Ayda 190 manatla dolanmaq olarmı? - Ekspert və deputatdan fərqli fikirlər

18-12-2019, 20:49   


Prezidenti İlham Əliyev iki gün öncə-dekabrın 16-da 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunları təsdiq edib. 2020-ci ildə yaşayış minimumu ölkə üzrə 190, əməkqabiliyyətli əhaliyə 201, pensiyaçılara 157, uşaqlar üçün isə 170 manat müəyyən olunub.

Bu illə müqayisədə həmin göstəricilər üzrə məbləğlərdə təqribən 10 manat artım var.

İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, Azərbaycandakı yaşayış minimumu üzrə istehlak səbətlərinin tərkibi daha çox üçüncü dünya ölkələri üçün xarakterikdir.

Ekspert deyib ki, istehlak səbəti ərzaq, qeyri-ərzaq və xidmətlər olmaqla üç səbət əsasında formalaşır:«Müstəqil ekspertlərin yanaşması budur ki, indiki istehlak səbətinin tərkibi Azərbaycanın böyük neft pulları gəlmədiyi, yaşayış səviyyəsinin kifayət qədər aşağı olduğu və Dünya Bankının gəlir təsnifatında orta-aşağı gəlirli ölkələr qrupuna daxil edildiyi vaxt hazırlanıb. Halbuki, son 10 ildə Azərbaycan Dünya Bankının təsnifatında orta-yuxarı gəlirli ölkələr qrupuna aid edilir».

R.Ağayev vurğulayıb ki, ölkənin gəliri yüksəlirsə, yaşayış standartları da dəyişməli, yaşayış minimumu daha yüksək standartlara söykənməlidir.

{{photo-undefined-c8c1ad11-2938-428c-9ccb-f75e4bc3152e}}Ekspertə görə, 190 manat vəsaitin statistik orta vətəndaşa nə dərəcədə yetərli olmasını söyləməkdən ötrü alternativ qiymətləndirmə aparılmalıdır: «Normalda insanın qida, xidmət və qeyri-ərzaq istehlakı minimum, amma daha ləyaqətli yaşamağa imkan verən səviyyə hansıdırsa, həmin standartlardan çıxış edib alternativ hesablama aparmaqla bu suala obyektiv cavab verə bilərik. Belə alternativ hesablama olmadığı üçün orta-yuxarı gəlirli ölkə standartlarına uyğun yeni yaşayış standartları hazırlanmalıdır».

R.Ağayev hesab edir ki, indiki minimumlar Azərbaycan kimi böyük neft gəlirləri olan ölkənin yaşayış standartlarına uyğun deyil.

{{photo-undefined-1ee42202-536d-4aa9-8119-2b34c4f534be}}Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə «Turan» agentliyinə deyib ki, bu ilin əvvəlindən Prezident İlham Əliyevin sosial islahatlar paketi geniş miqyas alır. Onun sözlərinə görə, sosial islahatların konkret nəticələrini insanlar öz həyatlarında hiss edirlər.

F.Ağamalı vurğulayıb ki, bu il həm minimum pensiyalar və həm də minimum əməkhaqqı xeyli dərəcədə artırılıb. Təkcə minimum əməkhaqqı bu ilin fevralında 130 manatdan 180, daha sonra isə 250 manata qaldırılıb.

«Əmək pensiyası alanın da pensiyası yaşayış minimumundan yüksəkdir. Bu, çox ciddi göstəricidir, həm də son hədd deyil. Növbəti illərdə də bu artımlar özünü göstərəcək və bu, ölkə prezidentinin sosial siyasətinin prioritetlərindən biridir. Hesab edirəm ki, növbəti ildə də biz yeni artımların şahidi olacağıq və bu artımlar minimum yaşayış həddindən bəlkə də iki-üç dəfə çox olacaq», - F.Ağamalı belə hesab edir.

azpolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.