ABŞ prezidenti Donald Trampın ətrafında baş verən siyasi proseslər dünyanın əsas gündəm mövzusudur. Çünki bu proses uğurla nəticələnərsə, Ağ Ev sahibinin adı ABŞ tarixinə “qara hərflər”lə yazıla bilər.
Məsələ ondadır ki, ABŞ Konqresində prezident D.Trampa qarşı impiçment təsdiqlənib. Belə ki, sentyabrın 24-də Nümayəndələr Palatası D.Trampa qarşı impiçment prosesinin başladıldığını rəsmən elan edib.
İmpiçment prosesinin başladılmasının səbəbi demokratların Ağ Ev sahibi barədə ittihamları əsas götürülüb. Həmin ittihamlarda prezident D.Trampın 2020-ci ildə onun ikinci müddətə dövlət başçısı postuna seçilməsinə kömək etməsini təşviq etmək üçün iyul ayında olan telefon danışığında Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq etdiyi iddia olunur.
Göründüyü kimi, kifayət qədər ciddi ittihamdır. Üstəlik, ittiham həm də siyasi məzmun daşıyır. Əgər, təsdiqlənərsə, prezident D.Trampın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ona olduqca baha başa gələ bilər. Ən azından, onun siyasi karyerası sona çatmış olar.
Məsələnin hüquqi müstəviyə keçirilmə ehtimalı isə onun azadlığına da ciddi təhlükə vəd edir. Və bu, hazırda kifayət qədər aktual təhlükədir.
Ancaq prezident D.Trampın indidən bir siyasətçi kimi “basdırılması” hələ çox tezdir. Çünki impiçment prosedurunun demokratların istədiyi kimi uğurla nəticələnməsi üçün ABŞ Senatının Ağ Ev sahibinə qarşı ittihamların həqiqət olduğunu təsdiqləməsi qaçılmazdır.
Yəni Ağ Ev sahibinin özünü müdafiə etmək və ittiham müəlliflərini iftiraçı durumuna salmaq şansları hələlik mövcuddur. Onun buna nail olub-olmayacağı isə hələlik kifayət qədər ciddi suallar doğurur.
Ancaq məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Ağ Ev sahibi impiçment proseduru ilə bağlı son açıqlamalarında özündən arxayın əhval-ruhiyyə nümayiş etdirməyə çalışır. Onun bu cəhdlərinin nə qədər əsaslı olduğu barədə indidən dəqiq nəsə söyləmək çətin olsa da, Ağ Ev sahibi ABŞ Senatında onunla bağlı impiçment məsələsinə dərhal baxılmasını tələb etməklə öz siyasi rəqiblərində müəyyən narahatlıq yaratmağa nail olub.
Ağ Ev sahibi hesab edir ki, impiçment ittihamları saxtadır, onları təsdiqləyəcək hər hansı sübut və ya dəlil mövcud deyil. Üstəlik, onun fikrincə, demokratlar prezident D.Trampı saldıqları “impiçment torbası”nın ağzını büzüb, bağlamaq üçün respublikaçı senatorların heç birisindən səs ala bilməzlər. Belə olacağı təqdirdəsə, prezident D.Tramp “impiçment torbası”ndan dərhal çıxmaqda elə bir çətinlik çəkməyəcək.
Ən maraqlı məqam ondan ibarətdir ki, əgər, Ağ Ev sahibi “impiçment torbası”ndan çıxmağa nail olarsa, onda demokratlar o “torba”nın öz başlarına keçiriləcəyi günə də hazırlaşmaq məcburiyyətində qala bilərlər.
Məsələ ondadır ki, Ağ Ev sahibi impiçment ittihamlarını saxta adlandıqmaqla kifayətlənmir. Əksinə, ABŞ prezidenti bu proseduru onun ssenari müəlliflərinin – demokratların əleyhinə çevirməyin də qayğısına qalmağa çalışır.
Belə ki, D.Tramp ona qarşı başladılmış impiçment prosedurunun “çirkli siyasi hədəflər”inin olduğunu iddia edir. Və bu “çirkli siyasi hədəflər”in onu növbəti prezident seçkilərində iştirak etmək hüququndan məhrum buraxmaq olduğunu vurğulayır.
Təbii ki, bu, respublikaçıların əsas siyasi rəqiblərinə - demokratlara qarşı olduqca ağır ittihamdır. Yəni Ağ Ev sahibi və onun siyasi tərəfdarları iddia edirlər ki, demokratlar növbəti prezident seçkilərində məğlub olacaqlarını əvvəlcədən hesabladıqları üçün əsas rəqibi – prezident D.Trampı saxta və qeyri-hüquqi yollarla “oyundankənar” vəziyyətə salmaq qərarına gəliblər. Bu isə hakimiyyətin ələ keçirilməsi məqsədilə hələ seçkilərə xeyli müddət qalmışdan bu proseslə bağlı “hiylə resursları”nın işə salınması anlamına gəlir.
Maraqlıdır ki, ABŞ vətəndaşları hətta “hiylə resursları”nın tətbiq olunma şübhələrini ciddi qıcıqla qarşılayırlar. Çünki ABŞ seçiciləri belə niyyətə düşənlərin onların siyasi iradələrinə kobud müdaxilə etməyə çalışdıqlarını düşünürlər. Bu isə səsvermə prosesinə ciddi şəkildə təsir göstərən amillərdən biri sayılır.
Bütün bunlar onu göstərir ki, demokratlar növbəti prezident seçkilərinə aylar qalmış olduqca ciddi siyasi riskə getmiş duruma düşüblər. Ən azından ona görə ki, əgər, prezident D.Trampa qarşı impiçment proseduru uğursuz nəticələnərsə, demokratlar seçkilərdə qələbə şanslarını minimuma endirmiş olacaqlar.
Ona görə də ABŞ Konqresində prezident D.Trampı küncə sıxışdırmağa nail olan demokratlar impiçment prosedurunun istiqamətini “dalan”a doğru yönəltməyə üstünlük verirlər. Yəni son proseslər göstərir ki, demokratlar impiçment prosedurunun ABŞ Senatında davam etdirilməsi üçün o qədər də həvəsli davaranmırlar.
Çünki onlar ABŞ Senatında da Konqresdə olduğu kimi uğur qazana biləcəklərinə tam əmin deyillər. Bu baxımdan da bu prosesin qeyri-müəyyən müddətə qədər uzadılmasında daha maraqlıdırlar.
Ancaq “ox artıq yaydan çıxıb”. Və prosesin uzadılmasının demokratlara siyasi cəhətdən çox şey qazandıra biləcəyi də şübhə doğurmağa başlayıb. Yəni bundan sonra demokratlar ya proseduru davam etdirib, prezident D.Trampı Ağ Evdəki oval kabinetindən çıxartmağa nail olmalıdırlar, ya da gələcək siyasi məğlubiyyətlərinə elə indidən hazırlaşaraq, bununla barışmalıdırlar.
Məsələ ondadır ki, demokratların prezident D.Trampın üzərində total hücumu Ağ Ev sahibinin ABŞ vətəndaşları arasında populyarlığını və onun siyasi reytinqini artırmağa başlayıb. Əgər, belə davam edərsə, öz qəribə davranışları və qərarları ilə həm dünyada, həm də öz ölkəsində elə bir ciddi rəğbətə sahib olmayan, əksinə, hamını az qala bezdirmiş Ağ Ev sahibi növbəti prezident seçkilərinin əsas favoritinə çevrilə bilər. Bu isə demokratların atdıqları addımlarla öz əsas rəqiblərinə əvəzolunmaz “xidmət” göstərmələri anlamına gəlir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert