İCRA BAŞÇISI DAHA “RAYONUN ALLAHI” SAYILMAYACAQ! - “Toxunulmazlar kastası”nı nə gözləyir?

25-12-2019, 13:40   

Kino incilərimizdən olan “Qanun naminə” (Mehman) filmində məşhur bir ifadə var – “Sən bilirsən prokuror kimdir? Rayonun Allahı!”...

Artıq uzun illərdir prokurorlar yox, əlindəki rəsmi və qeyri-rəsmi səlahiyyətlərdən, rıçaqlardan istifadə edən bir çox icra başçısı var ki, doğrudan da təyin olunduğu vəzifədə özünü “rayonun Allahına” çevirib. Belələrinin “iş metodlarını” isə təkcə yerli əhali deyil, onlara nəzarət etməli olan qurumlar da yaxşı görürdülər. Lakin son hadisələrə, struktur islahatlarına qədər hansısa icra başçısının birbaşa vəzifə başında həbs və ifşa edilməsinə rast gəlinməmişdi...

Ümumiyyətlə, hakimiyyət ierarxiyasında bir “toxunulmazlar kastası” yaranmışdı və bu “kastada” icra başçıları özünəməxsus yerə malik idilər. Lakin yerlərdəki bəzən hətta əhalinin kütləvi narazılıqlarına, ciddi qarşıdurmalara səbəb olan hadisələrdə əsas qıcıq və qəzab mənbəyi, eləcə də etirazların hədəfləri məhz həmin rayonların icra başçıları olub. Bunu Quba, İsmayıllı və digər rayonlarda baş verən bir neçə aksiyalara aid etmək olar. Doğrudur, belə aksiyaların sayı çox olmayıb və ölkə rəhbərliyi zamanında müdaxilə edərək, problemin mənbəyinə yönələn addımlar atmaqla, vəziyyəti stabilləşdirib. Bir çox vəzifəli şəxslər cəzalandırılsa da, başçıların həbsi praktikası olmayıb. Lakin belə başçıların idarəetmə fəlsəfəsi, daşıdığı mənəvi keyfiyyətlər və s. istər əhali, istərsə də siyasi hakimiyyət üçün problem və təhlükə mənbəyi olaraq qalırdı və təəssüf ki, bəzi rayonlarda hələ indi də qalmaqdadır. Deməli, böyük ehtimalla kasıb əhalinin maaş kartına göz dikən icra başçısı da təkcə Nizaməddin Quliyev deyil...

Son həbslər ölkə rəhbərliyinin artıq bütün əndazələri aşan belə korrupsiya hallarına göz yummayacağından xəbər verir. Lakin bu həbslərin və ölkə başçısı tərəfindən verilən bəyanatların zamanlaması da diqqət cəlb edir. Belə ki, bu hadisələr “köhnə qvardiyanın” yola salınmasından çox qısa müddət sonra, struktur və kadr islahatları olaraq başladılan proseslərlə paralel həyata keçirilir. Bu da təsadüfi sayıla bilməz. Çünki böyük ehtimalla indiyə qədər parlamentə hakimiyyətdəki ayrı-ayrı qruplaşmaların təmsilçiləri olaraq tanınan şəxslər düşdüyü kimi, icra hakimiyyətlərində də belələri var. Lakin onların namizədliyini irəli sürüb, təsdiq olunmasına çalışan və bəzən də buna nail olanların hakimiyyətin üst eşalonlarından uzaqlaşdırılması həmin başçıların “qoruyucu jiletdən” məhrum olması ilə nəticələnib.

İcra başçılarını “rayonun Allahı” edən ən başlıca məqamlardan biri isə bu struktura nəzarət etmək, onlardan hesabat tələb etmək, onları yoxlamaq və gərəkərsə qanunda nəzərdə tutulan formada məsuliyyətə cəlb etmək səlahiyyəti olan qurumların fəaliyyəti, yaxud fəaliyyətsizliyidir. Axı icra hakimiyyətlərini mütəmadi olaraq müxtəlif qurumlar yoxlaya bilir və yoxlayır da.

Azərbaycanda hamı bilir ki, icra hakimiyyətlərinin bir çoxunun keçirdikləri tenderlərin qalibləri icra başçıları ilə hansı qaydada “pay bölgüsü” aparırlar və ümumiyyətlə, bu tenderlər hansı “rəqabət mühitində” keçirilir. İnhisarçılıqla mübarizə aparmalı olan İqtisadiyyat Nazirliyinin bütün bunlardan xəbəri olmayıbmı? Hesablama Palatası da həmçinin - uzağı ortaya bir neçə “dişsiz” rəqəm qoymaqla, öz işini bitmiş hesab edib və məsələ qısa müddət sonra “bağlanıb”.

Bununla yanaşı, hüquq-mühafizə, prokurorluq orqanlarına, məhkəmələrə icra başçılarının və bu strukturda çalışan digər iri məmurların neqativ fəaliyyətilə bağlı materiallar, iddialar daxil olur. Hanı nəticəsi? Cəsarətləri çatıbmı tədbir görməyə? Xeyr, əksinə, çalışırlar ki, başçılarla konfliktə girməsinlər və mehriban, “qarşılıqlı anlaşma” şəraitində işləsinlər.

Nəhayət, bu ölkənin uzun illərdir əhalinin göndərdiyi qalaq-qalaq şikayət məktublarını elə həmin şikayət olunan icra başçılarına yönləndirən Prezident Administrasiyası var. İcra başçıları uzun illərdir əsas etibarilə həmin qurumdan başqa heç kimi tanımaq istəməyiblər. Digər səlahiyyətli qurumlar isə öz işinin öhdəsindən gəlməyə nə cəsarət, nə də həvəs göstəriblər. Əgər həmin oqranlar vaxtında öz işlərinin öhdəsindən gəlsəydilər, bu gün kifayət qədər böyük bir rayona Nizaməddin Quliyev kimi bu cür keyfiyyətlərə malik birisi başçılıq etməzdi, onun ifşası və həbsi isə, məsələn, prokurorluq yox, məhz DTX tərəfindən həyata keçirilməzdi...

Hazırda görünən reallıq budur ki, artıq əsas etibarilə toxunulmaz sayılan kasta tam sıradan çıxarılmaq üzrədir və ölkə rəhbərliyi tərəfindən ortaya yerlərdəki korrupsiyayla bağlı qəti iradə qoyulub. Ancaq hələ də nə baş verdiyini anlamayan, tamahı, nəfsi hər şeyə güc gələnlər var. Ümid edək ki, belələri bundan sonra rusların məşhur “Jadnost frayera qubit” (xəsislik frayeri məhv edir-red.) ifadəsini qulaqlarına sırğa edəcək, ölkə başçısının dediyi kimi, özlərini bədbəxt etməyəcəklər...

Cəlal MƏMMƏDOV 

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.