Yaqodanı ölüm poliqonuna çevrilən bağında güllələyiblər – Yejov isə ucaboy məhbusları şəxsən öldürürmüş

16-01-2020, 14:02   


10 iyul 1934-cü ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə NKVD (SSRİ Xalq Daxili İşlər Komissarlığı) yaradılanda qurumun tabeliyində xüsusi cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları da fəaliyyətə başlayıb. Bir neçə ildən sonra isə NKVD-nin tabeliyində “Kommunarka” və “Butırka” adı ilə məşhur olan güllələnmə poliqonları təşkil edilib.

Eyni funksiyanı daşıyan bu iki poliqonun arasındakı fərq ondan ibarət olub ki, “Butırka” Moskva xalq daxili işlər idarəsinə, “Kommunarka” isə mərkəzi aparatın tabeliyində olub. “Butırka”da sıravilərin, “Kommunarka”da isə partiya və dövlət xadimlərinin, hərbi vəzifəlilərin, xarici vətəndaşların güllələnmə hökmü icra edilib. İosif Stalinin təsdiq etdiyi “ölüm siyahısı”na daxil olanların da cəzası “Kommunarka”da həyata keçirilib.

“Kommunarka” Moskvanın mərkəzindən çox da uzaqda olmayıb. Mərkəzdən bir saatlıq yolda yerləşən bu xüsusi obyekt meşənin dərinliyində yerləşib. 1917-ci ilə qədər burada hansısa bir tacirin malikanəsi olub. Sonralar baxımsızlıqdan malikanə dağılıb. 1927-ci ildə Dövlət Siyasi İdarəsinin (QPU) rəisi (sonralar NKVD-nin başçısı) Henrix Yaqoda dağılmış malikanənin yerində özünə böyük bir bağ evi tikdirib. 1934-cü ildə NKVD yaradılanda və Yaqoda bu quruma rəhbər təyin ediləndə o, bir çox görüşlərini məhz bu bağ evində keçirib.

1937-ci ildə Yaqoda dövlət əleyhinə fəaliyyətdə və vəzifəsindən sui-istifadə edərək cinayət əməlləri törətməkdə ittiham olunaraq həbs edilib. İstintaq bir il davam edib. O, həbs edildikdən sonra NKVD-nin yeni rəhbəri Nikolay Yejov İosif Stalinə rəsmi məktub ünvanlayıb:

“İ. V. Stalinə
Diqqətinizə çatdırırıq ki, tərəfimizdən Henrix Yaqodaya məxsus bağ evinə baxış keçirilib və yaradılmış komissiya belə qərara gəlib ki, bağ evi gələcəkdə NKVD-nin xüsusi obyekti kimi istifadə edilə bilər. Xahiş edirik həmin mülkün NKVD-nin balansına keçirilməsinə və xüsusi obyekt üçün yeni ştat vahidlərinin yaradılmasına icazə verəsiniz...”
Stalin məktuba dərkənar qoyub: “İcra edilsin”.

Ən qısa müddətdə bağ evi öz təyinatını dəyişərək NKVD-nin xüsusi obyekti adı altında güllələnmə poliqonuna çevrilib. Bu ərəfədə Yaqodanın istintaqı hələ davam edib. Nəhayət, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hökmü ilə o, ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Yaqodaya son söz verilində, o, son fikrini bir cümlə ilə ifadə edib:

- Mən gərək vaxtında sizin hamınızı güllələyəydim...

Ölmü hökmünü icra etmək üçün Yaqoda “Kommunarka”ya, öz bağ evinə gətirilib. Hökmün icrasında Nikolay Yejov şəxsən içtirak edib. O, əvvəlcə tabeliyində olan əməkdaşlara Yaqodaya işgəncə verməyi əmr edib. Yaqodanın güllələnmə prosedurunu bir neçə saat qəsdən gecikdiriblər. Əvvəlcə onun gözləri önündə 51 nəfər güllələnib. Nəhayət, sonda sərxoş vəziyyətdə olan Yejovun əmri eşidilib:

- Güllələyin bu əclafı, bu yaramazı cəhənnəmə göndərin...

1938-1940-cı illərdə xüsusi obyektin komendant müavini işləmiş Sergey Kapılov sonralar “Kommunarka”nın dəhşətləri haqqında jurnalistlərə açıqlama verib:

“Təkcə SSRİ-nin yox, bəlkə də bütün dünyanın xəritəsində “Kommunarka” kimi dəhşətli bir yeri təsəvvürümə gətirə bilmirəm. Orada baş verən vəhşilikləri sözlə ifadə etmək mümkün deyil. Maşınlar dolu gəlib boş qayıdırdı. Bəzən güllələnməyə məhkum olunanların sayı o qədər çox olurdu ki, onlar güllələnmək üçün növbəyə düzülürdülər. Hökm, cəzalarını gözləyənlərin gözü qarşısında icra olunurdu. Çoxunun nitqi tutulurdu, bəzilərinin ürəyi partlayırdı, dəli olanlar da olurdu. Xüsusi obyektdin əməkdaşları da “xüsusi” insanlar idi. Əgər onları insan adlandırmaq olarsa. Gün ərzində güllələnmə prosesi bir neçə dəfə icra olunurdu. Aradakı fasilələrdə icraçılar əlcəklərini çıxarıb xüsusi mətbəxə keçirdilər. Salo ilə iki-üç böyük stəkan araq içir, yenidən işlərini davam etdirirdilər. Əməkdaşların bəzilərinə araq təsir etmirdi, onlar su qatılmamış spirti su kimi içirdilər. “Kommunarka” Nikolay Yejov üçün əyləncə yerinə çevrilmişdi. Onun gəlişinə əvvəlcədən hazırlıq işləri görülürdü, süfrə açılırdı. Möhkəm içdikdən sonra o, qollarını çırmayıb tapançasını işə salırdı. Yejov hədəfini özü seçirdi. Güllələnməyə məhkum olunanları sıraya düzürdülər. O, hündürboyluları seçirdi. Yejovun boyu çox qısa olduğundan (1 metr 51 cm) hündürboylu adamlar onda dəhşətli bir allergiya yaradırdı. Hədəfini məhv etdikdən sonra Yejovun simasındakı vəhşi məmnunluq cizgilərini seyr etmək özü bir dəhşətli səhnə idi. Bəli, “Kommunarka” əsl donuz qəssabxanasını xatırladırdı...”
Təkcə 1937-1941-ci illərdə “Kommunarka”da 32 min nəfər güllələnib. Bu təkcə qeydiyyata salınanlardır. Bəzi araşdırmalara görə isə bu rəqəm 49 mini keçir.

“Kommunarka”da xüsusi işgəncə metodlarından istifadə olunub. Ölüm hökmünün icrasına qədər xüsusi obyektdə kişilərin bir-birləri ilə cinsi əlaqəyə məcbur edilməsi, cəzaya məhkum olunanlara sidiyin içirdilməsi, nəcisin yedirdilməsi, qış fəslində onları lüt soyundurub meşədə ağaclara bağlanması, dırnaqların çıxardılaraq yerinə qızdırılmış dəmirin basılması kimi dəhşətli işgəncələr “Kommunarka”da adi hal sayılıb.

1999-cu ildə güllənmə poliqonu Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin balansından çıxarılaraq Rusiya pravoslav kilsəsinin tabeliyinə verilib.

27 oktyabr 2018-ci ildə ərazidə xatirə kompleksi və lövhələr quraşdırılıb.

İlham Cəmiloğlu, Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.