Əbdüləziz Kilani
“Middle East Eye”, 24.12.2019
Jurnalist Camal Xaşuqcinin İstanbuldakı Səudiyyə konsulluğunda öldürülməsi ilə əlaqədar 5 nəfər edam cəzasına məhkum, 3 nəfər isə həbs edilib.
Bazar ertəsi günü elan edilən hökmdən əvvəl Məhəmməd əl-Utaybi – Xaşuqci öldürüldüyü zaman Səudiyyə Ərəbistanının baş konsulu ABŞ-ın “qara siyahı”sına salınıb. Bu, ABŞ xüsusi xidmət orqanlarına Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın (MBS) Xaşuqcinin öldürülməsində günahkar olub-olmadığını rəsmi şəkildə bildirmək üçün bir aylıq möhlətdən sonra baş verib.
Səudiyyə Ərəbistanı baş prokuroru müavininin sözlərinə görə, MBS-in keçmiş müşaviri Səud əl-Qahtani, Utəybi və kəşfiyyat rəisinin keçmiş müavini Əhməd əl-Assiri sübut olmadığı üçün sərbəst buraxılıblar.
İmic dəyişmə
Səudiyyə Ərəbistanı bu ayın əvvəlində G20-yə sədrlik etməyə başlayıb. Odur ki, qlobal imicini dəyişdirmək üçün Xaşuqci işində müəyyən irəliləyiş əldə etmək istəyə bilər. Bu, Riyadın İran və husilərlə gizli danışıqları və Küveytin Qətər mübahisəsində vasitəçilik səylərini dəstəkləməsi kimi digər məsələlərdə də özünü göstərib.
Xaşuqci işi ilə bağlı bir irəliləyiş əldə etmək üçün də krallığa təzyiq göstərilə bilər, həm də hazıırda dünyanın diqqəti Səudiyyə Ərəbistanının digər mübahisələrinə, o cümlədən Yəmən müharibəsi və ölkə daxilindəki siyasi-ictimai fəalların həbsinə yönəlib.
Məhkəmə ədalətli hesab edilə bilməz. Proses boyu iclasların heç biri açıq deyildi və Ər-Riyad qətllə bağlı hekayətini əvvəldən inandırıcı edə bilməyib.
Vaşinqtondakı “Arab Center”-in tədqiqat və təhlil direktoru İbad Harb deyib: “Bütün proses gizli pərdə ilə örtülüb və edam cəzasına məhkum edilmiş 5 nəfərin və ya həbs cəzasına məhkum edilmiş şəxslərin kim ola biləcəyini anlamaq çətindir”.
Harb əlavə edib: “Əməliyyata cavabdeh olanların sərbəst qalması o deməkdir ki, bəzi yaramaz yüksək rütbəli və sıravi əməliyyatçılar Xaşuqcini öldürmək qərarına gəlib və rəhbərləri ilə bu mövzuda məsləhətləşməyiblər. Hökmdarın iradəsindən asılı padşahlıqda bu, çox qəribə və inanılmaz bir fərziyyədir”.
Xalqı aldatmaq
Sui-qəsd qrupunun qondarma məhkəməsinin necə aparıldığı göstərir ki, bu, bir növ, insanları inandırmaq üçün qurulan dramatik tamaşadan başqa bir şey deyil. Tacdar şahzadə ilə cinayət arasındakı əlaqə zəiflədilib, buna görə də, Qahtani kimi MBS-ə yaxın bəzi vəzifəli şəxslər ittiham olunmayıb.
Amma bu adamlar qətldə iştirak etməyibsə, onda kimlər iştirak edib?
Səudiyyəli bir sıra yüksək vəzifəli şəxslərin yaşıl işığı olmadan kimlərinsə İstanbuldakı konsulluğuna gedib Krallığın de-fakto hökmdarının xəbəri olmadan belə bir qətli icra edə biləcəyi inandırıcı deyil. Axı tacdar şahzadə həm də baş nazirin müavini, Siyasi və Təhlükəsizlik İşləri Şurasının sədri, müdafiə naziri və İqtisadi və İnkişaf Məsələləri Şurasının sədridir.
Harb deyib: “Görünür ki, mövzunu malalama davam edir. Məhəmməd bin Salmanın sui-qəsdi sifariş etmək məsuliyyəti, eləcə də direktivi yerinə yetirən yüksək vəzifəli şəxslərin məsuliyyətini gizlətmək, necə deyərlər, paxlaların yerə dağılmaması üçün… Düşünürəm ki, kral Salman artıq əfv fərmanları hazırlayır, amma onlar bir müddət sonra və ya ictimai yaddaş işi unudana qədər açıqlanmayacaq”.
CIA keçən il MBS-in qətl əmrini verdiyini və BMT-nin xüsusi məruzəçisi iyun ayında MBS-lə birlikdə digər yüksək vəzifəli şəxslərin məsuliyyət daşıdığına dair “etibarlı dəlillər”ə görə qətlin təfərrüatlı araşdırılmalı olduğunu bildirib. Hətta BMT şərtlərin beynəlxalq standartlara cavab vermədiyini söyləyərək məhkəmə prosesinin təxirə salınmasına çağırıb.
Müstəqil çətir
2018-ci ilin noyabr ayında “New York Times” qəzeti xəbər verib ki, Xaşuqcinin öldürülməsindən sonra qətl komandasının bir üzvü telefonla rəhbərinə deyib ki, MBS olduğu güman edilən şəxsə əməliyyatı həyata keçirdiklərini söyləsin. Fevral ayında yenə həmin qəzet MBS-in 2017-ci ildə bir köməkçisinə, krallığa dönməyəcəyi və Səudiyyə hökumətini tənqid etməsi halında Xaşuqcinin “güllələnəcəyini” dediyini yazıb.
Bir sözlə, Xaşuqcinin işi ədalət tələb edir və bunun üçün qətllə bağlı beynəlxalq, müstəqil istintaq aparılmalıdır. Tacdar şahzadənin qorxmaq üçün səbəbi yoxdursa, həmin istintaq qrupunun səltənətə girməsinə icazə verməli və həqiqətin ortaya çıxması üçün, həqiqətən, onunla əməkdaşlıq etməlidir.
Tərcümə: Strateq.az