SSRİ-nin 70 illik mövcudluğu dövründə sovet rejimi ilə barışmayanların, etiraz səsini ucaldanların sayı az olmayıb. Xüsusilə Nikita Xruşovun hakimiyyəti illərində etirazlar daha geniş vüsət alıb, narazı kütlələr aksiyalar, tətillər, nümayişlərlə hakimiyyətə öz sözlərini, tələblərini çatdırıblar. Elə Brejnevin dövründə də, Qorbaçovun yenidənqurma illərində də etirazlar səngiməyib. Və hakimiyyət bütün cəhdlərdən istifadə edərək bu cür hadisələri ictimaiyyətdən, mətbuatdan gizlətməyə çalışıb.
Bütün bunlar deməyə əsas verir ki, ideallığı mifə çevrilən sovet cəmiyyəti heç də təqdim olunduğu, göründüyü kimi olmayıb. Siyasi elitanın rahat auditoriyasından fərqli olaraq, sıravi vətəndaşların həyatında yetərincə problemlər yaşanıb.
Müxtəlif illərdə və fərqli məkanlarda baş verən etiraz aksiyaları konkret bir hadisənin üzərindən başlasa da, əslində səbəb eyni olub, hakimiyyətdən narazılıq...
1990-cu ilin avqust ayında Çelyabinskdə üç gün davam edən aksiyalarda da bunun şahidi oluruq.
Həmin ərəfədə Mixail Qorbaçovun antialkoqol kampaniyasına uyğun olaraq vaxt baxımından spirtli işkilərin satışına məhdudiyyətlər qoyulub. Belə ki, qasronomlara alkoqollu içkilərin satışına saat 14-dən 19-a kimi icazə verilib.
Avqustun 22-də Çelyabinskdə qeyri-müəyyən səbəbdən alkoqollu içkilərin satış rejimi pozulub. “Teorema” qastronomunda növbəyə duran müştərilər saat 16-ya qədər gözləməli olublar. Nəhayət, satış başlananda növbədə olanlar anlayıblar ki, saat 19-a qədər növbə bitməyəcək və hamı istədiyini ala bilməyəcək. Elə düşündükləri kimi də olub. Saat 19-da satış dayanıb və növbədəkilərin yarısı əliboş qalıb.
Təxminən yüz nəfərə yaxın adam qastronomun qarşısında özlərinə “mitinq meydanı” yaradıblar. Axşam saatlarında etirazçılara 500-dən artıq adam qoşulub. Qeyd edək ki, həmin adamlar heç də qastronomda növbədə olanlar, yaxud sprtli içki almaq istəyənlər olmayıb. Milis işçiləri etirazçıları dağıtmağa cəhd etsə də, çoxsaylı kütləyə təsir edə bilməyiblər.
Etirazçılar əhatə dairələrini genişləndirmək üçün şəhər mərkəzinə doğru irəliləməyə qərar veriblər. Kirov prospekti ilə partiya komitəsinə tərəf üz tutan kütləyə yüzlərlə insan qoşulub. Milisin növbəti müdaxiləsi də nəticəsiz qalıb. Partiya komitəsinin inzibati binasının qarşısında hökumət əleyhinə şüarlar səsləndirildikdən sonra nümayiş iştirakçılarının bir neçəsi binaya daxil olmaq istəyib. Qapılar bağlı olduğundan onlar içəri keçə bilməyiblər. Qapıların üzə bağlanması etirazçıların qıcığına səbəb olub və onlar binanın şüşələrini sındırıblar.
Vəziyyətin nəzarətdən şıxdığını görən şəhər rəhbərliyi növbəti dəfə yerli milis orqanlarının bütün əməkdaşlarını hadisə yerinə cəlb ediblər. 48 nəfər həbs olunsa da, aksiyanı dağıtmaq mümkün olmayıb.
Hadisə ilə bağlı Moskvaya məlumat verilib. Kreml hələ ki, silah tətbiq edilməsini məqbul saymayıb.
Hadisələrdən sonra Çelyabinsk daxili işlər idarəsinin rəisi Valeri Pustovoy jurnalistlərə belə açıqlama verib:
“Mən həmin vaxt məzuniyyətdə idim. Yalnız səhərisi günü hadisələrlə bağlı mənə məlumat verildi. Şəhərdən xeyli aralıda idim. Təcili qayıtdım. Sözsüz ki, biz güc tətbiq edərək aksiyanı qısa müddət ərzində dağıda bilərdik. Ancaq bu variantı tətbiq etmədik. Çünki aksiyalarda gənclər və qadınlar da iştirak edirdilər. Onların qastronomda yaranmış problemlə heç bir əlaqələri yox idi, sadəcə onlar da narazı qaldıqları sosial problemləri bildirmək üçün bu “tədbir”ə qoşulmuşdular. Biz artıq qəsdən qarşıdurma yaratmaq istəyənləri müəyyən etmişdik. İki gün ərzində milislərin peşəkarlığı sayəsində onları aradan götürə bildik. Üçüncü gün isə növbəti dalğa başlandı, bir neçə nömrəsiz maşın hadisə yerinə aksiya iştirakçılarına pulsuz içkilər paylamağa başladılar. Sözsüz ki, içkili vəziyyətdə də insanlar çox vaxt öz hərəkətlərinə cavabdeh ola bilmirlər. İçkilərin aksiya iştirakçılarına paylanmasının da qarşısını aldıq və növbəti həbslər başlandı. Əsas “sima”lar tərəfimizdən saxlanılmışdı. Amma buna baxmayaraq, narazı kütlə hələ də dağılışmaq istəmirdi. Mən tamam başqa bir metoddan istifadə etmək qərarına gəldim. Təxminən 15-20 nəfər könüllünü idarəyə yığdıq, təlimatlandırdıq ki, onlar ayrı-ayrılıqda ayrı-ayrı yerlərdən etirazçıların arasına girsinlər və münasib bir şəraitdə etirazçılar arasında belə bir məlumat yaysınlar ki, yerli “Efir2” əyləncəli kanalında axşam iki film nümayiş olunacaq, biri “boyevik”, digəri isə erotik film. Biz həqiqətən də kanal rəhbəliyindən bunu xahiş etmişdik. Könüllülər öz işlərinin öhdəsindən lazımınca gəldilər. Həmin ərəfədə bu mövzulu filmlərə maraq çox böyük idi. Beləliklə, meydana toplaşanların 60 faizdən çoxu filmə görə meydanı tərk edib getdilər. Yerdə qalanların əksəriyyəti sərxoş vəziyyətdə idilər. Xüsusi təyinatlı milislərin çox sakit şəraitdə onları da meydandan təcrid edə bildik. Bu qeyri-adi əməliyyata görə Moskva tərəfindən mükafatlar da aldıq...”
Çelyabinskdəki “Alkoqol qiyamı” adlandırılan hadisələrdə 4 nəfər, iki nəfər milis əməkdaşı, iki nəfər isə etirazçılardan yüngül bədən xəsarəti alaraq zərər çəkib.
Hadisə ilə bağlı cinayət işi açılıb. Saxlanılardan 67 nəfər istintataqa cəlb olunub. 11 nəfərə 6 aydan 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilib.
O cümlədən “Teorema” qastronomunun rəhbərliyinə də ciddi xəbərdarlıq edilib ki, spitli işkilərin satışı ilə bağlı vaxt rejiminə əməl etsinlər.
İlham Cəmiloğlu, Musavat.com