə təsir etmək istədiyini" söyləyir:

"Məncə, köhnə nəsildənsə daha proqressiv gənclərin, gənc insanların nələrisə dəyişməsinə inam daha çoxdur. Mən kənddə insanlarla söhbət edəndə onların da bu fikirdə olduğunu görürəm. Onlara öz platformamı açıqlayıram və heç vaxt səsverməyə getməyən insanlar deyir ki, biz gedib sənə səs verəcəyik".

Onun sözlərinə görə, gənclərin bələdiyyə seçkilərinə marağının səbəblərindən biri də bu qurumun "nələr edə biləcəyini" göstərməkdir.

"Adamlar deyir ki, bələdiyyələr heç nə etmir, sadəcə addır, bu seçkilərin mənası yoxdur. Əslində bələdiyyənin işi gəlib oturub, sadəcə qərbistanlıq torpaqlarını və ya hansısa əkin yerlərini satmaqla kifayətlənməməlidir. Bələdiyyə istifadəsiz, işləməyən qurum deyil, sadəcə onu bu hala salıblar. İşləmək istəsə, işləyə bilər".

Vəfa Nağı deyir ki, söhbətləşdiyi bəzi namizədlər "özlərinin namizəd olduqlarından xəbərsiz olduqlarını, sadəcə adlarını siyahıda gördüklərini" deyib. Bu isə, ona seçkilərə tam pozitiv baxmağa "imkan vermir".

Rəbiyyə MəmmədovaFotonun müəllifiRƏBİYYƏ MƏMMƏDOVA
Image captionRəbiyyə Məmmədova: "Bələdiyyələrin "yeni nəfəsə və işləyən insanlara ehtiyacı var"

"İlk dəfədir ki, bu qədər maraq var"

Bakının Binəqədi qəsəbəsindən bələdiyyə seçkilərinə namizədliyini irəli sürən Rəbiyyə Məmmədova da Vəfa Nağı ilə razılaşır.

O hesab edir ki, gənclərin seçkilərə qatılması ilə seçkilərə ümumi maraq və seçkinin aktivliyi artıb.

"Daha öncə bələdiyyə seçkiləri nə vaxt keçirildi, kim seçildi xəbərimiz olmurdu. Cəmiyyətin tanıdığı bir çox gənc seçki prosesinə qoşulub və ilk dəfədir ki, bələdiyyə seçkilərinə bu qədər maraq var".

Rəbiyyə Məmmədova cəmiyyətin gənclərə etimad edəcəyini düşünür. O, özünə inandığını, cəmiyyətin gəncləri xoş qarşıladığını deyir.

"Mən qapı-qapı dolaşaraq təbliğat işlərini aparıram və insanların reaksiyası çox müsbət olur. Əslində bunu gözləmirdim. İmzatoplama kampaniyası zamanı da, təbliğat-təşviqat zamanı da çox pozitiv siqnallar almışam, çox yaxşı qarşılanmışam".

Gənc namizəd deyir ki, bələdiyyə üzvlüyünə seçilməklə "ən azından bələdiyyə sənədlərinə və hesabatlara çıxış əldə edəcək, bununla da az da olsa korrupsiyanın qarşısını ala biləcək".

Rəbiyyə Məmmədovanın fikrincə, gənc namizədlərin platformalarında qeyd olunan işlər "yeni nəfəs" kimidir, bələdiyyələrin isə "yeni nəfəsə və işləyən insanlara ehtiyacı var".

seckiFotonun müəllifiAZİZ KARİMOV/PACİFİC PRESS/LİGHTROCKET VİA GETTY I

Gənclər, maddiyyat və çətinliklər

Seçkilərə namizədliyini irəli sürən gənclərin bir çoxu deyir ki, "gənclərin ortaq problemi maliyyə məsələsidir".

Onlar təbliğat-təşviqat işlərində maliyyə baxımından müəyyən çətinliklər yaşadıqlarını deyirlər.

Vəfa Nağı deyir ki, gənclər "demək olar ki, sıfır imkanlarla nə isə etməyə çalışır".

Rəbiyyə Məmmədova da bu fikirlə razıdır. O deyir ki, seçkilərə hazırlaşmaq üçün maliyyə baxımından problemlərlə üzləşirlər.

"Bələdiyyə seçkilərinə namizəd olan digər gənclərlə də əlaqəm var. Bu dəqiqə hamımızın ortaq problemi maliyyə məsələsidir".

Seçki məsələləri üzrə şərhçi Anar Məmmədli deyir ki, maliyyə çatışmazlığı gəncləri gəncləri seçki prosesindən "çəkindirir".

