Xəbər verdiyimiz kimi, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində ötən gün saxlanılıb. O, icra başçısı işlədiyi müddətdə dövlət büdcəsini talamaqda, işsiz vətəndaşların ictimai işlərə cəlb edilməsi üçün ayrılan külli miqdarda əmək haqlarını ələ keçirməkdə, adı müxtəlif işlərdə rəsmiləşdirilən 133 Yevlax sakinin adına açılmış əmək haqqı kartlarından 236.000 manat dövlət vəsaiti mənimsənilməkdə, habelə abadlıq adı altında yüz minlərlə manat büdcə vəsaitini “otkat” şəklində geri almaqda günahlandırılır.
DTX-nın həbslə bağlı yaydığı məlumata görə, sabiq icra başçısı 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsaiti nağdlaşdıraraq mənimsəyib. Hətta şəhid ailələri və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında icra strukturlarından yığılan pulun da bir hissəsini ələ keçirib. Keçmiş icra başçısı üst-üstə 1 milyon manata qədər vəsaiti mənimsəməkdə şübhəli bilinir.
Bəs həbs olunan Qoca Səmədov kimdir? Onun haqqında indiyədək nə danışılırdı, yazılırdı?
Hazırda həbs olunan Səmədov Qoca Çərkəz oğlu 13 oktyabr 1959-cu ildə Yevlax şəhərində anadan olub. Şəki İpək Fabrikində usta kimi fəaliyyətə başlayan keşmiş icra başçısı növbəti illərdə “Azərittifaq”ın Yevlax tədarük bazasında tədarükçü, 8 il Yevlax rayonundakı "Qafqaz" Kooperativinin sədri işləyib.
2004-2005–ci illərdə Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsinin rəisi vəzifəsində çalışıb. 2005-2006–cı illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006-2011–ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində işləyib. 2011-ci ildə Yevlax şəhər İcra Hakmiyyətinin başçısı vəzifəsinə təyin olunub və 2019-cu ilin oktyabr ayına qədər - 8 il müddətində bu vəzifədə çalışıb.
“Google” axtarış sisteminin yaddaşını qurdalayanda bird aha əmin oluruq ki, keçmiş icra başçısı haqqında mətbuatda demək olar ki, heç vaxt yaxşı xəbərlər yer almayıb. Bir çoxu reket saytlar olsa da, electron KİV-lər icra başçısının və oğlanlarının rayonda əsas biznes sahibi olmaları, özbaşınalıqlar törətmələri ilə bağlı məqalələr yazılıb. Onun adı vətəndaşları , sahibkarları incitdiyi, sakinləri qəbul eləmədiyi, icra başçısı işlədiyi müddətdə oğlanlarına bahalı maşınlar alması, özünə restoranlar, fermalar tikdirməsi, villalar, əmlaklar kolleksiyası yaratması ilə gündəmə gəlib.
KİV-də işıqlandırılan məqalə başlıqları bu məzmundadır: “Qoca Səmədov Yevlaxı viran qoyub: Elmar Vəliyevin adamı prezidentə qarşı...”
“Qoca Səmədovun Yevlax əməliyyatı: 15 milyonluq abadlıq altından boylanan qorxunc korrupsiya”
“Qoca Səmədovun Yevlax zülmü”
“Yevlaxda pul davası”
“Məcburi köçkünlər Yevlax rayon İcra başçısı Qoca Səmədovdan narazıdırlar-ŞİKAYƏT”
“Qoca Səmədov özü-özünə problem yaradır... - belə davam edərsə..”.
“Qoca Səmədov yevlaxlıların qayğıları ilə yaşamır”
“Qoca Səmədova qarşı milyonlarla manatlıq İTTİHAM”
“Yevlax rayonu icra başçısı Qoca Səmədov tərəfindən həm gözəlləşir həm də özəlləşir.- ANA FƏRYAD EDİR”
“Qoca Səmədov hədələyir, Elmar Vəliyev isə 4 milyonluq borcu qaytarmır”
“Qoca Səmədov Yevlaxı viran qoyub?”
“Qoca Səmədovun törətdiyi özbaşınalıqlar Yevlaxı yaman günə salıb”
“Yevlaxda vətəndaş zülm altında – ÖZƏL”
“İcra hakimiyyətində Özbaşınalıq - Şİkayət - Vətəndaşı ölüm həddinə çatdırdılar”
“Yevlaxın başçısı ilə bağlı ilginc iddia...”
Xatırladaq ki, Qoca Səmədov icra başçısı olduğu müddətdə RİH binasının qarşısından keçən yolu Yevlax sakinlərinin istifadəsi üçün bağlı saxlayırdı. Onun işdən azad olunmasından sonra Heydər Əliyev prospektindən və 15 il əvvəl bağlanan yol sakinlərin üzünə açılıb. Rayonda avtomobillərin hərəkəti üçün çətinlik yaradan bağlı yol yalnız icra başçısı işə gələrkən və işdən qayıdarkən açılırmış./virtualaz.org/