Azərbaycanın şimal bölgəsində fəaliyyət göstərən skaut dəstə üzvləri əhalinin ekoloji maarifləndirilməsində fəal iştirak edəcəklər.
Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən reallaşdırılan layihə Quba, Xaçmaz, Şabran və Xızı rayonlarını əhatə edir.
Artıq “Skautlar təbiətin dostudur” layihəsinin işçi qrupunun formalaşdırılması və təbliğat-təşviqat işlərinin aparılması məqsədilə dörd rayonda təqdimat mərasimləri keçirilib.
Tədbir iştirakçılarına Assosiasiyanın fəaliyyəti barədə məlumat verilib, videoçarxlar nümayiş etdirilib.
Layihə çərçivəsində keçiriləcək təlimlərdən sonra hər bir iştirakçı öz rayonunda “Gənc eko-skautlar” qrupu yaradacaq. Bu qruplar da öz növbəsində təkrar emal, təbiəti tanıtmaq, ətraf mühitin mühafizəsi və digər ekoloji mövzularda maarifləndirmə işləri həyata keçirəcəklər.
Təlimlərin mövzularına uyğun praktiki ekoloji–sosial layihənin həyata keçirilməsi də nəzərdə tutulub.