"Gənclər düşünür ki, onsuz da maliyyələri, ciddi büdcələri yoxdur. Fikirləşirlər ki, bu prosesə qatılıb özlərinə problem yaratmaqdansa kənarda qalsınlar.

Anar Məmmədli

Anar Məmmədli bələdiyyə seçkiləri ilə bağlı "optimist olmadığını" deyir.

O söyləyir ki, gənclər arasında seçkilərə maraq aşağıdır, "sosial mediada olan paylaşımlar isə göstərici deyil".

"Mərkəzi Seçki Komissiyasının namizədlərlə bağlı paylaşdığı məlumatların dəqiqliyinə etibar etmirəm. Bələdiyyə yerlərinin sayı çoxdur və rəqabət bundan dördqat artıq olmalıdır. O rəqəm ki, açıqlayırlar 40 mindən çox namizəd qeydiyyatdan keçib, bu, 10 milyonluq ölkə üçün heç də böyük rəqəm deyil. Çünki söhbət rayon, şəhər, qəsəbə və kənd bələdiyyələrindən gedir".

Millət vəkili Aydın Mirzəzadə deyir ki, hər seçkidən-seçkiyə fəallıq artır, gənclik daha fəal olur - yeni nəsil meydana gəlir, yeni simalar, yeni ideyalar ortaya çıxır.

O, əlavə edir ki, bu, həm də "insanların öz fikrini bildirməsi, seçkinin şəffaf və demokratik keçirilməsi üçün şərait yaranmasının nümunəsidir".

Anar Məmmədli vurğulayır ki, "seçkilərdə namizədlərin qeydə alınmasında problemlərin yaradılması, qalib gəlmiş şəxslərin tanınmaması, qanun pozuntuları, saxtakarlıq halları imkan vermir ki, insanlar seçki prosesinə bir yarış kimi qatılsınlar".

Cənab Məmmədli Azərbaycanda bələdiyyələrin statusundan da razı deyil. O hazırkı statusun artırılmalı olduğunu düşünür.

O deyir ki, Azərbaycanda bələdiyyələrin səlahiyyəti Gürcüstan və Ermənistandan "qat-qat aşağıdır".

"Azərbaycanda bələdiyyələr faktiki olaraq qeyri-dövlət təşkilatı statusuna malik institutdur".

Anar Məmmədli hesab edir ki, "yerli səviyyəli seçkilərin dövründə dairə və məntəqə seçki komissiyalarının əksəriyyəti məşğul olacaq". O, "belə şəraitdə parlament seçkisini təyin etməyə nə ehtiyac var idi" deyə sual edir.

"Hakimiyyət bələdiyyə seçkilərinə münasibətini parlament seçkilərini bu seçki ilə eyni vaxta təyin etməklə göstərdi. Yəni, bələdiyyə seçkilərinə nə qədər sıradan seçki kimi yanaşdıqlarını ortaya qoydular".

Aydın MirzəzadəFotonun müəllifiMEYDANTV
Image captionAydın Mirzəzadə: "Qoy insanlar istifadə etsinlər, şəffaf və demokratik seçkidə daha yaxşıların üzə çıxdığının bir daha şahidi olsunlar".

Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, seçkilərə marağın olması onu göstərir ki, "cəmiyyət kimi seçdiyinin fərqindədir".

"Cəmiyyət öz problemlərinin həlli üçün ən layiqli insanların qabağa verilməsi üçün ilk növbədə yaxşı şərait yaradıb. Qoy insanlar istifadə etsinlər, şəffaf və demokratik seçkidə daha yaxşıların üzə çıxdığının bir daha şahidi olsunlar".

O söyləyir ki, cəmiyyətin bütün təbəqələrindən seçkilərdə iştiraka, öz fikrini açıq bildirməyə marağın olması "insanı razı salan haldır".

Aydın Mirzəzadə "layiqli insanların" yerli idarəetmə orqanlarında təmsil olunacağına inanır.

"Nəticələr barədə nə isə demək çətindir, amma insanların fəallığı və namizədlərin çoxluğu bizi sevindirir. Cəmiyyətdə gedən proseslərə biganə deyillər. Bu, onu göstərir ki, Azərbaycanda demokratik cəmiyyət formalaşıb, fikrini azad bildirmək imkanı var".

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də, növbədənkənar parlament seçkiləri isə fevralın 2020-ci il fevralın 9-da baş keçiriləcək.

Seçki keçiriləcək 1606 bələdiyyənin hər biri üçün ayrıca olmaqla, ümumilikdə beş milyondan çox seçki bülleteninin çap olunması nəzərdə tutulub.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.