Yeni ildə siyasi aləmdə daha hansı yeniliklər ola bilər? Siçan ili Azərbaycan və dünya üçün düşərli olacaqmı?Kult.az xəbər verir ki, mövzu ilə bağlı astroloq Səbuhi Rəhimli “Yeni Müsavat”a danışıb.
“Öncə onu qeyd edim ki, Çin qoroskopuna əsasən 2020-ci il Siçan ili, Zərdüşt təqviminə görə isə Fil ili olacaq. Zərdüşt təqviminə əsasən bir neçə gün sonra geridə qoyacağımız il Kirpi ilidir və onun da öz xüsusiyyətləri var. Siyasi proqnozları əsasən Zərdüşt təqvimi ilə proqnozlaşdırıram. Çin qoroskopu demək olar ki, çox zəifdir. Zərdüşt təqvimi sırf elmidir və mükəmməldir”, - S.Rəhimli bildirib.
S.Rəhimli qeyd edib ki, Zərdüşt təqvimi ilk dəfə olaraq Azərbaycanda yaranıb:
“Beləliklə, siyasi proqnozları Zərdüşt təqvimi ilə verirəm və buna görə də proqnozlarımın heç bir, səhv olmayıb.
Hər il 25 ictimai siyasi proqnoz verirəm. Hətta prqonozlarımı mətbuata verəndə politoloqlar ilk anda bunu inkar edirlər, bildirirlər ki, bu proqnozlar ola bilməz və sairə. Amma xatırlayıram ki, keçən il bu vaxt siyasi proqnozlarımın böyük əksəriyyətini demişdim. Məsələn, çox populyar 6 böyük vəzifəli şəxsin işdən azad olunacağını bildirmişdim. Həmçinin həmin vaxt Rusiya-Ukrayna, NATO-Rusiya qarşıdurmaları var idi, bildirmişdim ki, yeni ildə bunlar olmayacaq. Həmçinin İrana hücumu təkzib etmişdim. Fətullah Gülənin Türkiyəyə verilməyəcəyini də demişdim. Beləliklə, ötən il verdiyim 25 proqnozun 15-i dünya, 10-u isə Azərbaycan üçün idi”.
Səbuhi Rəhimli 25 proqnozdan 23-nün dəqiq çıxdığını deyib: “Yerdə qalan ikisini isə dəqiqləşdirirəm. Onlardan biri dünyadakı mafiyalar, oliqarxlarla siyasi qarşıdurmalardır ki, onu dəqiq araşdırmaq üçün hələ ki tam informasiyalar olmalıdır”.
Səbuhi Rəhimli Siçan ilində Azərbaycanı və dünyanı gözləyən hadisələri bu cür proqnozlaşdırıb:
“Ötən il Qaban ili idi. Həmin il əsasən sülh ili kimi hesab olunur və gördüyünüz kimi, böyük qlobal hadisələr, münaqişələr baş vermədi.
Lakin Siçan ili üçün bunu deyə bilməyəcəyik. Siçan ili sərt, qarışıq ildir və tarixi xronologiyaya nəzər salanda görürük ki, bir çox münaqişələr həmin ildə baş verib. Məsələn, Azərbaycanın ikiyə parçalanmasının tamamlandığı Türkmənçay müqaviləsi…
Ölkəmizdə Siçan ilində baş verən sevindirici hadisələrdən isə onu deyə bilərəm ki, Opera və Balet Teatrı, Gənc Tamaşaçılar Teatrının tikilməsi bu ilə təsadüf edib. Həmçinin Daşkəsən, Mingəçevir kimi şəhərlərin əsası qoyulub.
Siçan daxilimizdə gizlənən potensialımızın üzə çıxmasına xidmət edəcək. Bu il həm də yeni liderlərin yetişməsi, siyasi vəhdətlərin yaranması, yerində olmayanların yerinin laxladığı dövrdür”.
Səbuhi Rəhimli siyasi, iqtidar-müxalifətlə bağlı proqnozlarını da qeyd edib:
“2020-ci ildə iqtidar-müxalifət dialoqunun yumşaq olacağına inanmıram.
Parlament seçkiləri məsələsinə gəldikdə isə deyə bilərəm ki, Milli Məclis minimum 40 faizə qədər yenilənəcək. Məsələn, hesablamalarıma əsasən, köhnə deputatların 31 nəfərinin üzərindən xətt çəkmişəm”.
Səbuhi Rəhimli bu il ölkədə devalvasiya olmayacağını deyib:
“Devalvasiya ilin birinci yarısında olmayacaq. İlin ikinci yarısı üçün isə hələlik bu haqda proqnoz deyə bilmərəm. Beləliklə, ən azı may ayına qədər devalvasiya olmayacaq”.
Astroloq Qarabağ məsələsinə də toxunub:
“Gələn il üçün heç bir hərbi əməliyyat proqnozu yoxdur”.
Səbuhi Rəhimli qeyd etdi ki, Siçan ili dünya dövlətləri üçün qarışıq il olacaq:
“İki il idi ki, dünya dincəlirdi. Lakin Siçan ilində belə olmayacaq. Amma ümumilikdə bərəkətli il olacaq. Bütün qoroskoplar bunu deyir. Bildiyiniz kimi, bu il payız meyvələri bol, yaz meyvələri az oldu. Amma gələn il bütün mövsüm meyvələri bol olacaq. Kəndlinin məhsulunu Bakıya gətirib satması üçün əlverişli şərait yaradılacaq”.