Söküntü yerində onlarla memarlıq abidəsi də var...
Bakının “Sovetski” küçəsi (indiki Nəriman Nərimanov prospekti) boyunca hasarlanan evlərin bəzilərində söküntü işi yarımçıq şəkildə olsa da aparılıb. Hazırda bu iş “Sovetski” və Salatın Əsgərova küçələrinin kəsişməsində davam etdirilir.
Yasamal Rayon Icra Hakimiyyətinin ərazidə yerləşdirdiyi elanlardan məlum olur ki, hələlik işlər iki mərhələdə aparılacaq. Birinci mərhələdə söküntü ərazisinə “Sovetski” və Abdulla Şaiq (keçmiş Yuxarı Dağlıq) küçələrinin arasındakı evlər daxil edilib. Bu aralıqda isə Balababa Məcidov, Salatın Əsgərova, Şamil Əzizbəyov, Süleyman Rəhimov, Mirzağa Əliyev, Çingiz Mustafayev, Bəşir Səfəroğlu və Tolstoy küçələri kəsişir. Hasarlama işləri də hələlik bu ərazini əhatə edir. Söküntü işi tam reallaşarsa, o zaman “Sovetski” və Abdulla Şaiq küçələrinin bir tərəfi ləğv olunacaq, digər küçələr isə bir qədər qısalacaq.
Əraziyə ötəri baxış etdiyimiz üçün burada memarlıq abidələrinin olub-olmadığını söyləyə bilməsək də, ancaq Abdulla Şaiq küçəsi boyunca yerləşən 3 “su fontanı” diqqətimizi çəlb etdi. Sakinlərin sözlərinə görə, bu “fontan”lar 1950-ci illərədək əhalinin içməli su mənbələri olub. Insanlar bu “fontan”lardan vedrələrlə su daşıyarmış... Sonralar hər bir evə su kəməri çəkildiyindən “fontan”lar bağlanıb. Onlara ehtiyac qalmasa da, lakin sökülməyib, buğünədək saxlanılıb. Sakinlərin fikrincə, bu “fontan”lara indi də toxunulmamalı, köhnə Bakının atributları kimi bərpa edilməlidir.
“Sovetski” ərazisində ikinci mərhələdə aparılacaq söküntü işləri isə Abdulla Şaiq küçəsi və Azərbaycan prospekti arasındakı Süleyman Rəhimov, Mirzağa Əliyev və Çingiz Mustafayaev küçələrini əhatə edəcək. Bu da o deməkdir ki, Süleyman Rəhimov və Mirzağa Əliyev küçələrinin əhəmiyyətli hissəsi, Çingiz Mustafayev küçəsinin isə bir tərəfi ixtisara düşəcək.
Burada söküntü işlərinin Abdulla Şaiq küçəsindən başlayaraq “Azdrama”yadək davam edəcəyi planlaşdırılıb. Bununla da boşaldılan ərazinin hesabına “Qış bulvarı” uzadılacaq. Lakin burada yerli əhəmiyyətli onlarla memarlıq abidəsi var ki, onların taleyi hələ də sual altındadır.
Yasamal rayon rəhbərliyi üçüncü mərhələdə hansı ərazidə söküntü işlərinin aparılacağını hələlik açıqlamasa da, “Qış bulvarı” layihəsinə əsaslanıb bu ərazinin “Sovetski” və Dövlət Gömrük Komitəsi arasındakı küçələri əhatə edəcəyini söyləyə bilərik. Çünki hökumətin hələ də ictimai müzakirəyə təqdim etmədiyi “Qış bulvarı” sonda Hüseyn Cavid bağına birləşdirilməlidir. Lakin burada Dövlət Gömrük Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binaları və bir neçə “göydələn”in plana düşəcəyi də indidən söz-söhbətə səbəb olub.