İSLAM ÖLKƏLƏRİNDƏ YENİ DÜNYƏVİLİK MEYLİ:Müsəlman dünyasında xalq din adından törədilən çirkin işlərdən məyusdur

24-12-2019, 16:14   

Mustafa Akyol

“The New York Times”, 23.12.2019

 

On illərdir ki, İslamı araşdıran sosioloqlar dünyanın ikinci ən böyük dininin, ən böyük din olan xristianlıq kimi, dünyəviləşmə (sekulyarizm) yolunu keçib-keçməyəcəyini müzakirə edirlər. İslam dini də ictimai həyat üzərində hegemonluğunu itirəcək və müsəlman cəmiyyətlərində hakim səs deyil, müxtəlif səslər arasında sadəcə biri olacaqmı?

Bir çox qərbli İslamın dünyəviləşmək üçün çox sərt və mütləqçi olması rəyinə istinadla, bu suala mənfi cavab verib. Bir çox müsəlman da mənfi cavab verib, amma qürurla bunu da əlavə ediblər: “Həqiqi imanımız Qərbin yanlış dinsizlik yolunun ağına düşməyəcək”.

İslamın çox siyasiləşmiş təfsiri olan islamçılığın yüksəlişi 1970-ci illərdən bəri eyni fikri təsdiqləyir: “İslam dünyəviliyə qarşı davamlıdır”.

2016-cı ildə nəşr olunan “İslam müstəsnalığı” kitabında din və siyasət üzrə tanınmış mütəfəkkir Şadi Həmid də bunu iddia edib.

Amma bəşər tarixində heç nə sabit deyil. İndi böyüyən müsəlman dünyasında yeni dünyəvi dalğanın təşəkkül əlamətləri görünür. Bu əlamətlərdən bəziləri Stanford Universitetində qurulmuş araşdırma şəbəkəsi olan “Ərəb Barometri”ində qeydə alınıb.

Şəbəkə müəyyən edib ki, son 5 ildə 6 əsas ərəb ölkəsində islamçı partiyalara, dini liderlərə etimad azalıb, habelə məscidə getməyənlərin sayı artıb.

Düzdür, trend böyük deyil. Özlərini “qeyri-dindar” kimi qələmə verən ərəblər 2013-cü ildə keçirilən sorğuda respondentlərin cəmi 8 faizini təşkil edib, amma 2018-ci ildə onların sayı 13 faizə yüksəlib. Buna görə də, Misir-İngiltərə alimi Hişam A. Helyer kimi bölgədəki bəzi mütəxəssislər rəylərdə ehtiyatlı olmağı məsləhət görürlər.

Livan əsilli Yaxın Şərq təhlilçisi Karl Şarro kimi digər ekspertlər də, həqiqətən, nəyin isə baş verdiyini düşünürlər. “Bu, müəyyən dərəcədə doğrudur və Körfəz də daxil olmaqla, bir çox yerlərdə bunu hiss edə bilərsiniz. Bu, uzun sürəcək prosesin başlanğıcıdır”.

Səbəb nədir?

Şarro deyir: “Bu, əsasən, islamçı siyasət və İslam oyanışının bəzi ictimai və siyasi təzahürləridir”. Onun sözlərinə görə, bu təzahürlərə Misirdəki “Müsəlman Qardaşlar”dan məyusluq, İŞİD şoku, İraq və Livandakı məzhəbçi partiyalardan usanma, Sudandakı İslamçı rejimə qəzəb daxildir.

Ərəb Dünyasından çıxıb yaxınlıqdakı iki mühüm dövlətə – İrana və Türkiyəyə nəzər yetirdikdə, bu trendi daha böyük miqyasda görə bilərsiniz.

İranda İslam Respublikası artıq 40 ildir hökmranlıq edir, ancaq cəmiyyəti yenidən islamlaşdırmaq səyi uğursuz olub.

Yaxın Şərq alimi Nadir Haşimi deyir: “Əslində, bunun əksi baş verib. Bu gün iranlıların çoxu ruhanilərin rəhbərlik etdiyi dini dövlət deyil, demokratik, azad və dünyəvi respublikada yaşamağa can atırlar”.

