Amerika Birləşmiş Ştatlarının (ABŞ) Türkiyəyə qarşı təzyiqləri müxtəlif formalarda davam edir.
Siyasi, iqtisadi sanksiyalardan sonra Türkiyəyə qarşı “erməni soyqırımı” məsələsinin ABŞ Konqresində gündəmə gəlməsi də bu təzyiqlərin bir hissəsi kimi qiymətləndirilir. Qeyd edək ki, ABŞ-Türkiyə münasibətlərində gərginliyin əsas səbəbi Türkiyənin Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə raketləri hesab olunur. ABŞ rəsmiləri bu məsələyə görə Türkiyəyə qarşı sanksiya tətbiq edəcəyini dəfələrlə bəyan edib.
Son olaraq ABŞ Konqresində “erməni soyqırımı” haqqında qərarın qəbul olunması münasibətlərdəki gərginliyi pik həddə çatdırdı. Türkiyə də ABŞ-ın sərt mövqeyinə təhdidlərlə cavab verdi və ABŞ-ı “İncirlik” hərbi bazasından çıxaracağı ilə hədələdi. Bu fonda ABŞ prezident Donald Trampın “erməni soyqırımı” haqqında qərara veto qoyması münasibətlərdə yumşaldıcı fon yaratdı. Qeyd edək ki, ABŞ Dövlət Departamenti Konqresin qondarma “erməni soyqırımı” qətnaməsini ABŞ Dövlət Departamentinin mətbuat katibi, xanım Morqan Ortaqus şərh edib.
O, bildirib ki, ABŞ Administrasiyasının “erməni soyqırımı”nın tanınmasına dair mövqeyi dəyişməyib. “ABŞ Konqresinin hər iki palatasının qətnamə qəbul etməsinə baxmayaraq, ABŞ Administrasiyasının erməni soyqırımının tanınmasına dair mövqeyi dəyişməyib. Bizim baxışlarımız ABŞ Prezidentinin bu ilin aprelində səsləndirdiyi yekun bəyanatda əksini tapıb”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu ilin aprelində 1915-ci il hadisələrinin ildönümü münasibətilə ənənəvi çıxışı zamanı “erməni soyqırımı” ifadəsini işlətməyib, həmin hadisələri "böyük fəlakət" adlandırıb. Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının ardınca Senat da bu il dekabrın 12-də qondarma “erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul edib.
Morqan Ortaqus ikinci açıqlamasında isə qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Senatın qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnaməyə veto hüququndan istifadə edib. Ortaqus bildirib ki, ötən həftə ABŞ Senatında 150 nömrəli qanun layihəsi ilə əlaqədar yazılı bir şərh qəbul ediblər:
"Bu qərarla razılaşmadıq. “Soyqırımı” məsələsində Administrasiyanın mövqeyi dəyişməyib".
Maraqlıdır, ABŞ Türkiyəyə təzyiq kimi “erməni soyqırımı”nı tanıya bilərmi? Tramp Konqresin qərarına veto qoymaqla münasibətləri yumşaltmaq istəyir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, sənədin imzalanma ehtimalı olduğunu deyib:
“ABŞ Nümayəndələrin Palatasının səs çoxluğu ilə “erməni soyqırımı”na səs verməsinə baxmayaraq, belə bir təsəvvür var idi ki, bu sənəd Senatda təsdiq olunmaya da bilər. Çünki Senatda çoxluq Trampı dəstəkləyən respublikaçıların əlindədir. Amma göründü ki, həmin respublikaçılar da “erməni soyqırımı” haqqında qətnaməyə səs verdilər. Doğrudur, Tramp bu sənədə imza atmadı. Amma gələcəkdə mümkündür ki, başqa bir prezident həmin qətnaməni imzalasın. Ümumiyyətlə, ABŞ-Türkiyə münasibətləri getdikcə soyuyur. Bundan əvvəl də bəzi mübahisə doğuran, raket, təyyarə, Fətullah Gülənin ABŞ-da sığınacaq tapması məsələləri var idi. Bunun da qarşılığı olaraq Ərdoğan iki məsələni önə çəkdi ki, biz də hindulara qarşı edilən qətliamı soyqırım kimi tanıya və “İncirlik”dəki hərbi bazanı qapada bilərik. “İncirlik”dəki hərbi bazanı bağlamaq Türkiyə üçün çox risklidir. O zaman münasibətlərin üstündən birdəfəlik xətt çəkiləcək. Amma bütün hallarda bu da Türkiyənin əlində bir alətdir ki, ABŞ-a qarşı istifadə edir. ABŞ-a başa salmağa çalışır ki, Türkiyənin əleyhinə addım atılarsa, məcbur qalıb hərbi bazanı bağlaya bilərik”.
E.Şahinoğlu bildirib ki, Trampın bu sənədə veto qoyması münasibətlərin yumşaltmadı, əslində münasibətləri xilas etdi:
“Çünki Tramp bu sənədə imza atsaydı, münasibətlər birmənalı şəkildə pozulacaqdı. Amma müvəqqəti olaraq Tramp münasibətləri xilas etmiş oldu. Münasibətlərdə tək problem “erməni soyqırımı” məsələsi deyil. Digər gərginlik yaradan mövzular da var ki, onlar həll edilməlməyə qədər münasibətlərin yumşalmasından danışmaq tezdir”.
Elxan Şahinoğlunun sözlərinə görə, Türkiyə NATO-dan çıxıb Rusiyadan asılı olmaq istəməz:
“Türkiyənin Qərbdən tamamilə uzaqlaşaraq Rusiyaya, Çinə yaxınlaşması çox uzaq hədəfdir. Türkiyə NATO-dan çıxmaq istəmir. Baxmayaraq ki, NATO ölkələrini sərt tənqid edir. Çünki Rusiyadan tam asılılıq da Türkiyəyə fayda gətirməz. Amma Türkiyə NATO və Rusiya arasında balansı saxlamağa çalışacaq. Doğrudur, hazırda Türkiyənin Rusiya ilə hərbi, erneji əməkdaşlığı davam edir. Yanvarın 8-də Rusiya Prezidenti Vladimir Putin “Türk Axını” layihəsinin açılışı məqsədi ilə Türkiyəyə gələcək. Amma Türkiyə Rusiyaya görə NATO-dan üz döndərən deyil”.
Vilayət Muxtar
Cebhe.info