“Yerlər var ki, Nizaməddin Quliyev onların yanında toya gedəsidir” - Deputat və ekspertin şərhi

20-12-2019, 20:37   


Dekabrın 19-da Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, müavini Ramiz Tatarov və Yevlax şəhərinin keçmiş icra başçısı Qoca Səmədovun saxlanması ilə bağlı məlumat yayılıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl azadliq.org-a bildirib ki, bu işdə hələlik, rüşvət iddiaları yer alır «Korrupsiya daha çox büdcənin talanmasıdır. Korrupsiya yuxarıdan gələn və özü də bir-birinə bağlı məsələdir...».

İ.İsmayıl baş verənləri müsbət dəyərləndirir, əməliyyatın peşəkar hazırlandığını düşünür. Onun fikrincə, bu, daha çox hakimiyyətdaxili mübarizə məsələsinə oxşayır:«Yerlər var ki, Nizaməddin Quliyev, Qoca Səmədov onların yanında toya gedəsidir. Ona görə də inanmıram ki, bu məsələlər rüşvətxorluq, korrupsiyaya ilə mübarizə ilə çərçivələnir. Bu məsələ hakimiyyətdaxili mübarizənin tərkib hissəsidir».



İ.İsmayıl hesab etmir ki, bu tədbirlərlə Azərbaycanda rüşvət tam dayandırılacaq. Onun fikrincə, rüşvətin alınması metodları dəyişə bilər:«Çölün düzündə rüşvət alacaqlar. Aşkarlanması çətin olan üsullara əl atacaqlar. Odur ki, bununla rüşvətin qarşısı alınmayacaq, yalnız forması dəyişəcək».

Ekspertə görə, Azərbaycanda icra hakimiyyətləri bir qurum kimi ləğv olunmalıdır və hər bir rayonda hakimiyyətin vali səviyyəsində adamı olmalıdır: «Amma ən böyük statuslar seçki yolu ilə formalaşan bələdiyyələrə verilməlidir. O zaman deyə bilərik ki, sözün həqiqi mənasında islahat aparılır».

Deputat Fazil Mustafa isə«Turan» agentliyinə deyib ki, bu həbslərdə hakimiyyətdaxili mübarizə elementi yoxdur, çünki bunun anonsunu prezident vermişdi: «Yeni icra başçılarını təyin etdikdə bildirmişdi ki, rüşvətxorluqla, korrupsiya ilə məşğul olan istəniləşəxs qanun qarşısında məsuliyyət daşıyacaq».



Onun fikrincə, bu, prezidentin həmin mesajından sonra atılan addımdır. Deputat vurğulayıb ki, həmin şəxslər aztəminatlı insanlar üçün ayrılan dövlət vəsaitlərinin mənimsənilməsində günahlandırılır: «Odur ki, bu məsələni hansısa bir yönə yozmaq doğru deyil. Yəni bilavasitə prezidentin istiqamət verdiyi və ya anons etdiyi prinsiplərin həyata keçirilməsidir».

F.Mustafaya görə, bu, həm də digərlərinə verilən mesajdır. Onun fikrincə, cəmiyyət prosesi müsbət qarşılayır. F.Mustafa hesab edir ki, rüşvətxorluqla mübarizə davam edəcək:«Bununla bağı şikayətlər var. Ona görə də bu addımlar davam edəcək».

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.