Həqiqətən, ruhanilərə kifayət qədər etimad vardı, amma indi küçələrdə onlar etirazla qarşılanırlar.

Türkiyədə, ölkəmdə son 20 ildə daha mötədil, lakin bənzər bir təcrübə reallaşıb. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin əvvəllər marginallaşmış islamçılar yeni hakim elitaya çevrilib. Bu onlara imanlarını daha görünən və inandırıcı hala gətirməyə imkan verib. Eyni zamanda, bu doyumsuz hakimiyyət şəhvəti üçün əncir yarpağıdır.

Beləliklə, Türkiyə əsilli sosioloq Mücahit Bilicinin də dediyi kimi, “bu gün Türkiyədəki islamçılıq ictimai düşüncədə korrupsiya və ədalətsizliklə əlaqələndirilir”. Bir çox türk islamçılığa əvvəlkindən daha çox nifrət edir.

Məyusluq çox vaxt yalnız siyasi vasitə olan islamçılıqla əlaqədardır, ancaq İslama, dinin özünə də çevrilə bilər. Hazırda bu, Türkiyədə gənclər arasındakı dəbli sosial cərəyanda özünü göstərir: “deizm”in yüksəlməsi, ya da başqa adla, Allaha inam, ancaq dinə deyil.

Ərdoğan tərəfdarı olan islamçılar “İslam üçün bu böyük təhlükə”dən narahatdırlar, lakin tragikomik olaraq onu öz məhsulları deyil, Qərbin yeni sui-qəsdi kimi qəbul edirlər.

Bu dünyəvi dalğa nə qədər uzağa gedə bilər?

Dini təbirlə, Allah bilir. Buna baxmayaraq, qeyd etmək lazımdır ki, bu dalğa, təxminən bir əsr əvvəl, Türkiyədə Atatürk və ya İranda Rza şah kimi avtoritar qərbçilərin dövründə müsəlman dünyasına tətbiq olunan dünyəvilik növündən fərqlənir. Onların tətbiq etdiyi dövlətlə bağlı və aşağıya yönələn inqilab idi. Bu dəfə isə cəmiyyətdən, din adı ilə tətbiq edilən bütün çirkin işlərdən doymuş insanlardan gələn, aşağıdan yuxarıya doğru uzanan trenddən danışırıq.

Buna görə də, o, avropalıların dini müharibələrin və təqiblərin dəhşətlərini görərək, siyasi dünyəvilik ideyasını inkişaf etdirdiyi, eyni zamanda, zəka, düşüncə azadlığı, bərabərlik və dözümlülük tərəfdarı olan Maarifçiliyinin başlanğıcını xatırladır.

Əlbəttə, bu gözəl ideallar İslamla da uyuşa bilər, çünki “İslam modernistləri” XIX əsrin sonlarından bəri həmin mövzuda mübahisə edirlər. Üstəlik, Ərəb Dünyasının nadir parlaq nöqtəsi olan Tunis, bu mötədil yolda ümidin mövcudluğunu göstərir.

Ancaq islamçılar və mühafizəkarlar köhnə yolla getməyə davam etsələr, Maarifçiliyin, Fransadakı kimi, hegemon Katolik Kilsəsinə qarşı yönəlmiş antiklerik və qətiliklə antidinçi radikal versiyası ilə qarşılaşa bilərlər.

Buna görə də, islamçılar və mühafizəkarlar doğrudan da İslamın gələcəyi ilə maraqlanırsa, bu ada qoyduqları bütün çirkin şeylərə – vətəndaş müharibələri, avtoritar idarəetmə və nifrət dolu təlimlərə son qoymaq barədə düşünməyə başlamalıdırlar.

Axı İslamın təməlində insanı ruhlandıran bir çox xüsusiyyət var: şəfqət, təvazökarlıq, dürüstlük və xeyirxahlıq. Lakin onlar hakimiyyət və fanatizmin diktəsi üçün çox uzun müddət kölgədə saxlanılıb.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.